Accessibility links

AŞPA Komitəsi Azərbaycan və digər dörd ölkəyə Pegasus casus proqramı ilə bağlı çağırış edib


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquq məsələləri və insan hüquqları Komitəsi Azərbaycan da daxil olmaqla beş ölkəyə Pegasus və digər casus proqramlarından sui-istifadə halları ilə bağlı çağırış edib.

Hüquq məsələləri və insan hüquqları Komitəsi sentyabrın 8-də Parisdə baş tutan iclasında “Pegasus və oxşar casus proqramları və gizli dövlət nəzarəti” başlıqlı qətnamə layihəsi qəbul edib. Niderlanddan olan deputat Piter Omçiqtin hazırladığı hesabatda Avropa Şurasına üzv ölkələrdə casus proqramlarından sui-istifadə halları ilə bağlı artan sübutların olduğu qeyd edilib.

Komitə “dövlət orqanlarının casus proqramlardan siyasi məqsədlər üçün istifadəsini” birmənalı olaraq pisləyib, Azərbaycan, Polşa, Macarıstan, Yunanıstan və İspaniya hökumətlərini casus proqramlarından sui-istifadə hallarını operativ və tam şəkildə araşdırmağa, aşkar edilən pozuntularla bağlı tədbir görməyə və zərərçəkənlərə kompensasiya ödəməyə çağırıb. Sözügedən ölkələr həmçinin növbəti üç ay ərzində məsələ ilə bağlı AŞPA-nı və Avropa Şurası Venesiya Komissiyasını məlumatlandırmağa dəvət edilib.

İclas zamanı çıxış edən AŞPA üzvləri qeyd edib ki, cinayətin qarşısının alınması və ya milli təhlükəsizliyin qorunması kimi hallar istisna olmaqla, digər məqsədlər üçün siyasi opponentlərin, dövlət məmurlarının, jurnalistlərin, hüquq müdafiəçilərinin və vətəndaş cəmiyyətinin gizli şəkildə izlənilməsi Avropa İnsan Hüquqları Konvensiyasının açıq şəkildə pozulmasıdır.

Hesabat AŞPA-nın oktyabr ayında keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq və qətnamə layihəsi səsverməyə qoyulacaq.

2021-ci ilin iyulunda Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsinin (OCCRP) yaydığı “Pegasus Project” başlıqlı araşdırmaya əsasən, Azərbaycan öz vətəndaşlarının İsrailin NSO Group şirkətinin istehsalı olan Pegasus casus proqramı vasitəsilə gizli izlənilməsini həyata keçirib. Hədəfə alınanların siyahısında jurnalistlər, hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti üzvləri, siyasi-ictimai fəalların daxil olduğu 200-dən çox şəxsin adı hallanıb.

Forum

XS
SM
MD
LG