Accessibility links

Azərbaycan və Ermənistanın birgə bəyanatı: Sülhə nail olmaq üçün tarixi şans var


Dekabrın 7-də Azərbaycanın Prezident Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı birgə açıqlama yayıblar.

Azərbaycanın Prezident Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməni əsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.

Bu barədə Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatının birgə açıqlama yayıb.

“Azərbaycan və Ermənistan regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşür. İki ölkə münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq edir.

Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunub”, sənəddə qeyd edilir.

Məlumatda deyilir ki, xoş niyyətin təzahürü olaraq, Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan namizədliyini dəstəkləyir.

“Azərbaycan və Ermənistan ümid edirlər ki, Şərqi Avropa Qrupuna daxil olan digər ölkələr də Azərbaycanın namizədliyini dəstəkləyəcək. Xoş niyyətin təzahürü olaraq, Azərbaycan Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir. Azərbaycan və Ermənistan yaxın gələcəkdə əlavə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün müzakirələri davam etdirəcəklər və beynəlxalq ictimaiyyəti iki ölkənin qarşılıqlı etimadın yaradılmasına töhfə verəcək, bütün Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək səylərini dəstəkləməyə çağırırlar”, açıqlamada deyilir.

Forum

XS
SM
MD
LG