“Azərbaycan sülh müqaviləsinin mümkün qədər tez tamamlanması üçün Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazırdır. Biz inanırıq ki, iki ölkə gələcək münasibətləri barədə qərarı birlikdə verməlidir. Qarşılıqlı məqbul məkanın seçilməsi və ya dövlət sərhədində görüş barədə qərar verilməsi də daxil olmaqla, sülh prosesinin davam etdirilməsinə görə iki ölkə məsuliyyət daşıyır”.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistana sülh müqaviləsinin bağlanması üçün danışıqları bərpa etmək çağırışı ilə bağlı mətbuat açıqlamasında deyilir.
Nazirlik bildirir ki, Ermənistanın Azərbaycanın sülh müqaviləsi layihəsi ilə bağlı təkliflərinə cavab verməsinin təqribən 2 ay yarım müddət çəkməsi prosesi ciddi şəkildə yubadıb.
“Sülh danışıqlarındakı bu durğunluq regionda sabitliyə və firavanlığa töhfə vermir,” açıqlamada qeyd edilir.
Noyabrın 21-də Ermənistan Xarici İşlər Nazirliyi “X” platformasında bildirib ki, Ermənistan Azərbaycana sülh müqaviləsi ilə bağlı altıncı təklifini çatdırıb.
“Noyabrın 18-də baş nazir Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsinin imzalanmasına yönəlmiş diplomatik səylərin intensivləşdirilməsi barədə açıq bəyanatından sonra Ermənistan tərəfi sazişlə bağlı altıncı təklifini Azərbaycan tərəfinə təqdim edib. Ermənistan əvvəllər bəyan edilmiş prinsiplər əsasında münasibətlərin nizamlanmasına dair sənədin bağlanması və imzalanmasına sadiq qalır,” Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Forum