Accessibility links

Rəsmi Bakı Qarabağ ermənilərinin təhlükəsizliyinin təmin ediləcəyini deyir


Azərbaycan Xarici İşlər Nazirliyi
Azərbaycan Xarici İşlər Nazirliyi

Rəsmi Bakı Avropa İttifaqının sözçüsünün Ermənistan mətbuatına müsahibəsində erməni sakinlərin hüquq və təhlükəsizliyi üzrə beynəlxalq mexanizm yaradılması təşəbbüsündən söz açmasını Azərbaycanın reinteqrasiya prosesinə müdaxilə kimi qiymətləndirdiyini bildirib.

“Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir, bu bölgədə yaşayan erməni əsilli əhalinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcəkdir”, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilir.

Xarici İşlər Nazirliyi əlavə edib ki, Azərbaycan Ermənistanla normallaşma və sülh gündəliyinə sadiqdir.

Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarının mətbuat katibi Peter Stano “Armenpress” xəbər agentliyinə müsahibəsində Azərbaycan-Ermənistan münaqişəsi, Aİ vasitəçiliyi ilə aparılan sülh danışıqları prosesi, Qarabağın erməni sakinlərinin hüquqları və təhlükəsizliyi və digər məsələlər barədə danışıb.

“Bu insanların geri qayıtmaq qərarına gəldikləri təqdirdə onların təhlükəsiz qayıtması üçün təminatlar olmalıdır. Bu təminatların bir hissəsi kimi Dağlıq Qarabağa beynəlxalq mexanizm, beynəlxalq mövcudluğu tələb etməyə davam edirik”, Peter Stano qeyd edib.

Azərbaycan 19 sentyabr tarixində başlatdığı bir günlük əməliyyatlar nəticəsində Qarabağa tam nəzarəti bərpa edib. Əməliyyatlar nəticəsində tanınmamış “Dağlıq Qarabağ Respublikası” buraxılıb və 100 mindən artıq erməni sakin Qarabağı tərk edib. Ermənistan Azərbaycanı “etnik təmizləmə siyasəti” aparmaqda günahlandırıb və Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib.

Beynəlxalq Ədalət Məhkəməsi ötən gün çıxardığı qərarında qeyd edir ki, Azərbaycan 19 sentyabr tarixindən sonra Qarabağda qalan və geri qayıdan şəxslərin təhlükəsizliyini təmin etməlidir. Azərbaycan həmçinin 19 sentyabrdan sonra Qarabağı tərk edən şəxslərin geri qayıtması, bu tarixdən sonra Qarabağda qalan şəxslərdən getmək istəyənlər varsa, onların gedə bilməsi üçün maneəsiz və təhlükəsiz şərait yaratmalıdır.

Rəsmi Bakı Haaqa məhkəməsinin “Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bir daha təsdiq edən” qərarını alqışlayıb, Azərbaycanın öz Konstitusiyasına və müvafiq beynəlxalq öhdəliklərinə uyğun olaraq, Qarabağın erməni sakinlərinin insan hüquqlarını Azərbaycanın digər vətəndaşları ilə bərabər əsasda müdafiə etməyə sadiq olduğunu qeyd edib.

Ermənistan Xarici İşlər Nazirliyi də Beynəlxalq Ədalət Məhkəməsinin qərarını alqışlayıb. Rəsmi Yerevan qeyd edib ki, Məhkəmənin bu iş üzrə bir neçə dəfə müvəqqəti tədbilərlər barədə hökm çıxarması Azərbaycanın davranışının etnik ermənilərin hüquqlarına yaratdığı düzəlməz zərərin davam etməsinin göstəricisidir.

Aİ-nin xarici işlər üzrə sözçüsü Peter Stano “Armenpress” agentliyinə müsahibəsində Azərbaycan və Ermənistan arasında Aİ vasitəçiliyi ilə aparılan sülh prosesinə toxunaraq qeyd edib ki, Azərbaycan və Ermənistan liderləri arasında planlaşdırılan son görüşlərin təxirə salınmasına baxmayaraq, Brüssel bu istiqamətdə səyləri davam etdirir.

“Bizim Brüsseldə, həmçinin Bakıda və Yerevanda ikitərəfli təmaslarımız davam edir”, Peter Stano deyib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG