Accessibility links

Avropa liderləri Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb


Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolz Qranadada Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

Onlar Ermənistanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına sarsılmaz dəstəklərini vurğulayıblar. Həmçinin Aİ-Ermənistan münasibətlərinin bütün ölçülərdə Ermənistan Respublikasının ehtiyaclarına əsaslanaraq gücləndirilməsini dəstəklədikləri bildirilib. Avropa liderləri son vaxtlar Qarabağ ermənilərinin kütləvi köçünün nəticələri ilə üzləşdiyi üçün Ermənistana əlavə humanitar yardımın göstərilməsinin zəruriliyi barədə razılığa gəliblər.

Vurğulanıb ki, bu qaçqınlar öz evlərinə və yaşayış yerlərinə qayıtmaq hüquqlarını heç bir şərt olmadan, beynəlxalq monitorinq altında, öz tarixlərinə, mədəniyyətlərinə və insan hüquqlarına lazımi hörmətlə yanaşılmaqla azad şəkildə həyata keçirməlidirlər.

Prezident Mişelin 14 may və 15 iyul 2023-cü il bəyanatlarında qeyd olunduğu kimi onlar Ermənistan (29,800 km2) və Azərbaycanın (86,600 km2) suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına yönəlmiş bütün səylərə sadiq qalırlar. Onlar güc tətbiq etməmək və güc tətbiqi ilə hədələmə prinsipinə ciddi riayət etməyə çağırıblar.

Görüş iştirakçıları sabiq SSRİ Baş Qərargahının tərəflərə təqdim etdiyi ən son xəritələri əsasında sərhədin delimitasiyası istiqamətində təcili iş aparılmasının zəruriliyini vurğuladılar ki, bu xəritələr həm də qüvvələrin bir-birindən uzaqlaşdırılması, sülh müqaviləsinin yekunlaşdırılması və bütün humanitar məsələlərin həlli üçün əsas olmalıdır.

Onlar daha geniş regional əməkdaşlığa və bütün sərhədlərin, o cümlədən Ermənistan və Türkiyə arasındakı sərhədin yenidən açılmasına, habelə ölkələrin suverenliyinə, yurisdiksiyasına tam hörmət, bərabərlik və qarşılıqlılıq prinsiplər əsasında regional əlaqələrinin açılmasına çağırıb.

Avropa liderləri Ermənistan və Azərbaycanı bütün məhbusları azad etməyə, itkin düşənlərin taleyini həll etmək və minalardan təmizləmə işini asanlaşdırmaq üçün əməkdaşlığa çağırıblar.

Azərbaycanın iqtidara yaxın mediasının yazdığına görə, Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirakdan imtina edib.

Sammit zamanı Azərbaycan prezidenti ilə Ermənistan baş naziri Nikol Paşinyan arasında sülh danışıqlarının keçirilməsi planlaşdırılırdı.

Bu barədə hələ rəsmi açıqlama olmasa da, yerli mətbuatın bildirdiyinə görə, rəsmi Bakının Qranadada keçirilməsi planlaşdırılan beştərəfli sülh danışıqlarından imtinasına səbəb Azərbaycanın görüşdə Türkiyənin təmsil olunmasını istəməsi, amma Fransa və Almaniyanın buna etiraz etməsi olub.

Forum

XS
SM
MD
LG