Accessibility links

Azərbaycan və Rusiya Azərbaycan-Ermənistan sülh prosesinin perspektivlərini müzakirə edib


Ceyhun Bayramov və İqor Xovayev (Mənbə: Xarici Işlər Nazirliyi)
Ceyhun Bayramov və İqor Xovayev (Mənbə: Xarici Işlər Nazirliyi)

Noyabrın 24-də Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev arasında görüş olub.

Azərbaycan Xarici İşlər Nazirliynin Mətbuat xidməti idarəsinin məlumatına görə, görüşdə Azərbaycan və Ermənistan arasında sülh prosesinin perspektivləri, regionda mövcud vəziyyət və son inkişaflar, eləcə də Tehranda “3+3” regional platforması çərçivəsində keçirilmiş görüşün nəticələri müzakirə olunub.

“Nazir Ceyhun Bayramov, öhdəliklərə zidd olaraq son 3 il ərzində Azərbaycan ərazisindən çıxarılmayan qanunsuz erməni silahlı qüvvələrinə qarşı həyata keçirilmiş anti-terror tədbirləri nəticəsində Azərbaycanın öz suveren ərazilərinə nəzarəti tam olaraq təmin etməsindən sonra, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin qısa müddətdə razılaşdırılması üçün real şansların olduğunu diqqətə çatdırıb.

Qarabağın erməni sakinlərinin Azərbaycanın qanunvericiliyi çərçivəsində ölkəmizin ərazisində Azərbaycan vətəndaşı kimi yaşaması üçün bütün imkanların yaradıldığı, bunun üçün reinteqrasiya məqsədilə müvafiq portalın fəaliyyət göstərdiyi qeyd edilib”, məlumatda bildirilir.

Sergey Lavrov və Ceyhun Bayramov (Arxiv foto. Mənbə: Rusiya Xarici İşlər Nazirliyi)
Sergey Lavrov və Ceyhun Bayramov (Arxiv foto. Mənbə: Rusiya Xarici İşlər Nazirliyi)

Oktyabrın 24-də həmçinin Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, nazirlər oktyabrın 12-də Bişkekdə Müstəqil Dövlətlər Birliyinin (MDB) iclasında Rusiya və Azərbaycan liderləri arasındakı görüşdən irəli gələn məsələləri müzakirə ediblər.

“Oktyabrın 23-də Tehranda xarici işlər nazirləri səviyyəsində “3+3” (Azərbaycan, Ermənistan, İran, Rusiya, Türkiyə. Gürcüstan foruma qatılmayıb-red) formatı çərçivəsində keçirilən iclasın nəticələri yüksək qiymətləndirilib. Bu formatın təbliği üçün işlərin davam etdirilməsi razılaşdırılıb. 2020-2022-ci illər üçün ən yüksək səviyyədə üçtərəfli sazişlər toplusu əsasında Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün səylərin artırılmasının zəruriliyi təsdiq edilib”, Rusiya Xarici İşlər Nazirliyi bildirir.

Oktyabrın 23-də Tehranda Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistan xarici işlər nazirlərinin 3+3 formatında (Gürcüstan iştirak etməyib-red) “Cənubi Qafqazda sülh, əməkdaşlıq və tərəqqi zamanı” mövzusunda Qafqaz regionunda baş verən hadisələrə, o cümlədən Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına həsr olunan görüşü keçirilib.

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Azərbaycan və Ermənistan arasında münaqişə böyük ölçüdə həll olunub, indi tərəflər münasibətlərin tam şəkildə normallaşması üçün növbəti əməli addımlar atmalıdır.

Nazir vurğulayıb ki, heç bir maneə olmadan sülh müqaviləsi bağlanmalı, sərhədlər delimitasiya olunmalı və nəqliyyat əlaqələri qurulmalıdır.

Lavrov deyib ki, Moskva Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasına faktiki kömək etməyə hazırdır: “Bütün ekspertlər yaxşı bilirlər ki, delimitasiya ilə bağlı müzakirə və razılıq əldə etmək üçün lazım olan hər şey, ilk növbədə, sovet dövründən qalan xəritələr Rusiyadadır. Tərəfdaşlar bunu başa düşürlər. Biz çalışmırıq ki, bundan böyük problem yaradaq”, o qeyd edib.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib ki, 3+3 formatında regional görüşün mərkəzi vəzifələrindən biri region ölkələrinin birbaşa iştirakı ilə, regiondankənar oyunçuların müdaxiləsi olmadan regional problemləri həll etməkdir.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller isə Dövlət Departamentində oktyabrın 23-də keçirilən ənənəvi brifinqdə bildirib ki, Ermənistan-Azərbaycan məsələsində, ABŞ danışıqların harada baş verməsindən və kimin ev sahibliyi etməsindən asılı olmayaraq, Cənubi Qafqaz xalqları üçün sülh və sabitliyə töhfə verən istənilən xoşməramlı öhdəliyi alqışlayır.

“Bununla belə, biz Cənubi Qafqazın İran və Rusiya ilə bağlı incə coğrafi mövqeyini tanıyırıq, lakin biz bu ölkələri etibarlı tərəfdaş kimi görməmişik”, o qeyd edib.

Forum

XS
SM
MD
LG