Accessibility links

Azərbaycan və Ermənistanın dövlət sərhədində delimitasiya komissiyasının iclası olacaq


Ermənistan və Azərbaycan sərhədi
Ermənistan və Azərbaycan sərhədi

Ermənistan və Azərbaycanın delimitasiya komissiyaları noyabrın 30-da iki ölkənin dövlət sərhədində görüşəcək.

Bu barədə məlumatı Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Amerikanın Səsinə təsdiq edib.

"Əldə olunan razılaşmaya əsasən, noyabrın 30-da Azərbaycan ilə Ermənistan arasında sərhəd bölgəsində Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyasının Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti 5-ci iclası keçiriləcək", Azərbaycan Xarici İşlər Nazirliyi bildirib.

Eyni zamanda, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Bədəlyan bildirib ki, ilkin razılaşmaya əsasən noyabrın 30-da Ermənistanla Azərbaycanın dövlət sərhədində delimitasiya və sərhəd təhlükəsizliyi komissiyalarının növbəti görüşü keçiriləcək.
Bundan öncə Azərbaycan Xarici İşlər Nazirliyi öz bəyanatında belə görüşün iki ölkənin sərhədində keçirilməsini və sülh müqaviləsinin bağlanmasına dair məsələlərin müzakirəsini təklif edib.
Buna cavab olaraq Ermənistan Xarici İşlər Nazirliyi dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların nümayəndələrinin görüşünün keçirilməsini təklif edib.
2022-ci ilin mayında prezident İlham Əliyev Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının sədri vəzifəsinə baş nazirin müavini Şahin Mustafayevi təyin edib. Ermənistan tərəfindən də belə bir komissiya yaradılıb.

Həmin vaxtdan etibarən Azərbaycan və Ermənistan dövlət komissiyalarının 2022-ci ildə mayın 24-də iki ölkənin sərhədində, avqustun 30-da Moskvada, noyabrın 3-də Brüsseldə görüşləri keçirilib.

Rəsmi Bakı sentyabrın 19-da Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi və qanunsuz silahlı birləşmələrin sıradan çıxarılması üçün “lokal antiterror tədbirləri”nə başladığını bildirib. Sentyabrın 20-də Qarabağ ermənilərinin nümayəndələri Azərbaycanın tələblərini qəbul etdikdən sonra hərbi əməliyyatlar dayandırılıb. Sentyabrın 28-də Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədləri daxilində yerləşən tanınmamış “Dağlıq Qarabağ Respublikası” buraxılıb.

Bundan sonra Qarabağın erməni sakinləri kütləvi şəkildə Ermənistana köç edib.

Ermənistan hökuməti baş verənləri Azərbaycanın “etnik təmizləmə” siyasəti aparması ilə əsaslandırıb. Azərbaycan hökuməti isə öz növbəsində “erməni sakinləri evlərini tərk etməməyə və Azərbaycanın çoxmillətli cəmiyyətinin bir hissəsi olmağa” çağırıb, ölkədə qalmaq qərarı verənlərin hüquqlarına hörmət ediləcəyini vəd edib.

Antiterror tədbirlərindən sonra oktyabrın 26-da Tbilisidə Azərbaycan Baş naziri Əli Əsədov və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş olub.

Daha sonra Azərbaycan regiondan kənar qüvvələrin iştirakı olmadan danışıqların davam etdirlməsini təklif edib.

Forum

XS
SM
MD
LG