Azərbaycan və Ermənistan liderlərinin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin də iştirakı ilə Brüsseldə oktyabr ayının sonuna planlaşdırılan növbəti görüşü baş tutmayacaq.
Bu barədə Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar məlumat verib və səbəb kimi vaxt çatışmazlığını göstərib. Aİ diplomatı liderlərin yaxın zamanda yenidən görüşməsi üçün Azərbaycan və Ermənistanla məsləhətləşmələr aparıldığını qeyd edib.
“Prosesin ləng olmasına baxmayaraq, biz inanırıq ki, nəticədə sənəd imzalanacaq”, Klaar əlavə edib.
Rəsmi Bakı hələlik məsələyə reaksiya verməsə də, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azadlıq radiosunun Ermənistan xidmətinə bildirib ki, Azərbaycan tərəfi görüş üçün vaxt tapmayıb.
“Ümid edirəm ki, problem, həqiqətən də, konkret tarixlərdədir və ən yaxın vaxtda bu görüşün yeni tarixini razılaşdırmaq mümkün olacaq. Ermənistan Respublikası bu görüşdə iştirak etməyə hazırdır. Biz sülh gündəliyimizə əməl etməkdə davam edirik”, Ararat Mirzoyan deyib.
Bundan əvvəl oktyabrın 5-i Qranada şəhərində Avropa Siyasi Birliyinin üçüncü sammiti çərçivəsində Aİ, Azərbaycan, Ermənistan, Almaniya və Fransa liderləri arasında beştərəfli formatda növbəti görüşün keçirilməsi planlaşdırılsa da, Azərbaycan Türkiyənin görüşdə iştirakına imkan verilməməsi və Fransanın “qərəzli mövqe”yini əsas gətirərək görüşə qatılmayıb.
Qranada görüşündən sonra Şarl Mişel Azərbaycan və Ermənistan liderlərini oktyabrın sonunda Brüsseldə yenidən görüşməyə dəvət edəcəyini açıqlayıb.
Rəsmi Bakı Brüssel formatında danışıqların davam etdirilməsinə sadiq olduğunu bildirib, Azərbaycan prezidenti İlham Əliyev Almaniya kansleri Olaf Şoltsla ayın əvvəlində baş tutan telefon danışığında Brüssel prosesini dəstəklədiyini vurğulayıb.
Öz növbəsində Ermənistan baş naziri Nikol Paşinyan ötən həftə Avropa Parlamentində çıxışı zamanı Ermənistanın ilin sonunadək Azərbaycanla sülh müqaviləsini imzalamağa və münasibətləri tənzimləməyə hazır olduğunu deyib.
Azərbaycan və Ermənistan arasındakı sülh danışıqları prosesi bazar ertəsi Tehranda Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistan xarici işlər nazirlərinin görüşü zamanı da müzakirə edilib. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ötən gün rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığında “Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar edilməsi istiqamətində real şansların olduğu” vurğulayıb.
Bugünədək Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə Şarl Mişelin vasitəçiliyi ilə altı görüş baş tutub. İlk görüş 14 dekabr 2021-ci ildə, ikinci görüş 6 aprel 2022-ci ildə, üçüncü görüş isə 23 may 2022-ci ildə, dördüncü görüş 31 avqust 2022-ci ildə, beşinci görüş bu ilin 14 mayında, sonuncu görüş isə bu ilin iyul ayının 15-də keçirilib.
Forum