Accessibility links

2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı Azərbaycanda keçiriləcək


BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (Mənbə: AZƏRTAC)
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (Mənbə: AZƏRTAC)

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 gələn il Azərbaycanda keçiriləcək.

Bu barədə qərar COP28-in dekabrın 11–də Dubayda keçirilən plenar iclasında verilib.

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında deyilir ki, COP28-in prezidenti, Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir COP-un növbəti konfransının Azərbaycanda keçiriləcəyini elan edib.

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, tədbirin ölkəsində keçirilməsi dünya ictimaiyyətinin dövrün aktual problemlərinin həlli istiqamətində bir araya gəlməsi üçün mühüm mərhələ olacaq.

“Biz iqlim dəyişikliyinə qarşı əlaqələndirilmiş cavab tədbirlərinin vacibliyini dərk edir, birgə təşəbbüslər vasitəsilə təsirimizi gücləndirməyi və davamlı gələcəyə doğru irəliləyişi sürətləndirməyi hədəfləyirik”, o qeyd edib.

COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edilir. Hər regional qrup üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul etməlidir. 2024-cü il COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna çatıb. Sözügedən qrupa daxil olan Azərbaycan namizədliyini irəli sürüb. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini verib. Dekabrın 7-də Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistanın Azərbaycanın xeyrinə öz namizədliyini geri götürdüyü bildirilib. Bundan sonra Bolqarıstan da öz namizədliyini geri götürüb.

Beləliklə, dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirib.

COP-un ilk toplantısı 1995-ci ildə Berlin şəhərində keçirilib.

Forum

XS
SM
MD
LG