Accessibility links

Mamuka Tsereteli: Azərbaycan və Ermənistanın birgə bəyanatı tərəflərin irəliyə doğru atdığı çox müsbət addımdır


Mamuka Tsereteli: Azərbaycan və Ermənistanın birgə bəyanatı tərəflərin irəliyə doğru atdığı çox müsbət addımdır
please wait

No media source currently available

0:00 0:12:39 0:00

Mamuka Tsereteli: Azərbaycan və Ermənistanın birgə bəyanatı tərəflərin irəliyə doğru atdığı çox müsbət addımdır

Mərkəzi Asiya və Qafqaz İnstitutunun baş elmi işçisi Mamuka Tsereteli Amerikanın Səsinə müsahibədə Azərbaycan və Ermənistanın birgə bəyanatı, ABŞ və Avropa İttifaqının sülhə nail olunması istiqamətində səyləri, regionda əsas oyunçuların Cənubi Qafqazda siyasəti haqda danışıb.

Amerikanın Səsi: İlk sualım bununla bağlıdır ki, Azərbaycan və Ermənistan birgə bəyanat açıqlayaraq, iki ölkənin münasibətləri normallaşdırmaq istəyini təsdiqləyib və hərbi qulluqçuların azad edilməsi kimi addımların atıldığını bildiriblər. Sizin buna reaksiyanız necədir?

Mamuka Tsereteli: Bu, şübhəsiz ki, çox müsbət xəbərdir və biz tərəflərdən belə bir razılaşma, bu cür bəyanatın gəlməsinə ümid edirdik və bunu istəyirdik. Amma mən hesab edirəm ki, bəyanatın tonu və orada olan təfərrüatlar açığını desəm, gözləntilərimi üstələdi. Bu, mənim gözlədiyimdən daha yaxşıdır. Demək istədiyim odur ki, razılaşmanın özü bütün səylərin kulminasiya nöqtəsi olacaq və bu, yekun sazişi imzalamaq üçün tərəflərin ən mühüm qərarıdır. Bu razılaşmaya yol açan bir bəyanat varsa, tamamilə yəqindir ki, bu, ən yaxşısıdır. Orada çox maraqlı detallar var. Dediyiniz kimi, söhbət məhbusların, saxlanılan hərbi qulluqçuların azadlığa buraxılmasından gedir. Amma hesab edirəm ki, hər iki ölkənin namizəd olduğu BMT-nin qurumu ilə bağlı daha bir detal maraqlıdır: Ermənistan tədbirə ev sahibliyi etmək təklifini geri götürür və daha sonra Azərbaycanı dəstəkləyir. Demək istədiyim odur ki, bu, bir daha Ermənistan tərəfinin bu sazişin bağlanmasına böyük maraq göstərdiyini və Azərbaycan tərəfinin BMT tərəfindən tanınan sərhədlər daxilində hər bir ölkənin ərazi bütövlüyü və suverenliyini tanıyan bu cür sülh sazişin bağlanmasına böyük maraq göstərdiyini nümayiş etdirən həm də çox müsbət, çox maraqlı əlamətdir. Ona görə də hesab edirəm ki, bu, çox müsbət bəyanatdır, tərəflərin irəliyə doğru atdığı çox müsbət addımdır və mən Ermənistanı və Azərbaycanı ikitərəfli münasibətlərdə bizi bu prosesdə ən mühüm nəticəyə - iki ölkə arasında əhatəli sülh müqaviləsinin imzalanmasına gətirib çıxaracaq bu maraqlı məqama çatmaq qərarına görə təbrik edirəm.

Amerikanın Səsi: Hazırda Birləşmiş Ştatların diqqəti Ukraynada və Yaxın Şərqdə münaqişələrə yönəltdiyi vaxt Cənubi Qafqazın prioritetlər sırasında olacağını gözləmək mümkündürmü? Vaşinqton üçün regionda hansı məsələlərin prioritet olacağı gözlənilir?

Mamuka Tsereteli: Bu, şübhəsiz ki, ABŞ hökumətinin əsas prioriteti deyil və bunun təkcə Ukrayna müharibəsi ilə bağlı olmadığını hesab edirəm. Fikrimcə, son, yəqin ki, on il ərzində Vaşinqton dünyanın bu hissəsinə - yəni Cənubi Qafqaza, bütövlükdə Xəzər regionuna məhdud maraq göstərib.

İlk olaraq, Rusiyanın Krımı ilhaq etməsi və ardınca Ukraynanın şərqinə müdaxiləsi, eləcə də bu regionların faktiki olaraq Ukraynadan ayrılmasına təkan verən fəaliyyətlərindən sonra ABŞ diqqətini Ukraynaya yönəltməyə başladı. 2022-ci il fevralın 24-dən isə əsas diqqət Ukraynaya yönəlib.

Amma eyni zamanda, mənim son aylarda müşahidə etdiyim odur ki, fikrimcə, Amerika siyasətçilərinin üfüqləri bir az genişlənir və Amerika siyasətçiləri arasında belə bir anlayış var ki, əgər regionla bağlı daha böyük mənzərəni görmürsünüzsə və əgər təkcə Ukraynada deyil, həm də keçmiş Sovet İttifaqının digər bölgələrində, o cümlədən Cənubi Qafqazda Rusiyanın neqativ fəaliyyətini görürsünüzsə və ABŞ bu prosesdə daha fəal mövqe tutmursa, o zaman hadisələrin inkişafı daha az idarə olunan ola bilər. Bu, region ölkələrinin maraqlarına, eləcə də dünyanın bu hissəsində ABŞ-ın maraqlarına xidmət etməyəcək daha çox münaqişəli vəziyyətlər və hadisələr yarada bilər.

Beləliklə, sualınıza cavabım belədir: xeyr, bu, ilk prioritet deyil və Cənubi Qafqaz ABŞ hökuməti üçün əsas prioritet deyil. Amma mən son aylarda dəyişikliyə doğru yaranmış tendensiyası görürəm, ümumən Mərkəzi və Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya ilə bağlı geosiyasi məsələlər üzrə Amerika siyasətçilərinin maraqlarının daha da genişləndiyini görürəm.

Mən bu prosesi müşahidə edirəm və bu, məni gələcəklə bağlı daha nikbin edir. Düşünürəm ki, gələn il biz ABŞ hökumətinin və ABŞ siyasətçilərinin Cənubi Qafqaz, Mərkəzi Asiya, Qara dəniz və həmçinin, ümid edirəm ki, Türkiyə ilə bir az daha çox məşğul olacağını görəcəyik.

Amerikanın Səsi: Rusiyanın Azərbaycan və Ermənistan arasında sülh prosesində hazırda rolu nədən ibarətdir? Bir sıra müşahidəçilər Rusiyanın əsas diqqətini Ukraynaya yönəltdiyi bir şəratidə regionda təsirini tədricən itirdiyini bildirirlər. Bununla belə, Rusiyanın hələ də regionda təsir imkanları qalmaqdadır. Moskvanın Cənubi Qafqazla bağlı planları nədən ibarətdir?

Mamuka Tsereteli: Sizə deyə bilərəm ki, təxminən 15-16 ay ərzində Rusiya ilk növbədə Ukraynada müharibə və orada səylərlə məşğul olub. Şübhəsiz ki, Rusiya siyasətçiləri və hərbçilərin diqqəti buna yönəlmişdi. Lakin son bir neçə ayda və son həftələrdə mən əhval-ruhiyyədə bir az dəyişiklik müşahidə edirəm. Əgər siz Rusiya xarici işlər naziri və ya digər rəsmilərin bəyanatlarında Gürcüstan və Gürcüstanın işğal olunmuş əraziləri və cənubda və Abxaziyanın Tsinkvali bölgəsində münaqişə zonaları ilə bağlı, eləcə də keçmiş Sovet İttifaqının digər bölgələri ilə bağlı bəyanatlarını izləyirsinizsə. onların özünə bir az daha inamlı olduğunu görə bilərsiniz. Yəqin ki, onlar Ukraynada hadisələrə daha nikbin mövqedən baxırlar. Onlar həmçinin Cənubi Qafqazda maraq dairələrinin ən azından gələcəkdə müdaxiləni asanlaşdıran vəziyyətdə qalmasını istəyirlər. Mən müdaxilə deyəndə mütləq hərbi deyil, bunun daha çox siyasi tərəfini nəzərdə tuturam. Rusiya Cənubi Qafqazla maraqlanmaqda davam edir. Rusiya Cənubi Qafqazın cənub qonşuları - Türkiyə, İran, eləcə də Mərkəzi Asiya və hətta Çinə münasibətdə geosiyasi maraqları baxımından əhəmiyyətinin fərqindədir.

Beləliklə, onların resursları müharibənin ilk ili və ilk 18 ayında daha məhdud idi. Amma indi düşünürəm ki, onlar Cənubi Qafqaza baxaraq daha fəal addımlar atırlar. Beləliklə, düşünürəm ki, Cənubi Qafqazla – yəni, mən Azərbaycan və Ermənistan, eləcə də Gürcüstanı nəzərdə tuturam, məşğul olan bütün aktyorlar - Türkiyə, ABŞ və Avropa İttifaqı da daxil olmaqla, bu regionda maraqlı olan xarici oyunçular Rusiyanın Ukraynada vəziyyətin inkişafından asılı olaraq fəallaşa biləcəyini nəzərə almalıdırlar.

Əgər Ukraynada hərbi əməliyyatlar dondurulsa və aktiv faza olmasa, onlar Cənubi Qafqaza daha çox vaxt, daha çox resurs və diqqət ayıracaqlar ki, bu da, fikrimcə, Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunmasına heç də kömək etməyəcək. Əgər siz Moskvada oturan rusiyalı strateqsinizsə, bütövlükdə Rusiya hökumətinin qonşularına münasibəti baxımından, dünyanın geosiyasi mənzərəsi, Mərkəzi Asiya və bütövlükdə Avrasiyanın ümumi mənzərisini anlaması baxımından bu sülhün bağlanması onların maraqlarına uyğun deyil. Ermənistanla Azərbaycan arasında sülh Rusiyanın Cənubi Qafqazda təsirinin azalması deməkdir.

Amerikanın Səsi: Regionun digər ölkələri – Türkiyə, İran və Gürcüstan Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının intensivləşdirilməsi istiqamətində hansı səyləri göstərə bilərlər?

Mamuka Tsereteli: Düşünürəm ki, bu üç ölkənin fərqli maraqları var. Hesab edirəm ki, Türkiyə və Gürcüstanın maraqları daha çox şəkildə üst-üstə düşür və hər iki ölkə bu sülh sazişinin əldə olunmasında çox maraqlıdır. Azərbaycan və Ermənistan arasında sülh regionda iqtisadiyyatın, tranzitin və əlaqələrin daha böyük inkişafı və münaqişə səbəbindən regionun 30 il müddətində istifadə olunmayan ticarət və iqtisadi potensialından tam şəkildə istifadə ediləcəyi deməkdir və Ermənistan ondan faydalanacaq. Bu prosesdən təkcə Azərbaycan və Ermənistan deyil, təbii ki, Gürcüstan və Türkiyə də faydalanacaq. Demək istəyirəm ki, Azərbaycan, Ermənistan və Gürcüstanın ticarət əlaqələri yaratması, bir-biri ilə yaxşı və sıx iqtisadi əlaqələrə malik olması və Türkiyə iqtisadiyyatına sıx bağlı olan bu iqtisadi tərəfdaşlıq sistemini yaratması təbiidir. Azərbaycan, Gürcüstan və Türkiyə arasında enerji baxımından artıq bu bağlantı var. Bilirsiniz ki, çoxlu enerji layihələri var. Ticarət inkişaf edir, hər iki tərəfdən ixrac və idxal var. Beləliklə, Ermənistan bu prosesdən kənarda qalır və bu razılaşma Ermənistanın bu prosesdən faydalanmasına mütləq kömək edəcək.

İranın bir qədər fərqli baxışı var. İran bunda maraqlı deyil. Fikrimcə, İranın nöqteyi-nəzərindən sazişin tez zamanda bağlanması Azərbaycan-Türkiyə əlaqələrini gücləndirə və bəlkə də İranın Ermənistana təsirini zəiflədə bilər. Hesab edirəm ki, uzunmüddətli perspektivdə Cənubi Qafqazda sülh və sabitlik Cənubi Qafqazın hər bir qonşusu üçün arzuolunan olmalıdır. Və hər bir qonşu ölkə bunda maraqlı olmalıdır. Düşünürəm ki, İran sabitliyin olmasında maraqlıdır, lakin İran öz şərtləri altında bu sabitlikdə maraqlıdır. Bu da İranın imkan daxilində Ermənistan və Azərbaycan üzərində müəyyən təsir rıçaqlarını saxlaması deməkdir.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Forum

XS
SM
MD
LG