Accessibility links

ABŞ dövlət katibinin köməkçisi Azərbaycana səfər edəcək


Dinləmədə şahid qismində çıxış edən USAID nümayəndəsi Aleksander Sokolovksi və ABŞ Dövlət Departamentinin təmsilçisi Ceyms O’Brayn.
Dinləmədə şahid qismində çıxış edən USAID nümayəndəsi Aleksander Sokolovksi və ABŞ Dövlət Departamentinin təmsilçisi Ceyms O’Brayn.

ABŞ-nın dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn dekabrın 6-8-də Azərbaycan və Rumıniyaya səfər edəcək.

Bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, dövlət katibinin köməkçisi Azərbaycan və Ermənistan arasında ikitərəfli münasibətləri möhkəmləndirmək və sülhü dəstəkləmək məqsədilə Bakıda Azərbaycan rəsmiləri ilə görüşəcək.

“Rumıniyada dövlət katibinin köməkçisi Moldova və Ukrayna rəsmiləri, həmçinin Avropa Komissiyasının nümayəndələri ilə görüşlə yanaşı taxıl ixracı ilə bağlı iclasda iştirak edəcək və Xarici İşlər Nazirliyi ilə güclü ikitərəfli əlaqələrimizə dair qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcək,” məlumatda deyilir.

ABŞ rəsmisinin gözlənilən səfəri Vaşinqtonla Bakı arasında münasibətlərin gərginləşdiyi vaxta təsadüf edir.

Noyabrın 15-də ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya altkomitəsində “Dağlıq Qarabağın gələcəyi” mövzusunda keçirilən dinləmənin ardınca Azərbaycanın hökumətyönümlü mediasında Birləşmiş Ştatları tənqid edən reportajlar və məqalələr yayılıb.

Həmin dinləmədə ABŞ Dövlət Departamentinin nümayəndəsi O’Braynın Azərbaycanla bağlı dedikləri Bakıda hiddətlə qarşılanıb.

“Biz sülhün əldə olunmasında yaxından cəlb olunmuşuq. Sentyabrdan bəri Bakı və Yerevana 13 yüksək səviyyəli səfərlər edilib. Biz eyni zamanda türkiyəli həmkarlarla yaxından çalışırıq. Biz Azərbaycana aydın şəkildə çatdırmışıq ki, biz sülh istiqamətində irəliləyişin şahidi olmayana qədər Azərbaycanla münasibət 19 sentyabr hadisələrindən sonra adi qaydada davam etməyəcək,” O’Brayn bildirib.

Buna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyi noyabrın 20-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində keçirilməsi təklif olunan görüşdən imtina etmişdi. Nazirlik dinləmələri və səsləndirilən çıxışları Azərbaycan və ABŞ arasında ikitərəfli və çoxtərəfli formatlarda münasibətlərə zərbə kimi qiymətləndirmişdi.

O'Braynın planlaşdırılan səfəri ötən həftə ABŞ Dövlət Katibi Antoni Blinkenin prezident İlham Əliyevlə telefon söhbətinin ardınca baş tutur. Həmin söhbətdə Blinken Cənubi Qafqazda sülh səylərinin davam etməsinin vacibliyini vurğulamışdı.

Forum

XS
SM
MD
LG