Accessibility links

Təbriz məhkəməsi İbrahim Asmani və Yunus Quluzadə haqqında qərar çıxarıb


İbrahim Asmani və Yunus Quluzadə
İbrahim Asmani və Yunus Quluzadə

Təbriz məhkəməsi keçən il İran Azərbaycanında Urmiyə gölü üçün keçirilən etiraz kampaniyaları zamanı nəzarət altına alınmış Yunus Quluzadə və İbrahim Asmanini pul cəzasına məhkum edib.

Amerikanın Səsinin də surətini əldə etdiyi Təbriz Cəza Məhkəməsi 108-ci şöbəsinin qərarına əsasən, "ümumi intizam və asayişi pozmaq" ittihamı ilə mühakimə edilən Asmani və Quluzadə həbs və şallaq cəzasının əvəzi olaraq 22 milyon tümən cərimə ödəməyə məhkum olublar.

Məhkəmə pul cəzasını 5 il sınaq müddəti olmaqla şərti hesab edib.

2022-ci ilin iyul ayında İran Azərbaycanında Urmiyə gölü üçün keçirilən etiraz aksiyaları zamanı çox sayda vətəndaş nəzarət altına alınıb və bir müddət sonra müvəqqəti olaraq sərbəst buraxılmışdı.

Quluzadə və Asmani ilə eyni gündə saxlanılan bəzi digər vətəndaşların məhkəmə işinə şərti olaraq xitam verilib.

Məhkəmə sənədində yazılanlara görə, Yunus Quluzadə və İbrahim Asmani tutulmalarına səbəb olan fəaliyyətlərini təkrar etməməyə dair yazılı təəhhüd verməkdən imtina ediblər.

Keçən il iyul ayının 16-da İran Azərbaycanının müxtəlif şəhərlərində Urmiyə gölündə yaşanan ekoloji fəlakətlə əlaqədar etiraz kampaniyaları təşkil olunmuşdu. Həmin gün Urmiyədə küçə aksiyası baş tutmuşdu. Urmiyə, Təbriz, Ərdəbil, Sulduz və Qoşaçay kimi şəhərlərdə onlarla vətəndaş nəzarət altına alınmışdı.

Forum

XS
SM
MD
LG