Accessibility links

ABŞ dörd xarici şirkəti “zərərli kiber fəaliyyət”ə görə “qara siyahı”ya salıb


ABŞ hökuməti dörd xarici texnologiya şirkətini məhdudlaşdırılmış şirkətlər siyahısına əlavə edərək, onların "xarici hökumətlərə casus proqramlar hazırladığını və təmin etdiyini" və casus proqramın "hökumət rəsmilərini, jurnalistləri, iş adamlarını, fəalları, alimləri və səfirlik işçilərini qəsdən hədəfə almaq üçün istifadə edildiyini" bildirib.

Dövlət Departamenti şirkətləri “ABŞ-ın milli təhlükəsizliyinə və ya xarici siyasət maraqlarına zidd fəaliyyət göstərməkdə” ittiham edib.

Bunlar İsrailin NSO Group və Candiru, Rusiyanın Positive Technologies və Sinqapurun Computer Security Initiative Consultancy PTE şirkətləridir.

İndi bu şirkətlər öz məhsullarını ABŞ-a ixrac etməkdə ciddi məhdudiyyətlərlə üzləşəcək və bu, ABŞ kibertəhlükəsizlik şirkətlərinin onlara məhsullarının inkişafında faydalı ola biləcək məlumatları satmasını çətinləşdirəcək.

"Bu addım vətəndaşların rəqəmsal təhlükəsizliyini yaxşılaşdırmaq, kibertəhlükələrlə mübarizə aparmaq və qeyri-qanuni nəzarəti azaltmaq məqsədi daşıyır" – deyə, Dövlət Departamenti bildirib.

Reuters agentliyinin məlumatına görə, həm NSO Group, həm də Candiru öz məhsullarını avtoritar rejimlərə satmaqda günahlandırılıb. NSO məhsullarından sui-istifadənin qarşısını almaq üçün tədbirlər gördüyünü qeyd edib.

“Positive Technologies” əvvəllər də Rusiya təhlükəsizlik qüvvələrinə yardım etdiyi iddiası ilə Bayden administrasiyası tərəfindən sanksiyaya məruz qalmışdı. Şirkət yanlış bir şey etmədiyini deyib.

Şirkətlərdən heç biri qara siyahıya salınması ilə bağlı şərh verməyib.

Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi (OCCRP) Azərbaycanda jurnalistlərin və başqa ictimai fəalların telefonlarının izlənməsinə dair bu ilin iyulun 18-də yaydığı araşdırmaya əsasən, Azərbaycan jurnalistlərinə qarşı İsrailin kiber-izləmə qurğularını istehsal edən NSO Group şirkətinin casus proqramından istifadə etmişdi. Sızdırılan şübhəli hədəflər siyahısında 200-dən çox şəxsin adı hallanıb.

Bu proqram, yüksək dərəcədə dəqiqliklə hazırlanmış və qorxunc imkanları sayəsində istifadəçini izləyə, ondan gizli olaraq müxtəlif əməliyyatlar aparmağa qadirdir. Pegasus, telefon zənglərini yaza və mətn mesajlarını oxuya bilir, telefonda olan bütün foto və şifrələri götürmək, GPS-i izləmək və gizli şəkildə audio, video yazmaq qabiliyyətindədir. Telefon sahibinə kiçik bir qüsuru göstərəcək signal belə vermədən Pegasus, bütün məlumatları onun gizli operatorlarına asanlıqla yönəldə bilir.

Proqram İsrailin özəl kiber-nəzarət şirkəti olan NSO Group tərəfindən yaradılıb və göründüyü kimi dünyada avtokratik rejimlərdən biri kimi tanınan Azərbaycana tədarük edilib.

NSO Group çox gizli bir şirkət olduğundan bugünədək Azərbaycan hakimiyyətinin onun müştərisi olub-olmaması təsdiq edilməmişdi. Lakin mindən çox sızdırılan Azərbaycan mobil nömrələrinin dəqiq siyahısı bu proqramın hansı məqsədlə istifadə edildiyini açıq göstərir.

Jurnalistlər qeyd edilən mobil nömrələrin istifadəçilərini müəyyənləşdirmək üçün aylar sərf ediblər və nəticədə siyahının dörddəbirini dəqiqləşdirməyə nail olublar.

NSO Group özünü terror və cinayəti vaxtında müəyyən edib qarşısını almaqda dövlətlərə yardım edən bir şirkət kimi qələmə versə də, Azərbaycan bu alətdən sistematik şəkildə sui-istifadə edib. Jurnalistlər müəyyən ediblər ki, siyahıdakı nömrələrdən bəziləri jurnalist, fəal, vəkil və ölkənin müxalif düşərgələrində mübarizə aparan şəxslərə aiddir.

İnsan haqları müdafiəçiləri və media azadlığı təşkilatları dünya miqyasında 180 jurnalistin İsrailin hərbi səviyyəli casus proqramı tərəfindən hədəf alındığı xəbərlərinə görə qəzəblərini ifadə edir. Dünya boyu rezonans doğurmuş skandalda Fransa prezidenti Emmanuel Makron kimi hədəf alınan bir sıra dünya liderlərinin də adı qeyd edilir.

İsrailin özəl NSO Group şirkətinin Pegasus izləmə proqramını dünya hökumətlərinə satması ilə bağlı açıqlamaların doğurduğu əks səda artmaqdadır. Bəziləri bu proqramdan jurnalistlər və insan haqları fəalları və hətta Fransa prezidenti Emmanuel Makron da daxil olmaqla hökumət liderlərinə qarşı istifadə edib. Makron təhqiqata çağırıb, İsrail isə araşdırma üçün işçi qrupunun yaradıldığını bildirib.

NSO Group casus proqramın cinayətkarlar və terrorçuların ələ keçirilməsinə kömək məqsədi ilə yaradıldığını bildirir.

XS
SM
MD
LG