Accessibility links

Rusiya Azərbaycan və Türkiyə ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib


Sergey Lavrov və Ceyhun Bayramov
Sergey Lavrov və Ceyhun Bayramov

Son günlər Rusiya regionda təhlükəsizlik məsələləri ilə bağlı Azərbaycan və Türkiyə ilə intensiv danışıqlar aparır. Belə ki, Rusiya xarici siyasət idarəsinin yüksək rəsmiləri Cənubi Qafqazda mövcud durumla bağlı regiona səfər edib, telefon danışıqları aparıb.

Dekabrın 22-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, telefon danışığı zamanı nazirlər Azərbaycanla Rusiya arasında ikitərəfli əməkdaşlıq gündəliyində duran məsələləri, eləcə də cari regional vəziyyəti müzakirə ediblər.

Rusiya Xarici İşlər Nazirliyi də bildirir ki, nazirlər ikitərəfli münasibətlərin bir sıra aktual məsələlərini və Cənubi Qafqaz məsələləri üzrə qarşılıqlı fəaliyyəti müzakirə edib.

Bundan öncə, dekabrın 22-də Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya xarici işlər naziri Sergey Lavrov və Türkiyə xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.

“Tərəflər Azərbaycan və Ermənistan arasında normallaşmanın təşviqində region ölkələrinin xüsusi rolunu nəzərə alaraq, Cənubi Qafqazdakı mövcud vəziyyətə diqqət yetirməklə, ikitərəfli və beynəlxalq gündəliyin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Rusiya-Türkiyə əməkdaşlığının müəyyən aspektlərinə, o cümlədən ən yüksək və ən yüksək səviyyələrdə qarşıdan gələn təmasların qrafikinə toxunulub”, Rusiya Xarici İşlər Nazirliyi bildirib.

Dekabrın 21-22-də isə Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko Bakıda Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov və Azərbaycan Prezidentinin köməkçiləri Hikmət Hacıyev və Elçin Əmirbəyov, Milli Məclisin komitə sədri Səməd Seyidovla təhlükəsizlik və Avropa təhlükəsizliyi məsələləri ilə bağlı məsləhətləşmələr aparıb.

"Görüşlərdə Cənubi Qafqazda və Avropa təhlükəsizliyi sahəsində cari vəziyyət, o cümlədən ATƏT-də qarşılıqlı fəaliyyət, Avropa Şurasında vəziyyət, ölkələrimizin Avropa İttifaqı və NATO ilə münasibətləri haqqında hərtərəfli fikir mübadiləsi aparılıb. Eyni zamanda, ikitərəfli və beynəlxalq gündəliyin aktual məsələlərinə toxunulub. Region ölkələrinin Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin qorunub saxlanılmasında aparıcı rolu və xüsusi məsuliyyəti vurğulanıb.

Hər iki tərəfdən regional təhlükəsizlik və Avropa təhlükəsizliyi məsələləri ilə bağlı sıx dialoqun davam etdirilməsinə sadiqlik təsdiq edilib", Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Rusiyanın Cənubi Qafqazda təhlükəsizlik məslələləri ilə bağlı intensiv təşəbbüsləri 2024-cü ilin yanvarında Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ilə bağlı məlumatların yayıldığı bir vaxta təsadüf edir.

Forum

XS
SM
MD
LG