Accessibility links

Azərbaycanda insanların casus proqramı vasitəsi ilə izlənilməsi və tənqidi qeydlər


Pegasus proqramı
Pegasus proqramı

Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi (OCCRP) iyulun 18-də yaydığı yeni araşdırmada bildirilir ki, Fransanın Forbidden Stories qeyri-hökumət təşkilatı və müxtəlif ölkələrdən 17 KİV İsrailin NSO Group şirkəti tərəfindən işlənib hazırlanmış Pegasus proqramı vasitəsilə bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda siyasətçilərin, jurnalistlərin və fəalların izlənildiyinin üstünü açıb.

Hüquq müdafiəçiləri və jurnalistlər dinlənilən mobil telefonların siyahısını əldə etməyə müvəffəq olub. Siyahıda 50 min nömrə var.

Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsinin araşdırmasının həmmüəllifi Miranda Patruçiç Amerikanın Səsinə bildirib ki, siyahıda Azərbaycandan 1000-dən çox telefon nömrəsi var.

“Əslində, biz çox qısa siyahını və ya hədəf alınan insanların çox qısa siyahısını paylaşmışıq. Biz təxminən 250 nəfərin kimliyini müəyyən edə bilmişik. Bu isə bütün siyahının sadəcə dörddə biridir,” o qeyd edib.

İnsanlarlın izlənilməsi və dinlənilməsi ilə bağlı məlumatların dərc edilməsi Azərbaycanda geniş tənqidlərə yol açıb.

Rəsmi qurumlar hələ bu məlumatlara münasibət bildirməsə də müxalifət liderləri, ictimai fəallar və jurnalistlər izlənmələri ilə bağlı məhkəmələrə üz tutacaqlarını bildirib.

Şahin Hacıyev
Şahin Hacıyev

Şahin Hacıyev: Avtoritar rejim medanı özünə tabe etdirmək prinsipindən heç vaxt imtina etməyəcək

Nəsəf Nəcəfov Fondunun icraçı direktoru Şahin Hacıyev Amerikanın Səsinə deyib ki, hökumətin müstəqil və onu təniqd edən qüvvələri, o cümlədən medianı və jurnalistləri daim izləməsi sirr deyil.

“Bu həmişə belə olub. Texnologiyalar yeniləndikcə bu sistem də təkmilləşir. Pegasus proqramı da bu texnologiyanın son versiyasıdır.”

Hətta hökumətin onunla əməkdaşlıqda olan, ondan pul alan jurnalistlərə də etibar yoxdur. Onları yoxlayırlar ki, pulu alıb əslində nə işlə məşğul olurlar.
Şahin Hacıyev, jurnalist

O təəssüflə bildirib ki, Pegasus proqramı vasitəsi ilə Azərbaycanda da insanlar izlənilib.

“Ölkədə insanların izlənilməsi və dinlənilməsi əslində söz azadlığı, media azadlığı ilə yanaşı demokratiyanın vəziyyətinin göstəricisidir. Yəni hakimiyyət üçün müstəqil media siyasi faktordur. Məqsəd ictimai rəyi formalaşdıra bilən, ictimai rəyə təsir göstərə bilən medianın kifayət qədər qarşısını almaq, buna imkan verməmək və hamını nəzarəətdə saxlamaqdır. Maraqlısı da budur ki, izlənilənlərin xeylisi, o media, o jurnalistlərdir ki, çoxdan hökumətə işləyir. Hətta hökumətin onunla əməkdaşlıqda olan, ondan pul alan jurnalistlərə də etibar yoxdur. Onları yoxlayırlar ki, pulu alıb əslində nə işlə məşğul olurlar.”

Hacıyev hesab edir ki, izləmə və dinləmə bundan sonra da olacaq.

“Bu olub və gələcəkdə də olacaq. Gələcəkdə yeni texnologiyalar yarandıqca izləmənin forması dəyişəcək. Yəni medianı özünə tabe etdirmək prinsipindən heç bir avtoritar rejim heç vaxt imtina etməyəcək. Çalışacaq ki, rüşvətlə, təzyiqlə, qorxu ilə medianı nəzarətdə saxlasın. Bu Azərbaycanda 20 ildən çoxdur davam edir,” o qeyd edib.

Əli Kərimli
Əli Kərimli

Əli Kərimli: Mindən artıq adamın izlənməsinə 500 milyon manata yaxın vəsait xərclənib

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bildirib ki, canını, sağlamlığını qurban vermək bahasına Vətən torpağını azad edən qaziyə aylıq 300-400 manat müavinəti vermirlər ki, pulları yoxdur.

“Ancaq 1038 nəfər azərbaycanlını güdmək, izləmək, səsini, görüntüsünü yazmaq üçün hər birinə yarım milyon manat xərcləyiblər. Bütövlükdə mindən artıq adamın izlənməsinə 500 milyon manata yaxın vəsait xərcləyiblər. 500 milyon manat bilirsiniz nə qədər puldur? 500 milyon manatla şəhid ailələrinin hər birinə 11 min manat yox, 50 min manat, qazilərimizə 4-6-8 min manat yox, 30-40 min manat sığorta pulu vermək olardı. Ya da həmin pulla şəhid ailələrinə verilən müavinəti 500 manatdan 1000 manata, qazilərimizin müavinətini 300-400 manatdan 700-800 manata, veteranların 8 aydır onsuz da ala bilmədiyi 80 manatlıq müavinəti 200 manata qaldırmaq olardı. Qalan pula da şəhid ailələri və qazilərə ev tikib vermək olardı,” o qeyd edib.

1038 nəfər azərbaycanlını güdmək, izləmək, səsini, görüntüsünü yazmaq üçün hər birinə yarım milyon manat xərcləyiblər. Bütövlükdə mindən artıq adamın izlənməsinə 500 milyon manata yaxın vəsait xərcləyiblər.
Əli Kərimli, AXCP sədri

AXCP sədri hesab edir ki, İlham Əliyev hökuməti üçün müxalifəti, jurnalistləri, hətta öz ətraflarını pusmaq gerçək Qarabağ qəhrəmanlarına qayğıdan çox-çox önəmli işdir.

“Hakimiyyət dövlətin bütün resurslarını yuvarlaq götürsək, 3 hissəyə bölüb. Resursların az bir qismi sosial ödənişlərə, ordu və digər zəruri büdcə xərclərinə ödənilir ki, xalqın fiziki mövcudluğu saxlanılsın. Resurslarln ən mühüm hissəsi oğurlanıb xaricdəki ofşor hesablara və buradakı holdinqlərin hesabına köçürülür. Dövlət resurslarının qalan hissəsi də indiyə qədər oğurlanmış vəsaitlərin və oğurluq fürsəti yaradan kürsünün qorunmasına xərclənir. Mindən artıq azərbaycanlını güdmək üçün xərclənən yarım milyard manat da kürsünü və indiyə qədər oğurladıqlarını qorumaq üçün xərclənib. Yarım milyarda yaxın xərc çəkib, mindən artıq azərbaycanlını izləmək, onların səsini, görüntüsünü qeydə almaq yalnız iri miqyaslı oğurluq deyil, həm də mindən artıq konkret cinayət əməlidir, konstitusiyanın tapdalanmasıdır, şəxsi həyata müdaxilədir,” Kərimli qeyd edib.

Cəmil Həsənli
Cəmil Həsənli

Cəmil Həsənli: Vətəndaşların dinlənilməsi və izlənilməsi dövləti cinayətdir

Demokratik Qüvvələrin Milli Şurasının sədriCəmil Həsənli hesab edir ki, Azərbaycan hakimiyyətinin İsrailin NSO Group Pegasus casusluq proqramı və digər gizli texniki vasitələrlə öz vətəndaşlarını dinləməsi və izləməsi dövləti cinayətdir.

Burada dövlətin öz vətəndaşlarına qarşı törətdyi antikonstitusyon əməldən: hüquqi, siyasi, sosial, özəl həyata müdaxilə, milli və transmilli, mənəvi cinayətlərdən söhbət gedir.
Cəmil Həsənli, Milli Şuranın sədri

“Hər halda törədilən cinayətin miqyası dinləmə və izləmədən daha genişdir. Burada dövlətin öz vətəndaşlarına qarşı törətdyi antikonstitusyon əməldən: hüquqi, siyasi, sosial, özəl həyata müdaxilə, milli və transmilli, mənəvi cinayətlərdən söhbət gedir. Həm də bu cinayət əməlli sistemli və silsilə xarakteri almaqla fasiləsiz davam edib, gündəlik təkrar olunub. Cinayət şüurlu şəkildə törədilib və İlham Əliyev başda olmaqla vəzifəli şəxslərdən ibarət mütəşəkkil dəstə tərəfindən həyata keçirilib. Müxalif dairələr, siyasi partiyaların və hərəkatların rəhbərliyində tmsil olunan şəxslər, jurnalistlər, vətəndaş cəmiyyəti təmsilçiləri, gənclər təşkilatı fəalları, inanclı insanlar, müxtəlif peşə sahibləri, o cümlədən vəkillər, ayrı-ayrı vəzifəli şəxslər və hətta sadə vətəndaşlar fərdi və qrup halında izləniliblər.”

Həsənlinin fikrincə, dinləmə və izləmənin nəticələrindən siyasi rəqibləri təqib etmək, ləkələmək, azad sözü boğmaq, mətbuatı susdurmaq, peşə fəaliyyətinin yerinə yetrilməsini önləmək, kütləvi həbslər həyata keçirmək, rəqiblərə qarşı ssenariləşdirilmiş əməliyyatlar keçirmək, kriminal, kleptokratik, korrupsioner ailə hakimiyətini qorumaq və daha da möhkəmləndirmək, avtoritarizm və totalitarizmi bərqərar etmək məqsədləri üçün istifadə edilib.

“Görünən odur ki, Azərbaycan cinayət məcəlləsinin elə bir maddəsi və hər hansı maddəsinin elə bir bəndi və yarımbəndi yoxdur ki, bizim müzəffər və onun mütəşəkkil "çete" şəbəkəsi cinayət - həm də dövlətin resurslarını cəmiyyətə qarşı səfərbər etməklə qanunsuzluq törətməmiş olsun. Heyrətamiz məqamlar hələ qarşıdadır,” müxalifət lideri facebook səhifəsində yazıb.

Rəşid Hacılı
Rəşid Hacılı

Rəşid Hacılı: O biri bahalı dinləmələr də ləğv edilməyib

Media hüquqları üzrə ekspert Rəşid Hacılı bildirib ki, Pegasusla güdmə bütün başqa güdmələrdən daha mükəmməl və ucuzdur.

Əvvəllər MTN-nin bir, Daxili İşlər Nazirliyinin bir, Xüsusi İdarənin bir idarəsi güdmə ilə məşğul idi.
Rəşid Hacılı, media hüququ üzrə ekspert

“Əvvəllər MTN-in (ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi-red) bir, Daxili İşlər Nazirliyinin bir, Xüsusi İdarənin bir idarəsi güdmə ilə məşğul idi. Çox çətin və bahalı. İndi hər şey ovcunun içindədir. Rəhbərlik kimin haqqında məlumat istəyə bilərsə, güdürlər. Orden verdiklərini də, vəzifə verdiklərini də. Bir növ öncədən yoxlama. Bəzən xüsusi hallar da olur təbii. Kimsə müvəqqəti şübhə və müşahidə altına düşür. Amma o biri bahalı dinləmələr də ləğv edilməyib. Onlar da qalır,” ekspert qeyd edib.

Khadija Ismayil Miranda Patrucic
Khadija Ismayil Miranda Patrucic

Xədicə İsmayıl: Ətrafımdakı insanların əksəriyyəti hədəfdir

Jurnalist Xədicə İsmayılın izlənilən və dinlənilənlər arasında olduğu bildirilir

O, Facebook səhifəsində yazıb ki, son iki ildə kiminlə ünsiyyətdə olubsa, dostlarından tutmuş, taksi sürücüsünədək, demək olar ki, hamının telefonuna virus salıblar.

“Telefonla nə etmisizsə, izlənib. Telefonlarınızdan səsyazma, videogörüntü yazma üçün istifadə etmək imkanı verən virusdur. Ətrafımdakı insanların əksəriyyəti zatən özlüyündə hədəfdir - tənqidçi, aktivist, yaxud jurnalist olduqları üçün,” o qeyd edib.

Jurnalistə ekspertlər məsləhət görüb ki, məhrəm söhbətlər etdiyi mesaj proqramlarını ayrıca smartfonda saxlasın.

Telefonla nə etmisizsə, izlənib. Telefonlarınızdan səsyazma, videogörüntü yazma üçün istifadə etmək imkanı verən virusdur.
Xədicə İsmayıl, jurnalist

“Həmin smartfona heç vaxt simkart salmayın. İmkan daxilində 0-dan başlayın. Əgər imkan yoxdursa, formatlayın, sonra simkartsız işlədin. Azı gündə bir dəfə yandırıb söndürün. Daim update edin. Həmin telefonda başqa proqramları əngəlləyin. İmessage, Facetime-ı telefonu alan kimi əngəlləyin. Oyun yükləməyin. Musiqi proqramlarından istifadə etməyin. Bu telefonu wifi ilə şəbəkəyə qoşub işlədin. Şübhəli linklərə daxil olmaq olmaz, ilk dəfə mesaj yazanların kimliyini yoxlamaq vacibdır.

Simkartınızı köhnə, ağıllı olmayan düyməli telefona qoyun. İmkan daxilində mesajlaşma proqramlarınızı xarici nömrə ilə idarə edin.

Əgər wifi olmayan yerlərdə çox olursunuzsa, ya daşına bilən mobil hotspot aparatı, ya da hotspot aça biləcəyiniz başqa telefon da gəzdirin, amma çox məhrəm söhbətlərinizi onun da yanında etməyin. Vpn vacibdir. Telefonları yandırıb söndürmək, davamlı update etmək işlətdiyiniz bütün ağıllı cihazlara aiddir. Yalnız fiziki olaraq telefonları bir-birinə göstərdikdə ilk əlaqəni quran mesajlaşma proqramları var. Onları da araşdırıb, imkanlarını nəzərdən keçirin,” jurnalist facebook səhifəsibndə qeyd edib.

XS
SM
MD
LG