Accessibility links

Dövlət Departamenti: ABŞ-nin məqsədi Cənubi Qafqazda davamlı sülhü təmin etməkdir


Ermənistanın Azərbaycanla səhərində yerəşən Kornidzor kəndinə şəxsi maşınlarında gələn Qarabağ erməniləri. (26 sentyabr, 2023)
Ermənistanın Azərbaycanla səhərində yerəşən Kornidzor kəndinə şəxsi maşınlarında gələn Qarabağ erməniləri. (26 sentyabr, 2023)

ABŞ-ın Cənubi Qafqazda Azərbaycan və Ermənistan münasibətləri ilə bağlı yeganə məqsədi davamlı sülh və sabitliyin təmin edilməsidir.

Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller oktyabrın 10-da ənənəvi brifinqdə Rusiya xarici işlər naziri Sergey Lavrovun “BMT Nizamnaməsinin prinsiplərinə tam şəkildə riayət etmək və qarşılıqlı əlaqə - beynəlxalq sülhün, sabitliyin açarıdır” adlı məqaləsində yer alan fikirləri ilə bağlı Turan agentliyinin sualına cavabda bildirib.

Miller əlavə edib ki, ABŞ həmçinin Qarabağ əhalisinin humanitar ehtiyaclarının və hüquqlarının müdafiəsini təmin etməkdə maraqlıdır.

Lavrov bildirib ki, ABŞ və Avropa İttifaqı Cənubi Qafqazda qeyri-sabitlik toxumu səpməyə davam edir. Əlavə edib ki, Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti Cənubi Qafqaz regionunda dinc həyatın bərqərar olmasına töhfəsini verməyə hazırdır.

Bununla yanaşı, oktyabrın 10-da Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan İctimai Televiziyasına müsahibəsində bildirib ki, Ermənistan suverenlik, bərabərlik və qarşılıqlılıq əsasında Azərbaycan və Türkiyə ilə regional kommunikasiyaları açmağa hazırdır.

Sərhədlərin delimitasiyasına və Azərbaycanın 8 kəndi qaytarmaq tələblərinə toxunan Paşinyan qarşılıqlı iddialar irəli sürüb.

"Azərbaycan 8 kənd məsələsini qaldırır, biz də öz növbəmizdə deyirik ki, bizim də 8 kənd məsələmiz var, çünki elə həmin Tavuş (Tovuz) rayonunda bizim Azərbaycan tərəfindən işğal edilmiş ərazilərimiz var: Berkaber, Ayqeovit, Vazaşenum, Paravakar və digər kəndlər. Biz anklavlar haqqında danışanda deməliyik ki, 28.800 kvadrat kilometrə (Ermənistan ərazisi) daxil olan Artsvaşen də buraya aiddir", Paşinyan qeyd edib.

Paşinyan Ermənistanın "3+3" formatında (Cənubi Qafqazın üç ölkəsi, Türkiyə, Rusiya və İran) görüşlərə hazır olduğunu bildirib, bu formatda növbəti görüşün Tehranda keçirilməsi haqqında razılıq əldə olunduğunu qeyd edib. O, bu formatda danışıqların hansı səviyyədə olmalı olduğuna dəqiqlik gətirilməsi zərurətinə toxunub.

Qarabağda Rusiya sülhməramlılarının gələcək aqibətinə toxunan Paşinyan deyib ki, Rusiya Azərbaycanla bu məsələ ilə bağlı danışıqlar aparır.

"Sülhməramlılar getsə, onların Ermənistandan və ya Azərbaycandan keçib gedəcəyi prinsipial məsələ deyil, lakin sülhməramlı kontingentin Ermənistan ərazisində yerləşdirilməsi üçün heç bir hüquqi əsas yoxdur", o bildirib.

Rusiyanın 102-ci hərbi bazasının gələcəyi haqqında suala cavabda baş nazir bazanın qalacağını təsdiq edib. Ermənistan Rusiyanın 102-ci hərbi bazasının və Rusiya sərhədçilərinin ölkədə qalması məsələsini qaldırmır, belə ki, onların Ermənistanda qalması üçün bütün hüquqi əsaslar var.

Öz növbəsində Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan baş nazirinin müsahibəsinə şərhində delimitasiya prosesinin yalnız xəritələrə əsaslanmaqla deyil, eyni zamanda beynəlxalq hüquqi sənədlərə əsaslanmalı, hər iki ölkə tərəfindən hansısa formada təsdiqlənməli olduğunu bildirib.

“Delimitasiyanın Ermənistanın iddia etdiyi kimi yalnız bir xəritə əsasında edilməsi iddiası heç bir məntiqə sığmır. Ermənistanın Azərbaycanın 8 kəndini işğal altında saxlaması məsələsinə bəraət qazandırmaq məqsədilə guya Azərbaycanın hansısa erməni kəndlərinin ərazisini işğal etdiyi iddiaları səsləndirməsi tamamilə yalandır. Ermənistan beynəlxalq hüququn bütün norma və prinsiplərinə zidd olaraq, eləcə də beynəlxalq humanitar hüququ pozaraq Azərbaycanın 8 kəndini işğal edib, oradakı əhaliyə qarşı kütləvi qırğınlar törədib”, nazirliyin şərhində deyilir.

Forum

XS
SM
MD
LG