Accessibility links

Qarabağın 15 erməni sakini Azərbaycan vətəndaşlığı üçün müraciət edib


Xankəndi şəhəri
Xankəndi şəhəri

Azərbaycanın Qarabağ bölgəsinin on beş erməni sakini Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesində iştirak etmək niyyətlərini bildirərək qeydiyyat üçün ərizə verib.

Bu barədə Dövlət Miqrasiya Xidməti və Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birgə məlumat yayıb.

Məlumatda deyilir ki, 13 erməni sakin vətəndaşlıq ərizələrini şəxsən təqdim edib, daha iki nəfər isə öz sorğularını xüsusi onlayn portal vasitəsilə uzaqdan təqdim edib.

Oktyabrın 4-nə olan məlumata görə, Qarabağın erməni sakinlərindən cəmi 98 ilkin qeydiyyat müraciəti qəbul edilib.

BMT-nin Azərbaycanın Qarabağ bölgəsində olan missiyasının məlumatına görə, sentyabrın 19-20-də Azərbaycanın bölgədə apardığı lokal antiterror tədbirlərindən sonra 50-dən 1000-dək erməni sakin qalıb.

Rəsmi Bakı sentyabrın 19-da Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi və qanunsuz silahlı birləşmələrin sıradan çıxarılması üçün “lokal antiterror tədbirləri”nə başladığını bildirib. Sentyabrın 20-də Qarabağ ermənilərinin nümayəndələri Azərbaycanın tələblərini qəbul etdikdən sonra hərbi əməliyyatlar dayandırılıb. Sentyabrın 28-də Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədləri daxilində yerləşən tanınmamış “Dağlıq Qarabağ Respublikası” buraxılıb.

Bundan sonra Qarabağın erməni sakinləri kütləvi şəkildə Ermənistana köç edib. Ermənistanın rəsmi mənbələrinə əsasən, Qarabağdan Ermənistana gələn sakinlərin ümumi sayı 100 mindən artıqdır.

Azərbaycan hökuməti isə öz növbəsində “erməni sakinləri evlərini tərk etməməyə və Azərbaycanın çoxmillətli cəmiyyətinin bir hissəsi olmağa” çağırıb, ölkədə qalmaq qərarı verənlərin hüquqlarına hörmət ediləcəyini vəd edib.

Forum

XS
SM
MD
LG