Accessibility links

AŞPA-nın payız sessiyasında Qarabağda humanitar vəziyyətlə bağlı müzakirələr gözlənilir


Avropa Şurası Parlament Assambleyasının Strasburqdakı qərargahı
Avropa Şurası Parlament Assambleyasının Strasburqdakı qərargahı

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu həftə baş tutacaq payız sessiyasında Qarabağda humanitar vəziyyətə dair müzakirələrin keçiriləcəyi gözlənilir. “Dağlıq Qarabağda humanitar vəziyyət” başlıqlı mövzu AŞPA-nın təcili prosedur qaydası üzrə irəli sürülüb və parlamentarlar mövzunun gündəliyə salınması üçün səsvermə keçirəcək.

Digər tərəfdən həftənin cümə axşamı AŞPA-da “Qarabağ ermənilərinin insan hüquqları və humanitar vəziyyəti, Azərbaycanın beynəlxalq öhdəlikləri” mövzusunda ictimai dinləmələr keçiriləcək. Dinləmələr AŞPA-nın üç komitəsi - Hüquq məsələləri və İnsan Hüquqları, Miqrasiya, Qaçqınlar və Köçkünlər və Monitorinq komitələri tərəfindən təşkil edilir.

AŞPA-da bu həftə həmçinin Azərbaycanda insan hüquqlarının vəziyyəti, ölkədə siyasi motivli həbslər barədə müzakirələr keçiriləcək. Çərşənbə günü “Qubad İbadoğlunun həbsi və Azərbaycanda siyasi məhbusların vəziyyəti” başlıqlı paralel tədbir planlaşdırılıb. Tədbirdə AŞPA-nın siyasi məhbuslar üzrə baş məruzəçisi Sunna Evarsdottir, AŞPA-nın Azərbaycanda jurnalistlərə və hüquq müdafiəçilərinə qarşı təhdidlərlə bağlı məruzəçisi Hanna Bardell və Niderlandan olan deputat Piter Omçiqt çıxış edəcək.

İslandiyalı deputat, Azərbaycanda siyasi məhbuslara dair qətnamənin müəllifi Sunna Evarsdottir avqustun 24-ü yaydığı bəyanatda Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun dərhal azadlığa buraxılmasına çağırıb.

“Mən ona qarşı ittihamların onun fəallığından irəli gəlməsi və siyasi motivli olmasından narahatam. Azərbaycan hakimiyyətini Qubad İbadoğlu üçün insani şəraiti, o cümlədən zəruri qida və tibbi yardıma çıxışını təmin etməyə, Azərbaycan hökumətini siyasi motivli ittihamların götürülməsi və onun dərhal azad edilməsi üçün lazım olan bütün addımları atmağa çağırıram”, Sunna Evarsdottir vurğulayıb.

Azərbaycanın adı həmçinin “Pegasus və oxşar casus proqramları və gizli dövlət nəzarəti”nə dair hesabatın müzakirələrində hallanacaq. Çərşənbə günü AŞPA Piter Omçiqtin bu mövzuda hazırladığı hesabat ətrafında müzakirələr aparacaq, qətnamə layihəsi səsverməyə çıxarılacaq.

Ötən ay AŞPA-nın Hüquq məsələləri və İnsan hüquqları Komitəsi niderlandlı deputatın hazırladığı qətnamə layihəsini qəbul edərək Azərbaycan da daxil olmaqla beş ölkəyə Pegasus və digər casus proqramlarından sui-istifadə halları ilə bağlı çağırış edib.

Cari və təcili debatlar üzrə prosedur üzrə AŞPA-nın gündəliyinə “Osman Kavalanın təcili azadlığa buraxılmasına çağırış”, “HƏMAS-ın İsrailə son hücumundan sonra Yaxın Şərqdə zorakılığın artması”, “Ukraynada ədalətli sülhün, Avropada davamlı sülhün təmin edilməsi”, və “Dənizdə miqrant ölümləri” kimi mövzuların salınması təklif edilib.

Həftə ərzində həmçinin AŞPA-nın Azərbaycandan olan deputatı Səməd Seyidovun hazırladığı “İfrat sağçı ideologiyanın Avropada demokratiya və insan haqlarına meydan oxuması” mövzusunda hesabatının ətrafında müzakirələr keçiriləcək.

Bundan əlavə, payız sessiyasında AŞPA-nın insan hüquqları sahəsində fəaliyyətə görə təqdim etdiyi Vaslav Havel mükafatının bu ilki qalibi elan ediləcək. Türkiyədə həbsdə olan insan hüquqları müdafiəçisi Osman Kavala, Polşalı insan hüquqları vəkili, qadın haqlarının müdafiəçisi Yustina Vidjinska və ukraynalı insan hüquqları fəalı Yevgeni Zaxarov mükafata namizədlər arasındadır.

AŞPA-da həmçinin Rusiya və Belarusun demokratik müxalifəti və vətəndaş cəmiyyəti üzvləri ilə birgə dinləmələr keçiriləcək.

Çərşənbə axşamı Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç Assambelyada çıxış edəcək və parlamentarların suallarını cavablandıracaq. Cümə axşamı isə Avropa İttifaqının ədalət komissarı Didye Reyndersin AŞPA-da çıxışı gözlənilir.

Forum

XS
SM
MD
LG