Accessibility links

ABŞ-ın Azərbaycandakı səfirliyi: Münasibətlərin normallaşması üçün Azərbaycan və Ermənistan arasında dialoq lazımdır


Ceyhun Bayramov və Lui Bono (Mənbə:Xarici İşlər Nazirliyi)
Ceyhun Bayramov və Lui Bono (Mənbə:Xarici İşlər Nazirliyi)

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün ölkələr arasında dialoq aparılmalıdır.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin X (keçmiç Twitter )sosial şəbəkəsindəki səhifəsində yazılıb.

“Ötən gün Bakıda olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Cənubi Qafqazda davamlı və ləyaqətli sülhün əldə edilməsində ABŞ-ın Azərbaycan və Ermənistana dəstəyini müzakirə etmək üçün yüksək vəzifəli şəxslərlə görüşüb. Münasibətlərin normallaşması üçün tərəflər arasında dialoq lazımdır”, paylaşımda qeyd edilib.

Oktyabrın 9-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Bakıda səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono regiondakı durumu müzakirə edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin məlumatında deyilir ki, görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, regiondakı mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası istiqamətində atılan addımlar barədə fikir mübadiləsi aparılıb.

XİN mətbuat xidməti həmçinin Bayramovun Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası üzrə aparılan işlər barədə məlumat verdiyini bildirir.

Rəsmi Bakı sentyabrın 19-da Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi və qanunsuz silahlı birləşmələrin sıradan çıxarılması üçün “lokal antiterror tədbirləri”nə başladığını bildirib. Sentyabrın 20-də Qarabağ ermənilərinin nümayəndələri Azərbaycanın tələblərini qəbul etdikdən sonra hərbi əməliyyatlar dayandırılıb. Sentyabrın 28-də Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədləri daxilində yerləşən tanınmamış “Dağlıq Qarabağ Respublikası” buraxılıb.

Bundan sonra Qarabağın erməni sakinləri kütləvi şəkildə Ermənistana köç edib. Ermənistanın rəsmi mənbələrinə əsasən, Qarabağdan Ermənistana gələn sakinlərin ümumi sayı 100 mindən artıqdır.

Azərbaycan hökuməti isə öz növbəsində “erməni sakinləri evlərini tərk etməməyə və Azərbaycanın çoxmillətli cəmiyyətinin bir hissəsi olmağa” çağırıb, ölkədə qalmaq qərarı verənlərin hüquqlarına hörmət ediləcəyini vəd edib.

Forum

XS
SM
MD
LG