Accessibility links

Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət humanitar yardım göndərib


Azərbaycan elektrik avadanlıqlarından ibarət humanitar yardımın ikinci hissəsini Ukraynaya göndərib.

Azərbaycan Energetika Nazirliyinin məlumatında deyilir ki, Azərbaycan Prezidentinin 2023-cü il 17 iyul tarixli Sərəncamına uyğun olaraq elektrik avadanlıqlarından ibarət humanitar yardımın ikinci hissəsi Ukraynaya yola salınıb.

“Humanitar yükə 900 min metrdən çox elektrik kabelləri və naqilləri, həmçinin 18 ədəd transformator və komplekt transformator məntəqələri daxildir”, məlumatda qeyd edilir.

Azərbaycan Energetika Nazirliyinin tədarük etdiyi yardımı daşıyan 23 TIR-dan ibarət yük avtomobili karvanı noyabrın 21-də Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.

Nazirlik bildirir ki, ölkə başçısının Sərəncamı ilə Ukrayna xalqına humanitar yardım göstərilməsi üçün nəzərdə tutulmuş və ümumi dəyəri 7.6 milyon ABŞ dolları olan elektrik avadanlıqlarının növbəti hissələrinin yaxın müddət ərzində göndərilməsi planlaşdırılır.

Xatırladaq ki, humanitar yardımın birinci hissəsi bu il 30 oktyabrda Ukraynaya göndərilib.

Azərbaycanın Ukraynaya göstərdiyi humanitar, o cümlədən bərpa və yenidənqurma işlərinə dəstək xarakterli yardımların ümumi məbləği artıq 33 milyon ABŞ dollarından çoxdur. Müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş ümumilikdə 154 ukraynalı uşaq Azərbaycanda tibbi və sosial-psixoloji reabilitasiya keçib.

Ukraynanın İrpen şəhərində hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına “Linqvist” humanitar liseyi tam bərpa edilib, habelə həmin şəhərdə ciddi dağıntılara məruz qalmış bir sıra sosial təyinatlı obyektlərin Azərbaycan tərəfindən əsaslı bərpası ilə bağlı hazırda müvafiq işlər aparılmaqdadır.

Forum

XS
SM
MD
LG