Accessibility links

Arkadi Qukasyana, Bako Sahakyana və Davit İşxanyana rəsmi qaydada ittiham elan edilib


Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX)
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX)

Tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın keçmiş liderləri Arkadi Qukasyana, Bako Sahakyana və qurumun parlamentinin keçmiş sədri Davit İşxanyana ittiham elan edilib.

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin məlumatına görə, Arkadi Qukasyan, Bako Sahakyan və Davit İşxanyan oktyabrın 3-də Azərbaycan Cinayət Məcəlləsinin mütəşəkkil dəstə tərəfindən təkrar odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan istifadə etməklə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, terrorçuluq məqsədi ilə təlimlər təşkil etmə, mütəşəkkil dəstə tərəfindən təkrar qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə və qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma və onların fəaliyyətində iştirak etmə maddələri ilə ittiham elan edilməklə cinayət məsuliyyətinə cəlb ediliblər.

Arkadi Qukasyan, Bako Sahakyan və Davit İşxanyanın vəkilləri və yaxınları hələ ittihama münasibət bildirməyib.

Bakının Səbail rayon Məhkəməsi tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın keçmiş liderləri Bako Saakyan, Arkadi Qukasyan və “parlament”in keçmiş sədri David İşxanyan barəsində həbs qətimkan tədbiri seçildiyi bildirilir.

Səbail rayon Məhkəməsindən Amerikanın Səsinin sorğusuna cavab olaraq bildiriblər ki, oktyabrın 3-də Dövlət Təhlükəsizliyi Xidmətinin müstəntiqinin təqdimatı əsasında hakim Ülviyyə Şükürovanın sədrliyi ilə Arkadi Qukasyan, hakim Azər Tağıyevin sədrliyi ilə Bako Saakyan və Davit İşxanyan barəsində 4 ay həbs qəti imkan tədbiri seçilib.

Ermənistan Xarici İşlər Nazirliyi oktyabrın 4-də Dağlıq Qarabağın liderləri Arkadi Qukasyan, Bako Saakyan, Arayik Harutyunyan, Davit İşxanyan, Ruben Vardanyan və başqalarının Azərbaycan tərəfindən həbsini “qətiyyətlə pisləyən” bəyanatla çıxış edib.

“Yüksək vəzifəli Azərbaycan rəsmilərinin Dağlıq Qarabağın nümayəndələri ilə dialoquna, onların Dağlıq Qarabağa qayıtmasına mane olmamağa hazır olduqları, regionda sülhün bərqərar olması barədə bəyanatlarına baxmayaraq Azərbaycanın hüquq-mühafizə orqanları özbaşına həbsləri davam etdirir”, sənəddə qeyd edilir.

Azərbaycan Xarici İşlər Nazirliyi isə Ermənistanın bu bəyanatını pisləyən bəyanatla çıxış edib.

“Sözügedən bəyanat Ermənistanın Azərbaycana qarşı onilliklər ərzində yürütdüyü təcavüzkar siyasət və əməllərdən əl çəkmədiyini nümayiş etdirir. Bu bəyanat həmçinin həbsi həyata keçirilmiş şəxslər tərəfindən törədilmiş əməllərə bəraət qazandırılması cəhdidir”, sənəddə qeyd edilir.

Yerli medianın məlumatına görə, oktyabrın 3-də tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın keçmiş liderləri Arkadi Qukasyan (1997-2007), Bako Saakyan (2007-2020) və Araik Arutyunyan (2020-2023), o cümlədən “Daşnakasutyun” partiyasının Qarabağ təmsilçisi və separatçı qurumun keçmiş parlament sədri David İşxanyan Azərbaycan Dövlət Təhlükəsiliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilib.

Bundan öncə tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın keçmiş dövlət naziri Ruben Vardanyan, keçmiş müdafiə nazirinin müavini Davit Manukyan və keçmiş müdafiə naziri Lyova Mnatsakanyan saxlanılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin terrorçuluq, terroru maliyələşdirmək, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratmaq və başqa ağır ittihamlar irəli sürülüb.

Rəsmi Yerevan 28 sentyabrda Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edərək İrqi Diskriminasiyanın Bütün Formalarının Ləğvinə Dair Beynəlxalq Konvensiya çərçivəsində Azərbaycanın Qarabağ ermənilərinin sabiq və indiki liderlərinə qarşı cəzalandırıcı hərəkətlərdən çəkindirəcək müvəqqəti ölçü tətbiq etməyi xahiş edib.

"Ermənistan Respublikası qeyri-qanuni saxlanılmış Dağlıq Qarabağ təmsilçilərinin hüquqlarını o cümlədən beynəlxalq məhkəmələrdə qorumaq üçün bütün mümkün addımları atacaq," bəyanatda bildirilir.

Forum

XS
SM
MD
LG