Accessibility links

Avropa İttifaqı, Böyük Britaniya, İsveçrə və ABŞ səfirlikləri Ümumdünya İnsan Hüquqları gününü qeyd edib


Bakıda Avropa İttifaqı, Böyük Britaniya, İsveçrə və ABŞ səfirlikləri Ümumdünya İnsan Hüquqları gününü qeyd edib
Bakıda Avropa İttifaqı, Böyük Britaniya, İsveçrə və ABŞ səfirlikləri Ümumdünya İnsan Hüquqları gününü qeyd edib

Dekabrın 7-də Bakıda Avropa İttifaqı Azərbaycan nümayəndəliyi, Böyük Britaniya, İsveçrə və ABŞ ın Azərbaycandakı səfirlikləri birlikdə Ümumdünya İnsan Hüquqları gününü qeyd edib.

Avropa İttfaqının Azərbaycandakı Nümayəndəliyinn rəhbəri Peter Mixalko bildirib ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi irqindən, cinsindən, dinindən, milliyətindən və hər hansı digər bir şeydən asılı olmayaraq, bütün insanların sahib olduğu əsas hüquq və azadlıqları müəyyən edir.

Onun sözlərinə görə, insan hüquqları sahəsində ikili standart yoxdur. Bəyannamədə göstərildiyi kimi yalnız bir standart var.

“Bəyannamədə çox sadə bir fikir öz əksini tapıb: insan hüquqları verilə bilməz, onlar hər bir insana məxsusdur”, o qeyd edib.

Peter Mixalko Azərbaycanda son zamanlar jurnalist və vətəndaş cəmiyyəti nümayəndələrinin həbslərinə toxunub.

O qeyd edib ki, Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində öz səylərini əsirgəməyən, öz həmvətənlərinin mənafeyi uğrunda hər şeyindən keçən görkəmli şəxsiyyətlərə minnatdar və tərənnüm edilməlidir.

“Biz bu günü qeyd etmək üçün bir araya gəldik, lakin həm də təəssüf edirik ki, biz tərəfdaş və dostlarımız bu tədbirdə bizə qoşula bilmir. Mən xüsusilə, həbs olunan Bəxtiyar Hacıyevi, Qubad İbadoğlunu, Ülvi Həsənlini, Sevinc Vaqifqızını, Məhəmməd Kekalovu, Nərgiz Absalamovanı, Əziz Orucovu, Rüfərt Muradlını və həbsdə olan digər vətəndaş fəallarını, hüquq müdafiəçilərini nəzərdə tuturam”, o qeyd edib.

Diplomat qeyd edib ki, Avropa İttifaqı insan hüquqlarının qlobal şəkildə, o cümlədən tərəfdaş olduğu ölkə Azərbaycanda həyata keçirilməsinə sadiq qaldığını bir daha təkrarlayır və təsdiqləyir.

ABŞ-nın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Huqo Gevara tədbirdə çıxış edərək, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin ilkin tərəfdarı kimi ABŞ-ın dünyada insan haqlarını dəstəkləmək üçün xüsusi məsuliyyət daşıdığını bildirib.

O qeyd edib ki, Azərbaycanda ABŞ, hər bir kəsin hüquqları qorunan və onlara hörmətlə yanaşılan demokratik, plüralist və inkluziv cəmiyyətin inkişafını dəstəkləmək üçün hökümət, vətəndaş cəmiyyəti və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edir.

“Biz qanunun aliliyini, məhkəmə sisteminin müstəqilliyini, ifadə və sərbəst toplaşma azadlığını, qadınların və azlıqların iştirakını, dövlət qurumlarının hesabatlılığını gücləndirmək üçün çalışırıq”, Huqo Gevara bildirib.

Huqo Gevara tədbirdə bildirib ki, ABŞ Azərbaycan vətəndaş cəmiyyətinin bir neçə üzvünün, o cümlədən Qubad İbadoğlunun, jurnalistlər Ülvi Həsənli, Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Əziz Orucovun , o cümlədən vətəndaş cəmiyyəti fəalları Bəxtiyar Hacıyevin, Məhəmməd Kekalovun həbsi və ittiham olunmasından dərin narahatdır.

“Biz Azərbaycan hökümətini Azərbaycan Konstitusiyasına, mətbuat və söz azadlığına dair beynəlxalq öhdəliklərinə sadiqliyinin hissəsi kimi adı çəkilən şəxslərin hüquqlarını qorumağa çağırırıq. Azərbaycanda və bütün dünyada insan haqlarına və fundamental azadlıqlara hörmət təşviq etmək istiqamətində yorulmadan çalışan bütün hüquq müdafiəçilərinin, jurnalistlərin, vətəndaş cəmiyyəti üzvlərinin cəsarətini və fədakarlığını alqışlamaq istəyirəm. Bərabərliyi, ədaləti və insan ləyaqətini təşviq etmək yolunda göstərdiyiniz səylərinizdə biz sizi dəstəkləyirik”, o deyib.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Böyük Britaniya üçün dünyanın bütün nöqtələrində insan hüquqlarının müdafiəsinin vacib olduğunu diqqətə çatdırıb.

Onun sözlərinə görə, Böyük Britaniya Azərbaycanlı tərəfdaşları ilə insan hüquqları ilə bağlı açıq dialoqu saxlayır.

“Biz Azərbaycanda müntəzəm olaraq hökumətlə müxtəlif fərdi və ümumi insan hüquqları məsələlərini müzakirə edirik. İnsan hüquqları ilə bağlı mesajlarımızı həm qapalı görüşlər, həm də ictimai çağırışlar vasitəsilə çatdırırıq. Avropa üzrə nazirimiz Leo Dokerti iki həftə əvvəl Azərbaycanda olarkən biz hüquq müdafiəçiləri ilə görüşdük. London İqtisadiyyat Məktəbinin akademiki, cənab Qubad İbadoğlunun saxlanması və “Abzas Media” rəhbərlərinin yenicə baş verən həbslərini müzakirə etdik. Noyabrın əvvəlində biz BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycanın Universal Dövri İcmalı zamanı üç tövsiyə vermişdik. Biz Azərbaycan hökumətini istintaq proseslərini təkmilləşdirməyə, diffamasiya ilə bağlı zəruri dəyişikliklər etməyə və məişət zorakılığının bütün formalarını kriminallaşdırmaq üçün zəruri addımlar atmağa çağırdıq“, səfir qeyd edib.

O qeyd edib ki, Böyük Britaniya həmçinin qadınların və qızların hüquqlarının müdafiəsinə xüsusi diqqət yetirir

“Biz hər kəsin xeyrinə gender bərabərliyinin təmin etmək, qadınların iqtisadi imkanlarını genişləndirmək, qadınların sülh və təhlükəsizliyə töhfə vermələrinə kömək etmək üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, yerli hakimiyyət orqanları, BMTİP və aparıcı qadın təşkilatları ilə tərəfdaşlıq edirik. Biz həmçinin qürurla minalarla bağlı humanitar fəaliyyətə maliyyə və texniki dəstək veririk – baxmayaraq ki, bu dəstəyin okeanda bir damla olduğunu qəbul edirik. Biz bu problemi həll etmək və uzun müddət köçkün olmuş insanların təhlükəsiz şəkildə evlərinə qayıtmasına imkan yaratmaq üçün yerli tərəfdaşlarla işləməyə davam edəcəyik", səfir bildirib.

Öz növbəsində dekabrın 7-də İsveçrənin səfiri Tomas Ştəli hər bir fərdə hörmətlə yanaşılan və onun əsas hüquqlarının təmin olunduğu bir cəmiyyət uğrunda səy göstərməyə çağırış edib.

“Anlaşma, tolerantlıq və açıq dialoqu inkişaf etdirməklə, biz İsveçrədə, Azərbaycanda – bütün dünyada daha yaxşı cəmiyyət üçün səy göstərməliyik”, o deyib.

O bildirib ki, İsveçrə bu fundamental prinsipləri təşviq etmək və qorumaq üçün müxtəlif səviyyələrdə fəaliyyətlərə cəlb olunmaqla insan hüquqlarına çox sadiqdir.

“Biz beynəlxalq insan hüquqları mexanizmlərində fəal iştirak edirik, onlardan bəzilərini Cenevrədə qəbul edir, qlobal standartların inkişafına töhfvə veririk”, səfir deyib.

1948-ci il dekabrın 10-da BMT-nin Baş Məclisi “İnsan hüquqları haqqında ümumi bəyannamə” qəbul edib. 1950-ci ildən başlayaraq hər il dekabr ayının 10-u bütün dünyada “Beynəlxalq İnsan Hüquqları Günü” kimi qeyd olunur.

Azərbaycanın bir sıra hüquq müdafiəçiləri hesab edir ki, ölkədə insan hüquq və azadlıqlarının qorunmasında problem mövcuddur.

Azərbaycan hakimiyyəti isə bütün azadlıqların təmin edildiyini və siyasi məhbusların olmadığını bildirir. Dövlət rəhbərləri ölkədə insanların iradəsinə görə təqib edilmədiyini bəyan edir.

Bununla yanaşı, dekabrın 1-də Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq siyasi məhbusların yenilənmiş siyahısını dərc edib. Yeni siyahıya 254 nəfərin adı daxildir.

Siyahıya görə son iki ayda siyasi məhbus kimi tanınan şəxslərin sayı 19 nəfər artıb. Bundan öncə siyasi məhbus kimi tanınan şəxlərin sayı 235 idi.

Avropa Şurası Parlament Assambleyası 2021-ci ildə Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul edib.

Forum

XS
SM
MD
LG