Accessibility links

Azərbaycan və Rusiya qlobal və regional məsələləri müzakirə edib


İlham Əliyev və Nikolay Patruşev (Mənbə: Prezident Administrasiyası)
İlham Əliyev və Nikolay Patruşev (Mənbə: Prezident Administrasiyası)

Oktyabrın 10-da Prezident İlham Əliyev və Azərbaycanda səfərdə olan Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ikitətəfli əlaqələri və regional təhlükəsizlik məsələlərini müzakirə edib.

Azərbaycan Prezidentinin Administrasiyasının məlumatında deyilir ki, Prezident Əliyev Azərbaycan ilə Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanmasından keçən dövr ərzində ikitərəfli münasibətlərin “həqiqətən müttəfiqlik xarakteri daşıdığını nümayiş etdirdiyini” deyib və bunun bütün sahələrdə özünü göstərdiyini vurğulayıb.

Azərbaycan Prezidenti regional təhlükəsizlik, iqtisadi əlaqələr, nəqliyyat və digər sahələrlə bağlı əməkdaşlığın bundan sonra da möhkəmlənəcəyinə əminliyini bildirib.

Nikolay Patruşev də Azərbaycan ilə Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanmasından sonra əlaqələrin daha da genişləndiyini vurğulayıb.

Məlumatda deyilir ki, görüşdə qlobal və regional məsələlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb, regional əməkdaşlıq məsələləri müzakirə olunub.

“Azərbaycan Prezidenti regional məsələlərin 3+3 (Azərbaycan, Rusiya, Ermənistasn + Türkiyə, İran, Gürcüstan) formatında region ölkələrinin iştirakı ilə həll edilməsinin vacibliyini vurğulayıb, bu formatda müvafiq səviyyələrdə görüşlərin keçirilməsini qeyd edib”.

Söhbət zamanı Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi istiqamətində Azərbaycan-Rusiya-İran arasındakı əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

Rusiya Təhlükəsizlik Şurasının katibinin səfəri ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun Azərbaycan və Ermənistana səfərindən sonraya təsadüf edir.

ABŞ-ın Azərbaycandakı səfirliyinin Lui Bononun səfəri ilə bağlı məlumatında deyilir ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün ölkələr arasında dialoq aparılmalıdır.

“Ötən gün Bakıda olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Cənubi Qafqazda davamlı və ləyaqətli sülhün əldə edilməsində ABŞ-ın Azərbaycan və Ermənistana dəstəyini müzakirə etmək üçün yüksək vəzifəli şəxslərlə görüşüb. Münasibətlərin normallaşması üçün tərəflər arasında dialoq lazımdır”, ABŞ-ın Azərbaycandakı səfirliyi X (keçmiç Twitter) platformasında qeyd edib.

Oktyabrın 9-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Bakıda səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono regiondakı durumu müzakirə edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatında deyilir ki, görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, regiondakı mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası istiqamətində atılan addımlar barədə fikir mübadiləsi aparılıb.

Xarici İşlər Nazirliynin mətbuat xidməti həmçinin Bayramovun Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası üzrə aparılan işlər barədə məlumat verdiyini bildirib.

Rəsmi Bakı sentyabrın 19-da Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi və qanunsuz silahlı birləşmələrin sıradan çıxarılması üçün “lokal antiterror tədbirləri”nə başladığını bildirib. Sentyabrın 20-də Qarabağ ermənilərinin nümayəndələri Azərbaycanın tələblərini qəbul etdikdən sonra hərbi əməliyyatlar dayandırılıb. Sentyabrın 28-də Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədləri daxilində yerləşən tanınmamış “Dağlıq Qarabağ Respublikası” buraxılıb.

Bundan sonra Qarabağın erməni sakinləri kütləvi şəkildə Ermənistana köç edib. Ermənistanın rəsmi mənbələrinə əsasən, Qarabağdan Ermənistana gələn sakinlərin ümumi sayı 100 mindən artıqdır.

Azərbaycan hökuməti isə öz növbəsində “erməni sakinləri evlərini tərk etməməyə və Azərbaycanın çoxmillətli cəmiyyətinin bir hissəsi olmağa” çağırıb, ölkədə qalmaq qərarı verənlərin hüquqlarına hörmət ediləcəyini vəd edib.

Bununla yanaşı, müşahidəçilər hesab edir ki, Rusiya Sülhməramlı Kontingentinin Azərbaycanın Qarabağ bölgəsində sülhyaratma missiyası başa çaıb. Belə ki, regionda az sayda erməni əsilli sakin qalıb və onların təhlükəsizliyini isə Azərbaycan polisi təmin edir.

Oktyabrın 10-da Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib ki, artıq Qarabağda Rusiya sülhməramlılarının bir sıra stasionar və müvəqqəti müşahidə postları yığışdırılıb. Sülhməramlılara aid prinsipial məsələlər Bakı ilə müzakirə olunur.

“Rusiya sülhməramlı kontingentinin regionda yerləşməsi şərtlərində ciddi dəyişikliklər edilib, sülhməramlıların fəaliyyəti yeni şəraitə uyğunlaşdırılacaq”, o qeyd edib.

Zaxarova yeni şəraitin məzmunu ilə bağlı açıqlama verməyib.

2020-ci il noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatına əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilib. Rusiya sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG