ABŞ-ın sabiq səfiri, ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlik Amerikanın Səsinə müsahibədə Birləşmiş Ştatların Azərbaycan və Ermənistan arasında davamlı həllə nail olunmasında səyləri, Konqresin Nümayəndələr Palatasında Qarabağa dair dinləmələr və iki ölkə sülh perspektivləri haqda danışıb.
Amerikanın Səsi: Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya alt komitəsində “Dağlıq Qarabağın gələcəyi” mövzusunda dinləmələr keçirilib. Sizin Birləşmiş Ştatların sülh sazişinin əldə edilməsi istiqamətində səyləri və regionda sülhün bərqərar olması perspektivləri barədə fikirlərinizi eşitmək istərdik. İlk növbədə bu dinləmələrin keçirilməsinin əsas məqsədi nədən ibarət idi?
Ceyms Uorlik: Mən dinləmənin keçirilməsindan məmnunam. Birləşmiş Ştatların sülh yolu ilə nizamlanmanın əldə edilməsində daha böyük rol oynamalı olduğu aydındır. Hazırda dünyada çox şey baş verir. Dağlıq Qarabağ xüsusilə mürəkkəb mövzudur və bu mövzuda dərin biliyə malik olan insanlar çox deyil. Lakin davamlı həlli təmin etmək üçün ABŞ-ın bu məsələdə Avropa İttifaqı ilə birlikdə addım atması vacibdir.
Amerikanın Səsi: Dinləmələr zamanı dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen bildirib ki, sülh yolunda irəliləyiş əldə olunmayana qədər Azərbaycanla münasibətlər sentyabrın 19-dan sonra adi qaydada davam etdirilməyəcək. Azərbaycan Xarici İşlər Nazirliyinin noyabrın 16-da açıqladığı bəyanatında deyilir ki, dövlət katibinin köməkçisi Ceyms O'Brienin noyabrın 15-də Nümayəndələr Palatasının Avropa Alt Komitəsinin dinləmələri zamanı verdiyi şərhlər qəbuledilməzdir və xüsusilə onun 907-ci düzəlişin icrasının müvvəqqəti dayandırılması ilə bağlı şərhləri qeyd edilir. Bununla bağlı nə söyləyə bilərsiniz? Vaşinqtonla Bakının hazırkı münasibətləri barədə nə söyləmək mümkündür?
Ceyms Uorlik: ABŞ və Bakı əlbəttə ki, ABŞ və Ermənistan arasında münasibətlər ənənəvi olaraq çox yaxşı olub. Biz uzunmüddətli nizamlanmaya doğru irəliləyərkən Azərbaycana gələcək münaqişənin qəbuledilməz olduğu barədə çox aydın siqnal göndərməyimiz vacibdir və belə olan halda, Ermənistana qarşı növbəti hərbi əməliyyat olarsa, bunun Azərbaycan üçün nəticələri olmalıdır. Dövlət katibinin köməkçisi O'Brayenin nə demək istədiyi aydın deyil. Lakin Birləşmiş Ştatlar Azərbaycan Ermənistan ərazisində münaqişəyə başladığı halda sanksiyaları istisna etməməlidir. Bu, münaqişənin qarşısını almaq üçün ilk hədəfdir. ABŞ və mən hesab edirəm ki, Avropa və region üçün ikinci məqsəd münasibətlərin normallaşmasına nail olmaq üçün yol tapmaqdan ibarətdir. Bu, mütləq çox mürəkkəb həll yolu olmamalıdır. Amma bununla belə, Qarabağdakı erməni icmasının əmin-amanlıq şəraitində yaşaya biləcəyinə və onların rifahının qorunacağına dair müəyyən təminat verməlidir. Münaqişələrin qarşısını almaq və Dağlıq Qarabağdakı erməni icmasını sülh, əmin-amanlıq və firavanlıq şəraitində yaşaya biləcəyi vəziyyəti yaratmaq üçün lazımi addımları atmaq Azərbaycan Prezidentinin, Prezident Əliyevin vəzifəsidir. 100 mindən çox sakinin Dağlıq Qarabağı dəhşətli şəraitdə tərk etməsi ilə son həftələrdə gördüklərimiz qəbuledilməzdir.
Ermənistan tərəfi isə təminat verməlidir ki, nə Dağlıq Qarabağda üsyançılar tərəfindən, nə də Ermənistanın heç bir yerində Azərbaycanı təxribata çəkə biləcək hər hansı bir iğtişaş olmayacaq. Yəni burada hər iki tərəfin öhdəlikləri var. Bunları ümumiləşdirmək və bir növ münasibətlərin normallaşdırılmasına dair sazişə və ya sülh sazişinə daxil etmək vacibdir. Bu, ABŞ siyasətinin ikinci məqsədi olmalıdır.
Həll edilməli olan digər məsələlər də var. Paşinyanın Gürcüstanda gündəmə gətirdiyi məsələlərdən biri də rabitə və nəqliyyat əlaqələrinə imkan verən müqavilənin bağlanmasının vacibliyi olub. O, bunu sülhün qovşağı adlandırıb. Bütün bunlar yaxşı addımlardır. Bunun üçün ABŞ-ın liderliyi, Birləşmiş Ştatların öhdəliklərə sadiqliyi və məsələləri başa düşməsi tələb olunacaq. Ona görə də ümid edirəm ki, Birləşmiş Ştatlar bu cür öhdəlik götürməyə hazırdır.
Amerikanın Səsi: Siz Azərbaycan-Ermənistan sülh prosesinin perspektivlərini necə görürsünüz? Temp yavaşıyırmı? Biz bu ilin əvvəlində fəal diplomatiyanın şahidi olmuşuq. Sülh perspektivləri haqqında nə söyləyə bilərsiniz?
Ceyms Uorlik: Sülh perspektivləri dedikdə əslində sülhə alternativ yoxdur. Düşünürəm ki, həm Azərbaycan, həm də Ermənistan bir çox eyni səbəblərə görə sülh yolu ilə nizamlanmanı görmək istəyirlər. Problem ondadır ki, Ermənistan və Azərbaycan özləri hətta Gürcüstan kimi qonşuların köməyi ilə belə razılığa gəlməkdə çətinlik çəkirlər. Ona görə də ABŞ və Avropa bu həllin təmin edilməsində rol oynamalıdır. Amma inanıram ki, hər iki ölkənin rəhbərləri buna son qoymaq istəyirlər. Və indi bunu etmək vaxtıdır. Zaman keçdikcə qeyd etdiyim bəzi məsələləri həll etmək bir o qədər çətinləşir.
Amerikanın Səsi: Hazırda Ukraynada və Yaxın Şərqdə iki ayrı münaqişə gedir. Sizin fikrinizcə, bu münaqişələr daha geniş regionda xarici siyasətlə bağlı qərarların verilməsinə necə təsir edə bilər?
Ceyms Uorlik: Siz haqlısınız ki, Avropada və Yaxın Şərqdə iki çox mürəkkəb və vaxt aparan münaqişənin olması Dağlıq Qarabağda baş verənlərə diqqət yetirməyi çox çətinləşdirir. Bununla belə, ABŞ hökumətinin eyni vaxtda bir çox problemləri həll etmək üçün kifayət qədər imkanları və geniş təcrübəsi var. Region üçün çox şeyin riskdə olduğu Dağlıq Qarabağ kimi məsələləri diqqətdən kənarda qoymamaq vacibdir. Və ümid edirəm ki, bu dinləmə bu [səylərin] sonu deyil. Birləşmiş Ştatlar Avropa ilə yüksək səviyyədə bir araya gələrək, nizamlanmanın əldə edilməsi və regionda sülhün bərqərar olması üçün müxtəlif məsələləri həll etmək üçün birlikdə çalışacaq.
Forum