“Biz heç vaxt deməmişik ki, Azərbaycanla əlaqələrimizi davam etdirmək fikrində deyilik. Bu, bizim maraqlarımıza zidd olardı”.
Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller dekabrın 5-də ənənəvi brifinqdə Turan agentliyinin ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Braynın Bakıya səfəri ilə bağlı sualına cavabında deyib.
“Azərbaycanla bütün diplomatik əlaqələrimizdən imtina etsək, bu, regionda sülh və təhlükəsizliyin maraqlarına zidd olardı. O'Brayn bu axşam Bakıya gələcək. Onun sabah görüşləri var. Mən diplomatik danışıqlar baş verməmişdən əvvəl onlara toxunmamalıyam. Azərbaycan və Ermənistanla birbaşa danışıqlarımızı davam etdiririk. Biz həmçinin davamlı sülh əldə etmək üçün onlarla işləməyə davam edirik və bu, diqqətimizdə qalacaq”, - ABŞ Dövlət Departamentinin sözçüsü bildirib.
Metyu Miller həmçinin birifinqdə son zamanlar Azərbaycanda həbs olunan jurnalistlərlə bağlı narahatlığını ifadə edib.
“Azərbaycanla bağlı son zamanlar jurnalistlərin saxlanılması tendensiyası bizi narahat edir. Biz Azərbaycabı insan hüquqlarına və əsas azadlıqlara hörmət etməyə çağırmağa davam edirik”, o deyib.
Xatırlatma
Noyabrın 15-də ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya altkomitəsində “Dağlıq Qarabağın gələcəyi” mövzusunda dinləmə keçirilib.
ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn dinləmə zamanı sülh istiqamətində irəliləyiş olmayana qədər Azərbaycanla münasibətin 19 sentyabr hadisələrindən sonra adi qaydada davam etməyəcəyini dedi.
Bundan sonra Azərbaycan noyabrın 20-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində keçirilməsi təklif olunan görüşdə iştirakdan imtina etdi.
Noyabrın 28-də ABŞ Dövlət Katibi Antoni Blinkenin Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığı olub. Dövlət Departamenti sözçüsünün bildirdiyinə görə, danışıq zamanı Blinken “uzunmüddətli konfliktin hər iki tərəfə nə qədər iztirab yaşatdığını tanıdığını bildirib və bərqərar olacaq sülhün regionda hamı üçün faydalarını vurğulayıb”.
Azərbaycan Prezidentinin mətbuat xidmətinin telefon danışığı barədə yaydığı məlumatda deyilir ki, prezident Əliyev ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın “Azərbaycanla bağlı səsləndirdiyi fikirlərin qərəzli olduğunu vurğuladığı və bu növ bəyanatlar və atılan addımlar Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərər vurduğunu bildirib”.
ABŞ Dövlət katibi və Azərbaycan prezidenti arasında telefon danışığı zamanı dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayın Bakıya səfəri razılaşdırılıb.
Forum