Accessibility links

Almaniyanın xarici işlər naziri Bakıda İlham Əliyev və hüquq müdafiəçiləri ilə görüşüb


Almaniya xarici işlər naziri Annalena Berbok və Azərbaycan prezidenti İlham Əliyev
Almaniya xarici işlər naziri Annalena Berbok və Azərbaycan prezidenti İlham Əliyev

Almaniyanın xarici işlər naziri Annalena Berbok noyabrın 4-də Azərbaycanda səfərdə olub. O bundan öncə noyabrın 3-də Ermənistanda səfərdə olub və ölkə rəhbərləri ilə danışıqlar aparıb.

Nazir Annalena Berbok Azərbaycana səfəri çərçivəsində Şəhidlər Xiyabanını ziyarət edib, Prezident İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar aparıb.

Görüşlərdə Azərbaycan-Almaniya ikitərəfli əlaqələri, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və bütövlükdə Cənubi Qafqaz regionunda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Almaniyanın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və bu xüsusda Avropa İttifaqının dəstəyi ilə aparılan Brüssel prosesini dəstəklədiyini diqqətə çatdıran Annalena Berbok, həmçinin Azərbaycanın üzləşdiyi humanitar mina probleminin aradan qaldırılmasına kömək göstərməyə hazır olduqlarını bildirib.

Azərbaycan prezidentinin mətbuat xidməti məlumat verir ki, İlham Əliyev Azərbaycanın Cənubi Qafqaz ölkələri arasında regional əməkdaşlığı dəstəklədiyini qeyd edib. Əliyev “lokal xarakterli antiterror tədbirləri” nəticəsində Azərbaycanın suverenliyini bərpa etdiyini və Ermənistan ilə münasibətlərin normallaşdırılmasını, sülh müqaviləsinin imzalanmasını, regional sülh gündəliyini dəstəklədiyini diqqətə çatdırıb.

Bundan əlavə görüş zamanı Azərbaycan ilə Almaniya arasında ikitərəfli əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov və Annalena Berbokun mətbuat konfransı
Ceyhun Bayramov və Annalena Berbokun mətbuat konfransı

Səfərin yekunu ilə bağlı iki ölkənin xarici işlər nazirnin keçirdiyi brifinqdə də əsas leytmotiv ikitərəfli əlaqələr, Ermənistan və Azərbaycan arasında sülh prosesi olub.

İkitərəfli əlaqələrdən danışarkən nazir Bayramov deyib ki, əlaqələr uğurla inikşaf edir.

“Azərbaycanda 200-dən artıq Almaniya şirkəti fəaliyyət göstərir. Almaniyanın Cənubi Qafqazda ticarət dövriyyəsinin 70 faizi Azərbaycanladır. Almaniya şirkətləri Azərbaycana 810 milyon dollar, Azərbaycan tərəfdən isə Almaniyaya 550 milyon dollar sərmayə qoyulub”, o qeyd edib.

Ceyhun Bayramov deyib ki, danışıqlarda sülh təşəbbüsləri, sərhədlərin delimitasiyası və demarkasiyası sahəsində aparılan işlərlə bağlı nazir Annalena Berboka məlumat verib.

O, Azərbaycanın apardığı antiterror əməliyyatından danışarkən deyib ki, Azərbaycan məsələnin dialoq yolu həllini tapması üçün mümkün addımları atıb.

Ceyhun Bayramov və Annalena Berbokun görüşü (Mənbə: Azərbaycan Xarici işlər Nazirliyi)
Ceyhun Bayramov və Annalena Berbokun görüşü (Mənbə: Azərbaycan Xarici işlər Nazirliyi)

“Bunların qarşısını almaq mümkün olmadıqda Azərbaycan bütün beynəlxalq hüququ, humanitar hüququ gözləyərək qısamüddətli antiterror əməliyyatı keçirdi. Bunu BMT missiyası da təsdiq edib”.

Bayramov hesab edir ki, Ermənistanla münasibətlərin normallaşdırılmasının, sülhün alternativi yoxdur.

O, Azərbaycanın bu barədə son təşəbbüslərinə hələ Ermənistan tərəfindən cavab verilmədiyini və cavab gözlədiklərini deyib.

Annalena Berbok bildirib ki, Cənubi Qafqaz Avropa üçün maraqlı bölgədir. Bunun səbəblərinən biri də iqtisadi sahədir.

Onun sözlərinə görə, münaqişənin həlli üçün etimad və inamın qurulması vacibdir.

Nazir, Ermənistanda Qarabağın erməni sakinlərilə görüşdüyünü xatırladıb.

"Onlar qayıda biləcəklərinə ümid edirlər. Azərbaycanın bu insanların geri qayıtması şansını təmin etməsi vacibdir. Bizim bu regionda sülhə ehtiyacımız var. Ardıcıl sülh prosesi həm də Azərbaycanın marağındadır. Hər iki ölkənin ərazi bütövlüyü məsələsi sülh sazişi əsasında olmalıdır. Hər iki tərəfdən eyni mövqeyi eşitməyimə şadam".

O həmçinin deyib ki, Almaniya açıq şəkildə bəyan edib ki, Qarabağ Azərbaycan ərazisidir və Azərbaycanın ərazi bütövlüyü Almaniya tərəfindən hər zaman dəstəklənib.

Bu arada Ceyhun Bayramov bildirib ki, Azərbaycan tərəfi hər zaman Ermənistanla müxtəlif formatlarda görüşlərin keçirilməsini dəstəkləyir.

Nazir deyib ki, bu günlərdə Tehranda Ermənistan xarici işlər naziri ilə görüş keçirib.

"Əsas odur ki, Azərbaycanla Ermənistanın iradəsi olsun, formatlar fərqli olsa da, münasibətlərin normallaşması istiqamətində görüşlər davam etsin".

Nazir Annalena Berbok isə bildirib ki, regionda sülh və əmin-amanlıq üçün bütün təşəbbüslər qiymətləndirilməlidir.

O deyib ki, tərəflərin vasitəçilərlə bağlı müəyyən narahatlıqları var.

"Biz - Almaniya Avropa İttifaqı tərəfdaşı olaraq ortaq yol tapmaq üçün öz əlaqələndirici rolumuzu təklif edirik. Hər iki ölkədəki görüşlərimdən sonra təəssüratım odur ki, tərəflər buna açıqdır. Biz gələcəkdə bu istiqamətdə işləyəcəyimizə nazirlər ümidliydik", o bildirib.

Nazirlər Azərbaycan ərazilərindəki mina təhlükələrinə də toxunub.

Bayramov deyib ki, ərazilərin minalanması ciddi təhdiddir, mülki sakinlərin minaya düşməsi davam edir.

"Problemin tam həcmini öyrənmək üçün zaman lazımdır. Ancaq ilkin hesablamalara görə, son üç il ərzində Qarabağdakı qanunsuz rejim Ermənistanın dəstəyi ilə 480 kilometr ərazini "təmas xətti" fəlsəfəsi ilə minalayıb, minaların dərinliyi hətta 2 kilometrə çatır. Bu isə o deməkdir ki, 960 kvadrat kilometr ərazi minalanıb. Biz orada yüz minlərlə minaların basdırılmasından danışırıq", o qeyd edib.

Azərbaycanlı nazir deyib ki, son 3 il ərzində bu məsələ qaldırılıb, ora hərbi ataşelərin səfərləri təşkil olunub.

"Biz ancaq beynəlxalq səviyyədə çağırışların olmasını görmədik, Ermənistanın qınanmasını görmədik. Bu, suallar doğurur", o bildirib.

Nazir Annalena Berbok bildirib ki, Almaniya və Aİ hər iki ölkəni sülh yolunda dəstəkləməyə hazırdır.

"Avropa formatında müzakirə regiona uzunmüddətli sülh gətirə bilər. Növbəti görüş üçün perspektivimiz var. Biz etimadın qurulması üzərində işləyəcəyik. Qarabağ və onun ətrafında minalanmış ərazilər var. Minlərlə insan həlak olur. Bu hadisələrdən adamın ürəyi parçalanır. Bu barədə bizə məlumat verildi. Biz Azərbaycana minatəmzilənmə prosesində dəstək vermək istəyirik. Mən minalardan təmizlənmə layihəsini azərbaycanlı həmkarıma təqdim etdim. Ottava Konvensiyasının təşviqində Azərbaycanla əməkdaşlığımız vacibdir", Berbok bildirib.

Azərbaycanlı hüquq müdafiəçiləri Almaniya xarici işlər naziri Annalena Berbokla görüşüb
Azərbaycanlı hüquq müdafiəçiləri Almaniya xarici işlər naziri Annalena Berbokla görüşüb

Annalena Berbok azərbaycanlı hüquq müdafiəçiləri ilə ölkədə insan hüquqlarının vəziyyətini müzakirə edib

Bakıda səfərdə olan Almaniyanın xarici işlər naziri Annalena Berbok noyabrın 4-ü azərbaycanlı hüquq müdafiəçiləri ilə də görüşüb.

Görüşdə vəkillər Zibeydə Sadıqova, Elçin Sadıqov, hüquq müdafiəçisi Rüfət Səfərov, habelə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann iştirak edib.

Rüfət Səfərovun Amerikanın Səsinə verdiyi məlumata görə, onlar almaniyalı nazirlə ölkədə insan hüquqlarının, media və vətəndaş cəmiyyətinin mövcud vəziyyəti barədə danışıblar.

“Görüşdə Azərbaycanda insan hüquqlarının mövcud vəziyyəti, repressiv mühit, medianın, vətəndaş cəmiyyətinin, hüquq müdafiə təşkilatlarının durumu, siyasi yüklü inzibati və cinayət təqibləri, o cümlədən Almaniyadan deportasiya edilən, sonradan saxta ittihamlar üzrə həbs olunan, bəzi hallarda işgəncəyə məruz qalan fəalların işləri müzakirə edilib”, Səfərov bildirib.

Hüquq müdafiəçisi onu da əlavə edib ki, müzakirələr zamanı “Azərbaycan-Ermənistan münasibətləri, işğal altında olmuş ərazilərdə aparılan antiterror əməliyyatları, minalanmış ərazilərin xəritələrinin təhvil verilməməsi, hərbçilərin və mülki şəxslərin mina qurbanı olması” kimi mövzular da müzakirə obyekti olub.

Ötən gün Ermənistanda olan Annalena Berbok Yerevana səfəri zamanı Ermənistan və Azərbaycanı Aİ Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə danışıqları tez bir zamanda bərpa etməyə çağırıb.

“Ermənistan və Azərbaycan arasında davamlı sülh üçün danışıqlardan başqa həll yolu yoxdur. Almaniya Ermənistanın və Azərbaycanın ərazi bütövlüklərini dəstəkləyir və bu, bütün sülh danışıqlarının əsasını təşkil etməlidir”, Berbok vurğulayıb.

Ermənistanda olarkən Qarabağdan köçən ermənilərin qəbul mərkəzinə baş çəkən almaniyalı nazir, onlara yardım üçün Almaniya hökumətinin əlavə 9,3 milyon avro maliyyə vəsaiti ayırdığını açıqlayıb.

Nazir kimi Ermənistan və Azərbaycana ilk səfərini edən Annalena Berbok iki ölkə arasında davamlı sülhün və təhlükəsiz gələcəyin mümkün olduğunu, Almaniya və Avropa İttifaqının buna töhfə verə biləcəyini deyib.

Forum

XS
SM
MD
LG