Accessibility links

ABŞ Dövlət katibi Azərbaycan və Ermənistan liderləri ilə danışdı


ABŞ Dövlət Katibi Antoni Blinken
ABŞ Dövlət Katibi Antoni Blinken

ABŞ Dövlət Katibi Antoni Blinken Azərbaycan və Ermənistan liderləri ilə söhbətlərində bu iki ölkə arasındakı sülhün perspektivlərini müzakirə edib. Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller məlumat yayıb.

Millerin sözlərinə görə, Blinken Azərbaycan prezidenti İlham Əliyevlə söhbətində Azərbaycan rəhbərinin dayanıqlı və şərəfli sülh bağlamağa sadiqliyini alqışlayıb.

“Dövlət Katibi bu uzunmüddətli konfliktin hər iki tərəfə nə qədər iztirab yaşatdığını tanıdığını bildirib və bərqərar olacaq sülhün regionda hamı üçün faydalarını vurğulayıb,” məlumatda qeyd olunur.

Blinken habelə Azərbaycanla mövcud münasibətləri müzakirə edib və münasibətlərdəki narahatlıq doğuran məqamları qeyd edib və xüsusilə də sülh prosesi ətrafında əməkdaşlığı gücləndirmək fürsətlərindən söz açıb.

Azərbaycan Prezidentinin mətbuat xidmətinin telefon danışığı barədə yaydığı məlumatda deyilir ki, prezident Əliyev ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın noyabrın 15-də Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində Azərbaycanla bağlı səsləndirdiyi fikirlərin qərəzli olduğunu vurğulayaraq qeyd edib ki, bu növ bəyanatlar və atılan addımlar Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərər vurub.

“Dövlət katibi Blinken münasibətlərin normallaşdırılması məqsədilə dekabrda ABŞ Dövlət katibinin köməkçisi Ceyms O`Braynın Azərbaycana səfərinə icazə verilməsini xahiş edib. Prezident İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Dövlət katibi Blinken bunu qəbul edib,” rəsmi məlumatda deyilir.

Blinkenin Ermənistan baş naziri Nikol Paşinyanla söhbətinin başlıca mövzusu da Bakı ilə Yerevan arasındakı sülh danışıqları olub.

“Dövlət Katibi Birləşmiş Ştatların Ermənistanın suverenliyi və ərazi bütövlüyünə davamlı dəstəyini bir daha təsdiqləyib, Ermənistanın firavan və demokratik gələcəyi barədə dünyagörüşünü dəstəkləmək üçün onunla ikitərəfli əməkdaşlığı inkişaf etdirmək səyləri haqda danışıb,” məlumatda deyilir.

Forum

XS
SM
MD
LG