Accessibility links

Azər Qasımlı: Azərbaycan-ABŞ münasibətlərində gərgin anlar yaşanır


Azər Qasımlı
Azər Qasımlı

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Amerikanın Səsinə müsahibəsində Azərbaycanın ABŞ və qərb dövlətləri ilə münasibətlərində son zamanlar yaranan gərgin durumdan danışıb.

Amerikanın Səsi: Son günlərdə Azərbaycanın ABŞ və qərblə münasibətlərində sanki ciddi gərginlik yaranıb. Hökumətin siyasətini dəstəkləyən siyasətçilər, politoloqlar, media qurumları bu yönümdə çoxsaylı tənqidlər söyləyir. Sizcə münasibətlərdə həqiqətən gərgin anlar yaşanır?

Azər Qasımlı: Azərbaycan-ABŞ münasibətlərində gərgin anlar yaşanır
please wait

No media source currently available

0:00 0:08:20 0:00

Azər Qasımlı: Əlbəttə münasibətlərdə çox ciddi və gərgin anlar yaşanır. Amma bir nüansı qeyd etmək lazımdır ki, bu, birinci dəfə deyil. Azərbaycan və ABŞ münasibətlərində dəfələrlə belə olub. Amma bu dəfə mənim gördüyüm qədər vəziyyət daha gərgindir. İlk növbədə Konqresin alt komitəsində dinləmələr, oradakı çıxışlar, deyilən fikirlər, verilən mesajlar, o cümlədən də ən son olaraq Antoni Blinkenin telefon görüşməsi ilə bağlı verilən açıqlamalar, istər Azərbaycan, istərsə də ABŞ tərəfindən olsun bu açıqlamalar açıq şəkildə onu göstərdi ki, hal-hazırda nəinki münasibətlərdə gərginlik var, hətta bu gərginlik hal-hazırda pik həddədir. Belə ki, Azərbaycan rəsmilərinin ABŞ-a səyahətləri ləğv olunub, qadağalar qoyulub. Yəni artıq diplomatik əlaqələr demək olar ki, müəyyən mənada kəsilib.

Amerikanın Səsi: Sizcə münasibətlərin belə məcraya yönəlməsinin real səbəbləri nədir?

Azər Qasımlı: Real səbəbi geopolitikdir və hazırda bizim bölgədə gedən proses ondan ibarətdir ki, Ermənistan hansı ki, bu illər ərzində, son 30 il ərzində Rusiyanın bu bölgədə forfostu, sateleti olub. Hazırda Ermənistan Rusiyanın nəzarətindən çıxmaqdadır. Real şans yaranıb ki, Ermənistanı Rusiyanın nəzarətindən çıxarıb qərbə doğru inteqrasiya etdirsinlər. Hazırda gedən proses budur. ABŞ, o cümlədən kollektiv qərb hər şeyi edir ki, bu prosesdə onlara kimsə maneə olmasın. Amma, təbii ki, maneə olan ilk növbədə Rusiyanın özüdür. Görünür ABŞ-da da müəyyən məlumatlar var ki, Azərbaycan da bu yöndə hansısa formada Rusiya ilə bir yerdə addımlayır və yaxud bir yerdə nələri isə planlaşdırır. Bunu demək olar ki, artıq açıq şəkildə söyləyirlər. İlk növbədə də o faktı irəli çəkirlər ki, Azərbaycan tərəfi sülh sazişini imzalamaq istəmir. Çünki açıq şəkildə belə görünür ki, Ermənistan tərəfi sülh sazişini imzalamaqda maraqlıdır. Ermənistan həm Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, həm Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb. Həm Qrandada Nikol Paşinyan ən son bəyanatında deyib ki, Qazax rayonunda Azərbaycanın 8 kəndini də qaytarmağa hazırdır. Bütün bu bəyanatlar ondan xəbər verir ki, artıq demək olar ki, Azərbaycanla Ermənistan arasında bir problem qalmayıb. Qarabağda da demək olar ki, artıq erməni əhali yoxdur. Qarabağ mövzusunu da qapanmış kimi hesab edə bilərik. Açıq görünür ki, Ermənistan imzalamaq istəyir, amma Azərbaycan bundan çəkinir. Azərbaycanın çəkincəkliyi də ilk növbədə bundan ibarətdir ki, Rusiyanın burada aktiv rolu var. ABŞ da Azərbaycanla münasibətləri məhz bu kontekstdə pisləşdirir ki, yaxud gərginləşdirir ki, Azərbaycanı bu yoldan çəkindirsin.

Amerikanın Səsi: Bir sıra müxlaif liderlər Azərbaycanın avrointeqrasiyadan üz döndərdiyini və idarəetmənin Mərkəzi Asiya və ya totalitar idaretmə üsul-idarəsinə keçdiyini iddia edir. Bu fikirlərə münasibətiniz necədir?

Azər Qasımlı: Hələ ki, totalitar idarəetməyə keçirildiyi barədə bir söz deyə bilmərik. Bu yoxdur. Açığı Azərbaycan hələ ki, totalitar ölkə deyil. Mən dəfələrlə son vaxtlar açıq şəkildə fikrimi o yöndə bildirirəm ki, Azərbaycan iqtidarı artıq geopolitik qərarını verib. O seçimini edib. Bu seçimdə Rusiyadan yanadır. Elə əvvəlki suala cavab olaraq onu deyə bilərik ki, ABŞ və Azərbaycan arasında gərginlik, o cümlədən də bununla bağlıdır. Belə olan təqdirdə də Azərbaycanda avtoritarizm, yaxud avtokratizm daha da güclənəcək. Artıq bunun işartılarını görürük. Həm mediaya qarşı olan təzyiqlər, həbslər, yalan məlumatların cəmiyyətə verilməsi, cəmiyyətin bu yöndə manipulasiya edilməsi. Mən hətta istisna etmirəm ki, yalnız jurnalistlər deyil, bu həbslər ola bilsin ki, davam edəcək. Təkcə jurnalistlər deyil, sivil toplum nümayəndələrinin, siyasi fəalların, siyasi partiya sədr və yaxud üzvlərinin, o cümlədən geniş spektrda fəaliyyət göstərən insanların həbsini şəxsən gözləyirəm.

Amerikanın Səsi: Azərbaycan indiki geopolitik durumda xarici və daxili siyasətini necə nizamlamalıdır?

Azər Qasımlı: Yəni mənim bu iqtidardan hər hansı bir gözləntim yoxdur ki, o öz xarici siyasətində qərbyönümlü siyasət yürüdəcək. Bunun da davamı olaraq daxildə də bir demokratik açılımlar və yaxud insan hüquq və azadlıqlarına hörmət edəcək. Yəni mən bunu açığı gözləmirəm bu iqtidardan. Amma hesab edirəm ki, Qarabağ məsələsi əgər qapanıbsa yeganə burada problem rus əsgərlərinin, yaxud sülhməramlı kontingentin çıxarılmasıdır, hərçənd ki, Qarabağda sülh prosesinə heç bir ehtiyac da yoxdur. Orada faktiki olaraq erməni əhalisi qalmayıb. Yəni bu kontingent Azərbaycandan çıxarılmalıdır. Azərbaycan da ən azı indiki mərhələdə Avrointeqrasiya yolunu tutmalıdır. Yəni mən nəyə görə deyirəm ən azı, bu belə deyək, Azərbaycanın xarici siyasətində siyasi seçim yolu ola bilər. Mən belə hesab edirəm. Amma məsələnin hərbi və yaxud təhlükəsizlik tərəfi də ola bilər. Söhbət NATO üzvlüyündən gedir. Bu məsələni sonrakı mərhələlərə də saxlamaq olar. Amma ilk siyasi seçimini, mən hesab edirəm ki, Azərbaycan etməlidir. Bu da Avropa institutlarına inteqrasiya, müasir dünyaya açılım, bu yöndə edilməlidir. Paralel olaraq da ölkə daxilində demokratik açılımlar, demokratik seçkilərin keçirilməsi, ilk növbədə parlament seçkilərinin demokratik və şəffaf şəkildə keçirilməsi, məhkəmə islahatlarına ehtiyac var. İqtisadi açılıma ehtiyac var. Hal-hazırda Azərbaycanın iqtisadiyyatı tamamilə qapanmış vəziyyətdədir. Həm dünya iqtisadiyyatına inteqrasiya olunmayıb, qapalıdır, digər tərəfdən də ölkə daxilində inhisarlar var. Yəni bunlar hamısı yığışdırılmalıdır. Sahibkarlara elə şərait yaradılmalıdır ki, onlar sərbəst şəkildə fəaliyyət göstərsinlər. Bax bu məsələləri ilkin mərhələdə yavaş-yavaş həll etməyə başlamaq lazımdır.

Forum

XS
SM
MD
LG