Accessibility links

BMT-nin humanitar qrupu Ermənistan və Azərbaycandakı qiymətləndirmə missiyasını başa vurub


Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Koordinasiyası İdarəsinin (OCHA) komandası Qarabağ regionunda insanların, eləcə də Ermənistana gedən qaçqınların ən aktual ehtiyaclarını müəyyən etmək üçün oktyabrın 5-də Azərbaycan və Ermənistana bir həftəlik missiyanı başa vurub.

Bu barədə BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsi oktyabrın 9-da məlumat yayıb.

Məlumatda deyilir ki, təşkilatın koordinasiya direktoru Ramesh Rajasinghamın rəhbərlik etdiyi OCHA komandası oktyabrın 1-də BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreeva və BMT agentliklərinin nümayəndələrini Qarabağda müşayiət edib. Ziyarət edilən şəhər ərazilərində komanda çox az sayda sakin görüb, onların əksəriyyəti bölgəni tərk etmək üçün avtobus gözləyirdi. O həmçinin insanların şəxsi əşyalarının və mal-qarasının geridə qalması ilə sürətli şəkildə ərazini tərk etməsinin əlamətlərini görüb.

“Məktəblər, əsas xəstəxana və yaşayış binaları kimi mülki infrastruktur və evlər bütöv görünürdü. Missiya bu ilk səfərdə heç bir kəndə səfər etməyib, lakin yaxın günlərdə və həftələrdə bu ərazilərə baş çəkəcək. Komanda həmçinin son günlər Qarabağdan qaçmaq üçün 100 mindən çox etnik erməninin istifadə etdiyi Laçın dəhlizi ilə Ermənistanla sərhədə gedib. Komanda yol boyu şəxsi əşyaları, eləcə də xarab olmuş və ya yanacağı bitmiş nəqliyyat vasitələrini yol kənarına səpələnmiş görüb. Missiya orada olarkən dəhlizdə heç bir mülki şəxs görünməyib”, məlumatda qeyd edilir.

BMT Humanitar Məsələlərin Koordinasiyası İdarəsi bildirir ki, Ermənistanda OCHA komandası Rezident Əlaqələndiricinin səlahiyyətlərini icra edən Natia Natsvlişvili və BMT-nin Qaçqınlar üzrə Agentliyinin (UNHCR) nümayəndəsi ilə birlikdə hökumət rəsmiləri və vətəndaş cəmiyyəti təşkilatları ilə görüşüb. Onlar həmçinin Qarabağdan qaçan qaçqınlarla – “travma almış və qorxmuş qadınlar, kişilər və uşaqlarla danışıb, onları qaçmağa vadar edən qorxu və çaxnaşma barədə danışıblar”.

OCHA vurğulayır ki, Qarabağa hər hansı könüllü qayıdış şərtləri mənalı şəkildə əldə edilməzdən əvvəl etimad və inam çox vacibdir.

“Yaxın vaxtda Qarabağdan qaçanların ehtiyac duyduqları yardımı alması, qalanların qayğısına qalmalı və müdafiə olunmalı, köçkünlərin mülkiyyət hüquqlarına hörmət edilməlidir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, BMT agentlikləri və QHT tərəfdaşları ilə hökumətin başçılıq etdiyi reaksiyaya dəstək olaraq altı ay ərzində Ermənistanda 231 000 insana, o cümlədən qaçqınlar və onları dəstəkləyən ev sahibi icmalara kömək etmək üçün 97 milyon ABŞ dolları məbləğində müraciətə başlayıb. BMT Qaçqınlar üzrə Ali Komissarlığı qaçqınların Ermənistana ötən ayın sonunda gəlməyə başlamasından bəri yerdə yardım göstərir. Sərt qış ayları ərəfəsində BMT-nin Mərkəzi Fövqəladə Hallara Cavab Fondu sığınacaq və digər kritik ehtiyaclara kömək etmək üçün 4 milyon dollar ayırıb”, məlumatda qeyd edilir.

OCHA komandası Qarabağda davam edən qiymətləndirmə missiyalarını dəstəkləmək üçün müvəqqəti olaraq Azərbaycanın paytaxtı Bakıda qalacaq.

Rəsmi Bakı sentyabrın 19-da Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi və qanunsuz silahlı birləşmələrin sıradan çıxarılması üçün “lokal antiterror tədbirləri”nə başladığını bildirib. Sentyabrın 20-də Qarabağ ermənilərinin nümayəndələri Azərbaycanın tələblərini qəbul etdikdən sonra hərbi əməliyyatlar dayandırılıb. Sentyabrın 28-də Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədləri daxilində yerləşən tanınmamış “Dağlıq Qarabağ Respublikası” buraxılıb.

Bundan sonra Qarabağın erməni sakinləri kütləvi şəkildə Ermənistana köç edib. Ermənistanın rəsmi mənbələrinə əsasən, Qarabağdan Ermənistana gələn sakinlərin ümumi sayı 100,000-dən artıqdır.

Ermənistan rəsmiləri 20 sentyabrdan sonra baş verənləri Azərbaycanın "etnik təmizləmə" siyasəti kimi dəyərləndirib. və Qarabağ ermənilərinin yaşadıqları ərazidən çıxmağa məcbur edildiklərini deyir. Azərbaycan hökuməti öz növbəsində “erməni sakinləri evlərini tərk etməməyə və Azərbaycanın çoxmillətli cəmiyyətinin bir hissəsi olmağa” çağırıb, ölkədə qalmaq qərarı verənlərin hüquqlarına hörmət ediləcəyini bildirib.

Forum

XS
SM
MD
LG