Accessibility links

Qəzzada HƏMAS və İsrail arasında döyüşlər yenidən başlayıb


HƏMAS və İsrail arasındakı döyüşlərdə elan edilmiş yeddi günlük fasilədən sonra Qəzzada döyüşlər yenidən başlayıb. Müvəqqəti atəşkəs müddətində tərəflər arasında girovlar və fələstinli əsirlərin mübadiləsi mümkün olmuş, eləcə də ciran edilmiş anklava humanitar yardımın çatdırılması asanlaşmışdı.

Qəzzanın HƏMAS tərəfindən idarə olunan Səhiyyə Nazirliyi cümə günü edilən hücumun ilk saatlarında 109 nəfərin öldüyünü bildirib.

İsrail Müdafiə Qüvvələri cümə günü bildirib ki, döyüşlərin bərpası HƏMAS-ın müvəqqəti atəşkəsi pozması və militant qrupun İsrailə raket zərbəsi endirməsindən sonra baş verib.

Döyüşlər “New York Times” qəzetinin İsrailin HƏMAS-ın hücum etmək üçün detallı planı barədə qabaqcadan məlumatı olduğuna, ancaq həmin planı "xəyal" adlandıraraq rədd etdiyinə dair məqaləsi fonunda başlayıb.

Təxminən 40 səhifəlik tərcümə edilmiş, kod adı “Jerico Wall” olan və Times tərəfindən nəzərdən keçirilən sənəddə HƏMAS-ın İsrailin müdafiə mövqelərinə çoxtərəfli hücumu və şəhərləri necə ələ keçirəcəyi ilə bağlı planın detalları var. Lakin hücum üçün tarix təyin edilməyib..

“The Times” yazır ki, İsrail ordusu və kəşfiyyat rəsmiləri 7 oktyabr hücumundan bir ildən çox əvvəl bu plandan xəbərdar olublar. İsrailin baş naziri Benyamin Netanyahunun plan haqqında məlumatı olub-olmadığı bəlli deyildi.

İsrail hökuməti hələ ki, məqaləyə dərhal reaksiya verməyib.

Müharibə Qəzzaya qayıtsa da, beynəlxalq vasitəçilər döyüşlərə son qoymaq üçün danışıqları davam etdirirlər. İsrail ordusu əvvəllər Twitter kimi tanınan X platformasında Qəzzadan atılan raketin “uğurla zərərsizləşdirildiyini” bildirib.

HƏMAS tərəfdən raket hücumuna görə məsuliyyəti dərhal üzərinə götürən olmayıb.

İsrailin Qəzzanın cənubundakı Xan Yunis ərazisinə atdığı vərəqələrdə oradakı insanlara təhlükəsizlikləri üçün daha da cənuba getmələri tövsiyə edilir.

Forum

XS
SM
MD
LG