Accessibility links

BMT-nin Baş katibi Azərbaycan və Ermənistanın münasibətlərin normallaşdırılması barədə açıqlamasını alqışlayıb


Antoniu Quterreş
Antoniu Quterreş

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş naziri Aparatının münasibətlərin normallaşdırılmasına və iki ölkə arasında sülh sazişinin imzalanmasına dair tərəflərin ortaq niyyətini təsdiq edən birgə açıqlamasını alqışlayıb.

Bu barədə Nyu-Yorkda keçirilən brifinqdə təşkilatın mətbuat katibi Stefan Düjarrik bildirib.

“Baş katib Ermənistan və Azərbaycanın etimadın möhkəmləndirilməsi üzrə tədbirlər silsiləsini elan edən və ikitərəfli münasibətlərin normallaşdırılmasına sadiqliyi təsdiqləyən birgə açıqlamasını alqışlayır. Birləşmiş Millətlər Təşkilatı qarşılıqlı etimada və bütün regionun əhalisinin rifahı naminə uzunmüddətli sülhə nail olmaq üçün tərəfləri əldə olunmuş razılaşmaya əsaslanmağa çağırır”, Stefan Düjarrik vurğulayıb.

Dekabrın 7-də Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatının yaydığı birgə açıqlamada qeyd edilir ki, “regionda çoxdan gözlənilən sülhə nail olunması üçün tarixi fürsət yaranıb”. Hər iki ölkə münasibətlərin normallaşdırılması, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olunması üzrə öz niyyətlərini təsdiq edib. Xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməni əsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.

Ermənistan həmçinin “xoş niyyət jesti” kimi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransının keçirilməsinə Azərbaycanın namizədliyini dəstəkləyib, həmçinin Azərbaycan “xoş niyyət jesti” kimi Bakının Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəklədiyini bəyan edib.

Forum

XS
SM
MD
LG