“Azərbaycan Ermənistanla sülh və ikitərəfli münasibətlərin normallaşmasına çalışır”.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "X" (keçmiş Twitter) platformasında bildirib.
O yazıb ki, Azərbaycan Avrasiyanın daha geniş xəritəsində ən uzunmüddətli münaqişələrdən birinin həlli modelini yaradıb.
“Qarabağ münaqişəsi bu institut yaranandan bəri ATƏT-in qarşısında duran məsələlərdən biri olsa da, ATƏT münaqişəni həll edə bilməyib. Minsk Qrupu uğursuzluğa düçar oldu: Minsk Qrupu Həmsədrlik İnstitutu ona görə uğursuz oldu ki, həmin qurumun missiyası Ermənistanın Azərbaycana qarşı işğalını saxlamaq və davam etdirmək idi. (Yeri gəlmişkən, ABŞ qrupun həmsədr ölkələrindən biri idi.) Hərbi işğal və ədalətsizliyin bu fəsli artıq başa çatıb. Ona görə də indi Azərbaycanın gündəliyi sülh və Ermənistanla Azərbaycan arasında ikitərəfli münasibətlərin normallaşdırılmasıdır”, o qeyd edib.
Prezidentin köməkçisi hesab edir ki, istənilən sülh öhdəliyi iki tərəfin öz rolunu oynamasını tələb edir.
“Ermənistan da öz rolunu yerinə yetirməli və xoş niyyət nümayiş etdirməlidir. İndi regionumuzda yeni reallıqlar və status-kvo yaranıb. Bu yeni reallıqlar ədalət, qanunçuluq və legitimliyə əsaslanır”, o qeyd edib.
Hikmət Hacıyevin bəyanatı ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya altkomitəsində Qarabağla bağlı dinləmələrə etiraz olaraq Azərbaycan xarici işlər nazirinin noyabrın 20-də Vaşinqtonda Ermənistan xarici işlər naziri ilə görüşdən imtina etməsindən sonraya təsadüf edir.
Belə ki, noyabrın 15-də ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya altkomitəsində “Dağlıq Qarabağın gələcəyi” mövzusunda dinləmə keçirilib.
ABŞ Dövlət Departamentinin nümayəndəsi O’Brayn Ermənistan hakimiyyətinin xarici münasibətlərinin çoxşaxəli olmasına açıq olduğuna və ABŞ rəhbərliyinin bu istiqamətdə Ermənistana ehtiyac duyulan dəstəyin verilməsinə çalışdığını deyib.
ABŞ dövlət katibi köməkçisinin müavini həmçinin bildirib ki, tərəflərlə sülh sazişinin əldə edilməsi ilə bağlı ünsiyyət saxlanılmalıdır.
“Biz sülhün əldə olunmasında yaxından cəlb olunmuşuq. Sentyabrdan bəri Bakı və Yerevana 13 yüksək səviyyəli səfərlər edilib. Biz eyni zamanda türkiyəli həmkarlarla yaxından çalışırıq. Biz Azərbaycana aydın şəkildə çatdırmışıq ki, biz sülh istiqamətində irəliləyişin şahidi olmayana qədər Azərbaycanla münasibət 19 sentyabr hadisələrindən sonra adi qaydada davam etməyəcək,” O’Brayn əlavə edib.
Buna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin şərhində deyilir ki, Azərbaycan noyabrın 20-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində keçirilməsi təklif olunan görüşün baş tutmasını mümkün hesab etmir.
Azərbaycan Xarici İşlər Nazirliyi dinləmələri və səsləndirilən çıxışları Azərbaycan və ABŞ arasında ikitərəfli və çoxtərəfli formatlarda münasibətlərə zərbə kimi qiymətləndirir.
“Azərbaycana qarşı səslənən ittihamlar əsassız olmaqla yanaşı, regionda sülh və təhlükəsizliyi sarsıdır," şərhdə deyilir və əlavə olunur ki, ABŞ rəsmisi 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın şərtlərinin Ermənistan tərəfindən pozulmasına etinasız yanaşıb.
Azərbaycan Xarici İşlər Nazirliyi qeyd edib ki, region ölkəsi olmayan ABŞ öz addımları və bəyanatları ilə bölgə ölkələrinin nəqliyyat təhlükəsizliyi səylərinə zərbə vurur.
“ABŞ tərəfinə yaxşı məlumdur ki, Ermənistanın 2020-ci il Üçtərəfli Bəyanatın 9-cu bəndindən irəli gələn öhdəliklərini yerinə yetirməməsi Azərbaycanı alternativ yolların tikintisi ilə bağlı qərar qəbul etməyə sövq edib. Qonşu dövlətlərlə kommunikasiya xətlərinin çəkilməsi qaydasının razılaşdırılması, o cümlədən İranla Naxçıvan Muxtar Respublikasına marşrutla bağlı müqavilə Azərbaycanın suveren hüquqdur”, şərhdə qeyd edilir.
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller noyabrın 16-da ənənəvi brifinqdə Azərbaycan tərəfinin ABŞ-da keçiriləcək görüşdən imtinası ilə bağlı sualı cavablandırarkən deyib ki, ABŞ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını dəstəkləməyə davam edəcək.
“Daha əvvəllər də dediyimiz kimi, biz Ermənistan və Azərbaycan arasında problemlərin həlli üçün sülh danışıqlarını dəstəkləməyə davam edəcəyik. İstər burada, istərsə də başqa yerdə olsun, hər iki tərəfi bu danışıqlarda iştirak etməyə təşviq edirik. Bu, bizim siyasətimiz olaraq qalacaq", Metyu Miller qeyd edib.
Forum