Accessibility links

Jozep Borrell: Cənubi Qafqazda sülhə nail olmaq üçün tarixi şans var


Ceyhun Bayramov və Jozep Borrell (Mənbə: Azərbaycan Xarici İşlər Nazirliyi)
Ceyhun Bayramov və Jozep Borrell (Mənbə: Azərbaycan Xarici İşlər Nazirliyi)

Dekabrın 11-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Brüssel şəhərinə işgüzar səfəri çərçivəsində Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Jozep Borrell ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə görüşdə "Şərq Tərəfdaşlığı" çərçivəsi də daxil olmaqla Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli əlaqələr, habelə regiondakı cari vəziyyət müzakirə mövzusu olub.

Nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, son etimad quruculuğu tədbirlərinin iki ölkə arasında normallaşma prosesinə müsbət təsirini qeyd edib.

Nazir Bayramov normallaşma prosesində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçilik səylərinin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyi bildirilib.

"Buna baxmayaraq, bəzi Avropa İttifaqı rəsmiləri tərəfindən verilən qərəzli bəyanatların sözügedən prosesdə Avropa İttifaqının qərəzsiz vasitəçi roluna xələl gətirir. Azərbaycan və Ermənistan arasında suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında qonşuluq münasibətlərinin qurulması Cənubi Qafqazda sülh, sabitlik və əmin-amanlığa aparan yeganə yoldur”, nazir qeyd edib.

Jozep Borrell isə X platformasına yazıb ki, nazir Ceyhun Bayramovla Aİ-Azərbaycan əməkdaşlığı və daha geniş regional kontekst haqqında yaxşı fikir mübadiləsi aparıb.

“Cənubi Qafqazda çoxdan gözlənilən sülhə nail olmaq üçün tarixi şans var. Aİ Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesini dəstəkləməyə tam sadiqdir”, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi qeyd edib.

Dekabrın 7-də Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı birgə açıqlama yayaraq, bir sıra razılıqların əldə olunmasını elan edib. Belə ki, Azərbaycan 32 erməni hərbçini azad edir, Ermənistan öz növbəsində 2 azərbaycanlı hərbçini azad edir. Bundan başqa Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləyir. Azərbaycan isə Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.

Forum

XS
SM
MD
LG