Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovun Tehran səfəri davam edir.
Xələfov oktyabrın 4-də İranın prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Ali Milli Təhlükəsizlik Şurasının (SNSC) katibi Əli Əkbər Əhmədian ilə görüşüb.
İRNA agentliyinin məlumatına görə, Xələf Xələfovun oktyabrın 4-də İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianla görüşündə ikitərəfli münasibətlər müzakirə olunub.
Görüşdə həmçinin regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İRNA-nın məlumatına görə, Xələfovun İran prezidenti İbrahim Rəisi ilə görüşündə Rəisi bildirib ki, Qafqazda sabitliyin qorunması və yaxşılaşdırılması regional problemləri həll etməyə qadir olan region ölkələrinin əməkdaşlığından asılıdır.
O əlavə edib ki, regiondankənar ölkələrin mövcudluğu heç bir halda region ölkələrinə sərf etmir və regionun geosiyasəti dəyişməz qalmalıdır.
Öz növbəsində, İranın Ali Milli Təhlükəsizlik Şurasının (SNSC) katibi Əli Əkbər Əhmədian İranın regionun geosiyasətini, xüsusən də Qafqazda Zəngəzur dəhlizi ilə bağlı dəyişə biləcək hər hansı plana qarşı olduğunu vurğulayıb.
“Zəngəzur dəhlizi ilə bağlı başqalarının təklif etdiyi kimi regionda geosiyasi dəyişikliklərə səbəb olacaq hər hansı bir hərəkət nəinki region ölkələrinə kömək etməyəcək, həm də regiondankənar qüvvələrin müdaxiləsi üçün zəmin yaradacaq”, o qeyd edib.
Əhmədian İranın Dağlıq Qarabağın Azərbaycan ərazisinin bir hissəsi olması ilə bağlı siyasətini vurğulayıb və əlavə edib ki, İran davamlı sülhün bərqərar olması üçün region ölkələrinin bir araya gəlməsinə kömək etməyə hazırdır.
“Zəngəzur dəhlizi sülh sazişinə böyük maneədir. Nəqliyyat marşrutu Azərbaycanın Naxçıvan Muxtar Respublikasına erməni keçid məntəqələri olmadan maneəsiz çıxışını təmin edər”, o, dəmir yolunun İran ərazisndən çəkilməsinə işarə edib.
Görüşdə Xələfov Azərbaycanın regionda sülhün və sabitliyin qorunması, mübahisələrin regional çərçivələr vasitəsilə həlli siyasətini xüsusi qeyd edib.
Tərəflər həmçinin İran və Azərbaycan arasında bütün sahələrdə əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib.
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovun İrana səfəri Ermənisanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Tehrana səfərindən sonraya təsadüf edir.
Qriqoryan İranın yüksək vəzifəli rəsmiləri, o cümlədən xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və ölkə prezidenti İbrahim Rəisi ilə görüşlər keçirib.
Azadlıq radiosunun erməni xidmətinin məlumatına görə, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşündə bildirib ki, İran Ermənistan və Azərbaycan sərhədinə öz müşahidəçilərini göndərməyə hazırdır.
“Cənubi Qafqazda baş verən hadisələr regionun təhlükəsizliyinə təsir edir, gərginlik Ermənistan, Azərbaycan və regiondakı digər ölkələrin maraqlarına uyğun deyil”, o qeyd edib.
Ermənistanda bu yaxınlarda keçirilən erməni-amerikan hərbi təlimlərinə toxunan Baqeri deyib ki, “bölgədənkənar qüvvələrin mövcudluğu qeyri-sabitliyə səbəb olacaq”, Azadlıq radiosu qeyd edir.
Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan bildirib ki, perspektivdə İranla münasibətlərin normallaşması çox uzun bir prosesdir.
“Azərbaycan ərazi bütövlüyünü, suverenliyini tam bərpa etdikdən sonra regionda yeni şərait yaradıb. İran əvvəllər erməni faktorundan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edirdi. Bu gün həmin təzyiq vasitəsindən məhrum olub. Ona görə Azərbaycanla münasibətlərinin normallaşaması üçün yeni variantlar axtarır”.
Təhlilçi hesab edir ki, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovun İrana səfəri, ondan bir gün əvvəl Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın İranda səfərdə olması orada Təhlüksizlik Şurasının katibi Əhmədiyanla, prezident Rəisi ilə, dünən isə İran xarici işlər naziri ilə görüşləri fərqli məsələlərdir.
“Çünki Azərbaycanla İran münasibətləri bərpa olunmalıdır. İran ilə Ermənistan münasibətləri isə inkişaf etməlidir. Ona görə bu yanaşmalar fərqli olduğundan nümayəndələrin səfərləri zamanı müzakirə olunan məsələlər də fərqlidir. Amma bütün hallarda İran Ermənistanla Azərbaycan münasibətlərində vaxtı ilə buraxdığı səhvləri aradan qaldırmağa çalışır”, Sədrəddin Soltan Amerikanın Səsinə deyib.
İkinci Qarabağ müharibəsindən sonra (sentyabr-noyabr, 2020-ci il) İran-Azərbaycan münasibətlərində gərginlik yaranıb və hazırda da davam edir. Müharibədən sonra İran Azərbaycanla sərhəddə azı iki hərbi təlim keçirib. İran rəsmiləri Azərbaycana qarşı hədələyici bəyanatlarla çıxış edib. Buna cavab olaraq Azərbaycan da İranla sərhəddə iki dəfə hərbi təlimlər keçirib.
2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum olub. Hücum nəticəsində diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb. Tehran polisi şübhəli şəxsi həbs etdiyini bildirib.
İran rəsmiləri yanvarın 27-də baş verən hadisəni pisləyib və silahlı şəxsin siyasi deyil, şəxsi motivi olduğunu bildirib.
Azərbaycan prezidenti İlham Əliyev silahlı hücumu terror aktı kimi qiymətləndirib.
Hücumdan sonra İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Azərbaycan Tehrandakı səfirliyinin diplomatik fəaliyyətini tamamilə dayandırıb, ölkədəki bütün diplomatlarını çıxarıb.
Bundan sonra aprelin 6-da Azərbaycan İran səfirliyinin 4 diplomantını ölkədən çıxarıb. İran isə mayın 5-də Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun 4 əməkdaşını ölkədən çıxardığını bildirib.
Beynəlxalq ictimaiyyət Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu qınayıb və İrana Cenevrə Konvensiyasına uyğun olaraq ölkədəki xarici diplomatların qorunmasına dair öhdəliyini xatırladıb.
Bununla yanaşı son aylarda iki ölkənin xarici işlər naziri problemlərin həlli istiqamətində bir neçə telefon dasnışığı aparıb. İran xarici işlər naziri Azərbaycan Prezidenti tərəfindən qəbul edilib.
Sentyabrın 9-da Bakıda Azərbaycan Müdafiə Nazirliyi və İran Silahlı Qüvvələrinin Baş Qərargahı arasında hərbi sahədə əməkdaşlığa dair “Birgə komissiya”nın 3-cü iclası keçirilib. İclasda Azərbaycan ilə İran arasında hərbi sahədə əməkdaşlığın genişləndirilməsi, hər iki ölkənin hərbi nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili və digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Sentyabrın 13-də Azərbaycanın müdafiə naziri Zakir Həsənovla İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqeri arasında telefon danışığı olub. Tərəflər regiondakı vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıb
Bundan sonra Azərbaycan-İran birgə hərbi komissiyasının Bakıda iclası olub.
Forum