Accessibility links

İlham Əliyev: Ermənistan ərazisini işğal etmək planımız yoxdur


İlham Əliyev (Mənbə: Azərbaycan Prezident Administrasiyası)
İlham Əliyev (Mənbə: Azərbaycan Prezident Administrasiyası)

Dekabrın 6-da ADA Universitetində Qarabağ mövzusunda beynəlxalq forum keçirilib. “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” adlı forumda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev regional təhlükəsizlik məslələrinə, Azərbaycan-Ermənistan sülh prosesinə, Avropa İttifaqı və ABŞ-la münasibətlərə toxunub.

Əliyev Azərbaycanın İran ərazisi vasitəsi Naxçıvan Muxtar Respublikasına yol çəkilişinə səbəb kimi Ermənistanın öz ərazisindən Naxçıvana keçidə razılıq vermədiyini əsas gətirib.

“Birləşmiş Ştatlar qeyd etdi ki, əgər bu yol Ermənistandan keçməsə, onlar buna imkan verməyəcəklər. Biz də öz-özümüzə sual veririk, bu nə deməkdir? Çünki biz bunu Ermənistana 3 il idi ki, söyləyirdik”, o qeyd edib.

Azərbaycan Prezidenit bəyan edib ki, Azərbaycan Ermənistana qarşı yeni müharibə planlaşdırmır.

“Bizim Ermənistan ərazisini işğal etmək planımız yoxdur, baxmayaraq ki, vaxtaşırı bununla bağlı bizi ittiham edirlər”, o deyib.

Dövlət başçısı ermənilərin Qarabağa qayıtma ehtimalına toxunaraq, bunun üçün heç bir maneənin olmadığını bildirib: “Onların [Qarabağı tərk edən erməni sakinləri] mənzilləri və evləri təhlükəsizdir”.

Bununla yanaşı Əliyev əlavə edib ki, ermənilərin Qarabağa qayıdışı prosesi azərbaycanlıların Ermənistana qayıdışı ilə paralel aparılmalıdır.

Daha sonra Əliyev Avropa İttifaqı ilə münasibətlərdən danışarkən deyib ki, Azərbaycanın xarici siyasi konsepsiyasında ölkənin Avropa İttifaqına daxil olması nəzərdə tutulmur.

"Bu, çox praqmatik yanaşmadır və onun səbəbi aydındır. Biz virtual dünyada deyil, real dünyada yaşayırıq. Bizi oraya qəbul etməyəcəklərsə, niyə qapını döyüb özümüzü biabır edək? Biz əməkdaşlığın və münasibət qurmağın tərəfdarıyıq", Əliyev bildirib.

Ermənistan tərəfi Azərbaycan Prezidentinin dediklərinə hələ münasibət bildirməyib.

Xatırladaq ki, noyabrın 15-də ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya altkomitəsində “Dağlıq Qarabağın gələcəyi” mövzusunda dinləmə keçirilib. ABŞ Dövlət Departamentinin nümayəndəsi Ceyms O’Brayn çıxışında Qarabağdan çıxan ermənilərin evlərinə maneəsiz dönməsinin mümkünlüyündən, ABŞ rəhbərliyinin Ermənistana ehtiyac duyulan dəstəyin verilməsinə çalışdığından, sülh sazişinin əldə edilməsi ilə bağlı ünsiyyətin saxlanılmalı olduğundan danışıb.

“Biz Azərbaycana aydın şəkildə çatdırmışıq ki, biz sülh istiqamətində irəliləyişin şahidi olmayana qədər Azərbaycanla münasibət 19 sentyabr hadisələrindən sonra adi qaydada davam etməyəcək,” O’Brayn əlavə edib.

Azərbaycan Ordusu sentyabrın 19-20-də Qarabağın ermənilər yaşayan hissəsində "lokal antiterror tədbirləri" keçirib. Nəticədə erməni tərəfi silahların təhvil verilməsi ilə bağlı Azərbaycanın təklifini qəbul edib. Bundan sonra Azərbaycan tərəfi təhlükəsizlik təminatı versə də, Qarabağın erməni sakinləri Ermənistana köç edib.

Ermənistan rəsmilərinin bildirdiyinə görə, Qarabağdan Ermənistana köçənlərin sayı 100,000 nəfər təşkil edib. Rəsmi Yerevan Azərbaycanı etnik təmizləmə həyata keçirməkdə ittiham edir. Rəsmi Bakı isə bu ittihamı rədd edir.

Forum

XS
SM
MD
LG