Accessibility links

Rəsmi Bakı Cozep Borrelin Azərbaycan-Ermənistan münasibətlərinə dair fikirlərini “qəbuledilməz” hesab edir


Cozep Borrel, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi
Cozep Borrel, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi

Avropa İttifaqı Xarici İşlər Şurasının noyabrın 13-ü Brüsseldə baş tutan iclasında Azərbaycan və Ermənistanla bağlı məsələlər müzakirə edilib. Aİ Ermənistandakı Missiyasını gücləndirmək, Azərbaycan-Ermənistan sərhəd xəttinin həssas bölgələrində müşahidəçi və patrul sayını artırmaq qərarına gəlib.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrel iclasdan sonra mətbuat konfransında bildirib ki, Aİ Ermənistanda sabitliyi daxildən və xaricdən pozmağa yönəlmiş istənilən cəhdə qarşı ayıq-sayıq olmalıdır.

“Bizim Azərbaycana mesajımız aydındır. Ermənistanın ərazi bütövlüyünü istənilən şəkildə pozmaq qəbuledilməz sayılacaq, münasibətlərimizin keyfiyyətinə ciddi təsirləri olacaq”, Aİ-nin baş diplomatı deyib.

Borrel Ermənistana Avropa Sülh Fondu (European Peace Facility - EPF) çərçivəsində mümkün dəstəyi və viza liberallaşdırılmasını nəzərdən keçirəcəklərini qeyd edib.

Aİ Avropa Sülh Fondu vasitəsilə dünyada münaqişələrin qarşısını almaq və sülhü təmin etməyi hədəf alır ki, İttifaq bu mexanizm üzərindən üzv olmayan ölkələrə müdafiə qabiliyyətlərini artırmaq üçün dəstək ola bilər.

İclasda həmçinin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi danışıqları müzakirə edilib. Nazirlər Aİ Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə aparılan danışıqların bərpasına çağırıb, sülh müqaviləsinin bağlanmasına ehtiyac duyulduğunu qeyd edib.

Aİ-nin vasitəçilik rolunu davam etdirməyə sadiq olduğunu deyən Cozep Borrel, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı Xarici İşlər Şurasının növbəti iclaslarının birinə dəvət etmək qərarına gəldiklərini əlavə edib.

Rəsmi Bakı Xarici İşlər Şurasının iclasından sonra Cozep Borrel tərəfindən “Azərbaycan əleyhinə səsləndirilmiş, regiondakı reallıqları qəsdən təhrif edən ittihamlar”ın qeyri-adekvat və qəbuledilməz olduğunu bildirib.

“Ermənistana ifadə olunan dəstək və Azərbaycana qarşı təhdid dolu ifadələr bu qurumun qərəzli siyasətinin və ikili standartlarının bariz nümunəsidir”, Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilir.

Cozep Borrelin Ermənistana Avropa Sülh Fondu çərçivəsində mümkün dəstəyi nəzərə keçirəcəklərinə dair qeydinə cavab olaraq Bakı bunun bölgədə gərginliyin artmasına xidmət etdiyini vurğulayıb.

“Aİ tərəfinin Ermənistanı silahlandırmaq və bununla bölgəmizdə sülh və sabitliyə mane olan məkrli hərbiləşmə siyasətini dəstəkləmək səyləri, bölgəmizdə yeni qarşıdurmalara sürükləyən siyasətin təşviq olunmasıdır və bunun məsuliyyəti eyni zamanda Aİ-nin üzərinə düşür”, bəyanatda deyilir.

Azərbaycan və Ermənistan liderləri arasında Avropa İttifaqı vasitəçiliyi ilə planlaşdırılan son iki görüş baş tutmasa da, Aİ davamlı sülhün əldə edilməsi istiqamətində səyləri davam etdirmək əzmində olduğunu qeyd edib.

Aİ dövlət və hökumət başçıları oktyabr ayında baş tutan sammitdə Azərbaycan və Ermənistan arasında suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında münasibətlərin normallaşdırılmasına və regionda davamlı sülhün əldə olunmasına sadiq olduqlarını, habelə Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıblar.

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 4-ü Almaniyanın xarici işlər naziri Annalena Berbokla Bakıda baş tutan görüşü zamanı Azərbaycanın Ermənistan ilə sülh müqaviləsinin imzalanmasını və regional sülh gündəliyini dəstəklədiyini deyib. Prezident Əliyev bunu bu gün noyabrın 13-də Bakıda ATƏT Parlament Assambleyasının prezidenti Pia Kauma ilə görüşdə də təsdiqləyib.

Ötən şənbə Paris Sülh Forumunda çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan da Ermənistanın ilin sonunadək Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu deyib. Paşinyan qeyd edib ki, Azərbaycan ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı kimi prinsipləri təsdiqləyərsə, sülh müqaviləsi üzrə işlərin 70 faizi tamamlanacaq.

Forum

XS
SM
MD
LG