Accessibility links

Aslı Aydıntaşbaş: Azərbaycan və Ermənistan öz aralarındakı məsələləri birlikdə həll edə bilər


Aslı Aydıntaşbaş: Azərbaycan və Ermənistan öz aralarındakı məsələləri birlikdə həll edə bilər
please wait

No media source currently available

0:00 0:10:42 0:00

Vaşinqtonda Brukinqs İnstitutunun təhlilçisi Aslı Aydıntaşbaş Amerikaın Səsi ilə müsahibədə Türkiyənin Aİ-nin vasitəçiliyi ilə gələcək danışıqlara daxil edilib-edilməyəcəyini, Türkiyə ilə Ermənistanın yaxınlaşmasının perspektivlərini şərh edib.

Amerikanın Səsi: Türkiyənin 2020-ci ildə İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycana həyati əhəmiyyətli hərbi yardım etdiyi güman edilir. Sizcə, Türkiyə o vaxtdan bəri baş verən proseslərdə, o cümlədən təxminən 24 saat davam edən son hərbi əməliyyatda nə dərəcədə rol oynayıb?

Aslı Aydıntaşbaş: Türkiyənin Qarabağdakı son hərbi əməliyyatda çox böyük bir rol oynadığını düşünmürəm. Hadisə çox sürətlə gerçəkləşti. Əlbəttə ki, Azərbaycanla Türkiyə arasında çox güclü hərbi və siyasi əlaqə var. Ancaq son əməliyyata qədər olan dövrdə İsraildən sursat təyyarələrinin gəldiyini gördük. Azərbaycan öz resursları hesabına ehtiyat yaratdı. Daha sonrakı mərhələdə də hadisələr çox tez baş verdi. Ola bilsin Türkiyə ictimai rəy baxımndan dəstək verdi. Həm Türkiyə ictimaiyyətinin bu məsələdə Azərbaycanın mövqeyi və ona yaxın mövqedən çıxış etməsi, həm də bəlkə də beynəlxalq ictimaiyyət baxımından Ərdoğanın dərhal Naxçıvana gedib, İlham Əliyevlə görüşməsi. Ancaq hərbi mənada bu əməliyyat Türkiyə ilə birlikdə aparılan bir əməliyyat deyil, Azərbaycanın öz resursları ilə həyata keçirdiyi bir hadisədir.

Amerikanın Səsi: Azərbaycan mətbuatında yer alan məlumatlara görə, prezident İlham Əliyev Türkiyənin təmsil olunmasını istəməsi, amma Fransa və Almaniyanın buna etiraz etməsi səbəbilə Qranadada keçirilən görüşdə iştirak etməkdən imtina edib. Bu, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının gələcəyi üçün nə deməkdir? Türkiyənin Aİ-nin vasitəçiliyi ilə gələcək danışıqlara daxil ediləcəyini gözləyirsinizmi?

Aslı Aydıntaşbaş: Mən qarşıdan gələn danışıqlarda Türkiyənin iştirak edəcəyini düşünmürəm. Ancaq Fransanın iştirakının da məntiqli olmadığını düşünürəm. Sülh müzakirələri olmalıdır. Ümid edirəm ki, Azərbaycan da, Ermənistan da bu yolda addım atar, sülh sözünü danışıqlarda, birbaşa danışıqlarda başda tutar. Amma bunun üçün otaqda nə qədər az insan olsa, o qədər yaxşıdır. Yəni, Şarl Mişelin başçılığı ilə davam edən bir proses var. Liderlər bu şəkildə görüşə bilər. Onların bir alt səviyyələrindəki rəsmilər də birbaşa görüş keçirə bilər. Amma bundan başqa simmetriyanı qorumaq lazmıdır. Dünya boyu sülh danşıqlarının formulası budur. Yəni, otaqda bir ölkəyə yaxın 2, 3, 4 tərəfin olması, digər tərəfin isə tək qalması sülh üçün məntiqli bir yol, danışıq yolu deyil. Bunu sadəcə Fransa üçün demirəm. Türkiyənin də masada olması Ermənistan baxımından çətin bir vəziyyətdir, çünki Azərbaycana yaxın bir ölkə olaraq görülür. Eynilə Fransanın, xüsusilə də ən son xarici işlər nazirinin səfərindən sonra masada olması Azərbaycan üçün məqbul bir hal deyil.

Amma bu ölkələr masada olmağa da məcbur deyil. Sülh prosesini kənardan da dəstəkləyə bilərlər. Prinsipcə, sülh masasında simmetriya olmalıdır. Bu, birinci qaydadır. Bunu Azərbaycan, Ermənistan və vasitəçi rol oynayan üçün tərəf olaraq da görə bilərik. Bu, Şarl Mişel ola bilər, Amerika Bİrləşmiş Ştatları ola bilər. Niyyəti varsa ki, (olduğunu düşünmürəm), Rusiya da ola bilər. Yəni 2+1 olmalıdır. Ondan başqa aktyorlar, o cümlədən Fransa və Türkiyə, prosesi kənardan dəstəkləməlidir. Ancaq cənab Əliyevin Qranadaya getməməsi məyusedici olsa da, bu o demək deyil ki, sülh ehitmalı yolxdur, sülh prosesi tamamilə bitib. Ümid edirəm ki, ən yaxın zamanda başqa bir fürsətdə cənab Əliyev və cənab Paşinyan Avropada və ya neytral bir ölkədə bir araya gələr. Həqiqətən də bu fürsəti itirməmək lazımdır. Bölgədə Dağlıq Qarabağ məsələsinin müəyyən mənada sülh danışıqlarından qaldırılması nəticəsində yeni danışıqlar üçün bir zəmin yaradılıb. Bəlkə də baş verənlər təəssüf doğurdu, insan faciələri oldu, amma digər tərəfdən də sülhün önündəki ən əsas əngəllərdən biri də aradan qaldırıldı. Bu durumu görüb, mövcud vəziyyəti əldən verməməliyik. İki ölkənin də sürətli şəkildə sülh masasına geri dönməli və ikitərəfli danışqılara üstünlük verməli olduğunu düşünürəm. Azərbaycan və Ermənistan öz aralarındakı məsələləri birlikdə həll edə bilər. Əgər bir araya gəlmək üçün üçünçü bir tərəfin vasitəçi roluna ehtiyac varsa, ola bilər. Amma artıq həll yolu prosesində tələb olunanlar, atılmalı olan addımlar bəllidir və iki ölkə böyük ölçüdə əsas məsələlər üzərində razılaşır, ikisi də bir-birinin milli təhlükəsizliyini, ərazi bütovlüyünü və suverenliyini tanıyır. Bundan sonra olmalı olan şey cənab Əliyev və cənab Paşinyanın bir otaqda bir araya gələrək, əl sıxışmasıdır.

Amerikanın Səsi: Türkiyə rəsmiləri bildiriblər ki, Ermənistan Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən və bununla da Azərbaycan və Türkiyə arasında birbaşa marşrut olacaq dəhlizin yaradılmasında iştirakdan imtina edərsə, həmin dəhliz İrandan keçə bilər. İran prezidenti İbrahim Rəisi isə çərşənbə günü Tehranda Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşündə deyib ki, İran Zəngəzur dəhlizinin NATO-nun regionda mövcudluğu üçün platforma olduğunu və bu ölkələrin milli təhlükəsizliyinə təhdid olduğunu iddia edərək onun qəti şəkildə əleyhinədir. Sizcə, bu məsələ İran və Türkiyə arasında gərginlik yarada bilərmi?

Aslı Aydıntaşbaş: Azərbaycan və Ermənistan 40 kilometrlik bir yol üçün üçüncü, dördüncü tərəfə, bölgədəki bütün aktyorlara, dünya güclərinə üz tutmaqdansa, məsələni öz aralarında asan bir formula ilə həll etməlidirlər. Bu yolun açılması hər iki ökənin xeyrinədir. Bu yolun Ermənistanın suverenliyi altında olacağı da aydındır, çünki söhbət Ermənistan torpağından keçən bir yoldan gedir və Azərbaycan səlahiyyətlərini də bunu qəbul etdiklərini deyirlər. Buna görə də, məsələni artıq uzatmadan, tez bir zamanda addım atmaq lazımdır, çünki söhbət 40 kilometrlik bir yoldan gedir. Ticarət yolları və iqtisadi baxımdan qarşılıqlı əlaqələrin gücləndirilməsi, iki ölkə arasında davamlı sülhü bərqərar olması üçün şərtdir. Bundan əlavə isə bundan sonrakı nəsillər baxımından həqiqətən də yeni bir iqtisadi gələcək vəd etmək üçün şərtdir. Ona görə də mən bu yolun İrandan deyil, iki ölkə üçün də daha uyğun olacaq bir şəkildə və ağlabatan şərtlər altında Ermənistandan, Ermənistanın suverenliyi altnda keçməsinin daha məntiqli olacağını düşünürəm. Zənnimcə ik ölkənin maraqları baxımından bu daha məntiqlidir. Bundan sonra məsələni çox şişirtmədən, bütün bölgə aktyorlarını məsələyə daxil etmədən, bir an əvvəl bu danışıqları həll etmək lazımdır. Nəticədə bu texniki bir məsələdir. Fəza raketi inşa etmək kimi bir şey deyil. Dünyanın bir çox yerində əldə olunan razılıqlar var. Hətta düşmən ölkələr arasında belə var. Azərbaycan və Ermənistan bu məsələni çox böyütmədən öz aralarında həll etməlidir.

Amerikanın Səsi: Son hadisələr fonunda və Rusiyanın başının hazırda Ukraynadakı müharibəyə qarışdığını və Rusiya ilə Ermənistan arasında gərginliyin artdığını nəzərə alqıqda, Türkiyənin bölgədə təsir gücünün artacağını gözləyirsinizmi? Türkiyə ilə Ermənistanın yaxınlaşmasının perspektivləri nədir?

Aslı Aydıntaşbaş: Türkiyənin bölgədəki siyasi nüfuzu artır. Bunun əsl səbəbi Azərbaycan və Türkiyə arasındakı güclü hərbi və iqtisadi əlaqələrdir. Ancaq bu, kifayət deyil. Türkiyə Gürcüstanla da, Ermənistanla da yaxın əlaqə qurmalı və bu üç ölkə bir-birilə güclü iqtisadi əlaqələr qurmalıdır. Həqiqətən də Ermənistan, Azərbaycan Gürcüstan və Türkiyə öz aralarında güclü iqtisadi birliyə doğru irəliləyə bilərlər. Bu da təbii ki, həm bu nəsil, həm də önümüzdəki nəsillər üçün sülhün davamlı olması və regional aktyorların subyektviliyinin, gücünün artması deməkdir. Bu mənada mən ümid edirəm ki, Türkiyə-Ermənistan əlaqələri normallaşma yolunda irəliləyər. Ümid edirəm ki, Azərbaycan-Ermənistan arasında bir tranzit yolu açılar. Bütün bunların ola bilməsi üçün Ermənistan və Azərbaycan vaxt itirmədən bir sülh razılığı imzalamalıdır. Bu, çətin deyil, çünki təqribi mövzular aydındır. Təbii olaraq ki, Türkiyə-Ermənistan arasında normallaşma ikinci addım olaraq görülə bilər. Bu, olmalıdır. Amma birinci addım Azərbaycan və Ermənistan arasında sülh razılığıdır.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG