Accessibility links

İsa Qəmbər: Yaxın Şərqdə müharibənin genişlənmə ehtimalı istisna deyil


Isa Qəmbər-Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri
Isa Qəmbər-Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Amerikanın Səsinə müsahibəsində İsrail-HƏMAS münaqişəsinin geopolitik duruma təsirləri və Azərbaycanın xarici siyasət kursundan danışıb.

Amerikanın Səsi: İsrail-HƏMAS münaqişəsinin geopolitik duruma təsirləri hansı yeni situasiyalar yarada bilər? Regional təsir baxımından dünya güclərinin mövqelərində yeni fiziki qarşıdurmalar mümkündürmü?

İsa Qəmbər: HƏMAS-ın bu ilin 7 oktyabrında İsrail ərazisində həyata keçirdiyi terrorist əməliyyatı vəziyyətə köklü surətdə təsir etdi. Təbii ki, bu insanlığa qarşı bir cinayətdir. Bu cinayəti təsadüfi bir hadisə hesab etmirəm. Hesab edirəm ki, bu həm İranın, həm də Rusiyanın törətdiyi bir cinayətdir. Etiraf etmək lazımdır ki, onlar məqsədlərinə əsasən nail olublar. Bölgədə və dünyada geopolitik vəziyyətə kifayət qədər ciddi təsir oldu. Əvvəla, Fələstin probleminin həlli çətinləşdi. Orada sülhün, barışın dayanıqlı bir şəkildə əldə olunması imkanları xeyli dərəcədə məhdudlaşdı. Eyni zamanda, İsrailin son illər bölgə dövlətləri ilə münasibətlərini normallaşdırmaq siyasəti zərbə aldı və xeyli çətinləşdi. Məsələn, İsrail ilə Səudiyyə Ərəbistanı arasında proses gedirdi, İsrail ilə Türkiyənin yaxınlaşması prosesi gedirdi və bir sıra başqa proseslər, bunlar zədələndi. Üstəlik dünya birliyinin diqqəti Rusiyanın Ukraynaya qarşı apardığı cinayətkar savaşdan müəyyən dərəcədə uzaqlaşdı. Diqqət daha çox bütün baxımlardan, həm siyasi, həm hərbi, həm digər, informasiya və s. baxımdan, İsrail-HƏMAS konfliktinə cəlb olundu. Kifayət qədər də təhlükəli bir vəziyyət yarandı. Prinsip etibarı ilə bu müharibənin genişlənmə ehtimalı kifayət qədər böyükdür. Əslinə qalsa dünyada partlayışa yaxın bir vəziyyət yaranıb. Bəzi ekspertlər vaxtaşırı deyirlər ki, artıq üçüncü dünya müharibəsi başlayıb. Məncə, hələ başlamayıb, ancaq əgər Rusiya-Ukrayna savaşına, İsrail-Həmas savaşına digər bölgə ölkələri də qarışsalar, bunun artıq üçüncü dünya müharibəsi kimi qiymətləndirilməsi mümkün olacaq. Məncə, bu prosesdə iştirak edən bütün dövlətlər təhlükəni başa düşür və Qərb kifayət qədər bu konfliktin böyüməsinin qarşısının alınmasına, lokallaşmasına çalışır. İran da çəkinir, başa düşür ki, bu məsələlərə özünün əlaltıları vasitəsi ilə deyil, birabaşa özü qarışsa ciddi zərbə ala bilər. Ona görə İran da ehtiyatlı davranır. Amma Rusiya baxımından mən əmin deyiləm. Çünki Rusiya artıq dünyanı tam bir-birinə qarışdırmaq xəttini seçib və konfliktin böyüməsində maraqlı görünür. Hər halda ümid edək ki, bu konfliktdə bilavasitə və müttəfiq kimi iştirak edən tərəflər məsuliyyətli davranacaqlar, məsələ böyüməyəcək və qloballaşmayacaq.

İsa Qəmbər: Yaxın Şərqdə müharibənin genişlənmə ehtimalı istisna deyil
please wait

No media source currently available

0:00 0:11:10 0:00

Amerikanın Səsi: İsrail-HƏMAS münaqişəsi ətrafında ABŞ, Avropa İttifaqı, Rusiya, İran və Türkiyənin mövqelərində hansı fərqlər var? Bu fərqlər baxımından münaqişənin BMT Təhülkəsizlik Şurasının qətnaməsinə uyğun olaraq iki dövlət prinsipi ilə nizamlanması mümkün görünürmü?

İsa Qəmbər: Rusiya və İranı mən xüsusi qeyd etdim. Hesab edirəm ki, konfliktin ümumiyyətlə yenidən alovlanmasında onların bilavasitə məsuliyyəti var. Onlar bilavasitə buna çalışıblar, cəhd ediblər. Digər adı çəkilən qüvvə mərkəzləri ilə bağlı isə, ABŞ-ın mövqeyi kifayət qədər aydındır. Onlar İsrailin özünümüdafiə hüququ olduğu ideyası üzərində dayanırlar. Eyni zamanda, konfliktin böyüməməsi və mümkün qədər az itki ilə və mümkün qədər tez yekunlaşmasına daha çox maraq göstərirlər. Avropa İttifaqının da mövqeyi rəsmən bu mövqeyə yaxındır. Amma Avropa İttifaqı hələ tam vahid bir mərkəz deyil. Orada müxtəlif yanaşmalar var, müxtəlif maraqlar var. O da zaman-zaman özünü göstərir. Türkiyəyə gəldikdə, Türkiyə konfliktin ilk mərhələsində kifayət qədər təmkinli mövqe sərgilədi. Amma təəssüf ki, nə ABŞ başda olmaqla Qərb dünyası, nə də ərəb ölkələri Türkiyənin potensialından istifadə etməyə maraq göstərmədilər. Türkiyənin bölgədə sülhə, əminamanlığa töhfə verəcək bir qüvvə kimi prosesdə iştirakına maraq göstərmədilər. Sonrakı mərhələdə Türkiyənin mövqeyi sərtləşdi, daha birmənalı şəkildə mövqe bildirməyə başladı. Bu da anlaşılandır. Çünki faktiki olaraq müharibə Türkiyənin qonşuluğunda gedir. Müharibə Türkiyənin önəmli bir rol oynadığı regionda gedir. Sualınızın cavabını ümumləşdirməyə çalışsaq, bu konflikt sülhün əldə edilməsini çətinləşdirdi və BMT-nin məlum qərarlarına uyğun şəkildə addımlar atılmasını çətinləşdirdi. Mən o fikirdə qalmaqda davam edirəm ki, konfliktin həlli BMT qərarlarına əsasən iki müstəqi dövlət yaranması və onların bir-birinin varlığını qəbul etməsi şərti ilə mümkündür - İsrail dövləti və Fələstin dövləti. Bu mürəkkəb vəziyyətdə iki dövlət konsepsiyası düzgün konsepsiyadır. İndi onun əldə olunması daha da uzaqlaşıb. Ancaq bu konfliktin davamlı sülhlə bitməsinə başqa heç bir qərar imkan verməyəcək. Təbii, İsrail öz gücü, müttəfiqlərinin dəstəyi ilə HƏMAS-a, hətta digər rəqiblərə və düşmənlərinə də qalib gələ bilər. Ancaq Fələstin dövlətinin BMT qərarına uyğun şəkildə formalaşması, mövcud olması baş verməyənə qədər konflikt davam edəcək. HƏMAS sıradan çıxarılacaq (hələ bəlli deyil hansı həddə qədər), başqa bir qüvvə ortaya çıxacaq. Başqa bir qüvvə Fələstinin müstəqil dövlət qurma iddiasının, haqqının təmsilçisi olaraq prosesdə iştirak edəcək. Yenə də hansısa mərhələdə, beş ildən, on ildən, iyirmi ildən sonra yeni bir alovlanma ehtimalını heç bir şəkildə istisna etmək olmaz.

Amerikanın Səsi: Yaxın Şərqdəki münaqişələrin Cənubi Qafqaz regionuna, o cümlədən Azərbaycana hansı təsirləri var?

İsa Qəmbər: Bilirsiniz, bu konfliktlərin mənfi cəhətlərindən biri qanlı cinayət olması, tələfatlara, insan qırğınına gətirib çıxarması ilə yanaşı, ən böyük ziyanlarından biri ondan ibarətdir ki, dünya elə bil parçalanır və bölünməli olur. Elə bil ki, dünya Rusiya-Ukrayna savaşına görə mövqe formalaşdırmalı olur. Ayrı-ayrı dövlətlər, xalqlar Rusiyanın yoxsa Ukraynanın yanındadırlar. Bu, İsrail-HƏMAS konfiliktinə görə yenə də dövlətlər, xalqlar seçim qarşısında qalırlar. Bu konfiliktlər dərinləşdikcə dünyanın parçalanması artır, genişlənir. Dünyanın bütövləşməsi imkanları, dünyanın ümumi bir təhlükəsizlik sistemində birgə yaşayıb, fəaliyyət göstərməsi imkanları məhdudlaşır. Bu dediyim təbii ki, Cənubi Qafqaza da aiddir. Əlbəttə ki, İsrail-HƏMAS konfiliktinin başlanması Cənubi Qafqaz mövzularının da müəyyən dərəcədə aktuallığını azaldır. Bunun da təbii ki, müxtəlif çalarları var. Bu, ayrıca bir söhbətdir. Ancaq bu Cənubi Qafqaz ölkələrini də, Azərbaycanı da seçim qarşısında qoyur. Azərbaycanın seçimi kifayət qədər mürəkkəbdir. Bir tərəfdən İsrail Azərbaycana kifayət qədər yaxın olan bir dövlətdir. Öz ərazilərini azad etmək mərhələsində ən müasir silahlarla, texnologiyalarla Azərbaycana dəstək vermiş dövlətdən söhbət gedir. Təbii ki, İsrail ilə münasibətləri qoruyub saxlamaq zəruridir. Eyni zamanda, Azərbaycan İslam ölkələri təşkilatının üzvüdür. Müəyyən kontekstdə də mövqeləri, yanaşmaları olub. Onu da Azərbaycan nəzərə alır. Xüsusən də Türkiyə kimi bir müttəfiqi də Azərbaycan qoruyub saxlamalıdır. Türkiyə və Azərbaycanın münasibətlərinə xələl gətirilməsinə imkan verilməməlidir. Bütün bu baxımlardan kifayət qədər mürəkkəb vəziyyətdir. Azərbaycanın qərarlarını təhlil edərkən bu vəziyyətin mürəkkəbliyi də nəzərə alınmaldır.

Amerikanın Səsi: Sizcə, hazırki geopolitik durumda, yəni Rusiya-Ukrayna müharibəsi, İsrail-HƏMAS qarşıdurması fonunda Azərbaycanın xarici siyasət kursu necə olmalıdır?

İsa Qəmbər: Azərbaycan mütləq beynəlxalq hüquqa uyğun mövqe tutmalıdır. Təbii ki, öz dövlət maraqlarını da nəzərə almalıdır. Rusiya-Ukrayna məsələsində seçim kifayət qədər aydındır. Mən hesab edirəm ki, Azərbaycan birmənalı şəkildə Ukraynanın tərəfində olmalıdır. Çünki Rusiya Ukraynanın ərazisinə təcavüz edib. Ukraynaya qarşı müharibəyə başlayıb. Müharibə Ukrayna ərazisində gedir. Zərbəyə məruz qalan Ukrayna xalqıdır. Təbii ki, Azərbaycan həm haqq-ədalət baxımından, həm özünün maraqları baxımından Ukraynaya dəstək verməlidir. İsrail-HƏMAS konfliktində isə bir qədər əvvəl bəzi fikirlərimi dedim. Yəni, Azərbaycan İsrail ilə münasibətləri qoruyub saxlamalıdır. Eyni zamanda, Türkiyə ilə münasibətləri davam etdirməlidir, gücləndirməlidir. Həmçinin Azərbaycan beynəlxalq hüquqa, BMT-nin qərarlarına uyğun şəkildə savaşın bu mərhələsində dayanmasının və BMT-nin qərarlarına uyğun şəkildə konfiliktdən, qarşıdurmadan iki müstəqil dövlətin, İsrail və Fələstinin mövcudiyyəti şərtilə öz siyasətini qurmalıdır.

Forum

XS
SM
MD
LG