Accessibility links

Musa Aşüftə: Xalq Urmiyə gölü məsələsinə son dərəcə həssasdır, bu, praktik istiqamətə yönləndirilməlidir


Musa Aşüftə
Musa Aşüftə

Qərbi Azərbaycan vilayətində yaşayan türk fəal və araşdırmaçı Musa Aşüftə hesab edir ki, bölgə xalqının Urmiyə gölündə yaşanan ekoloji fəlakətlə bağlı həssaslığını faktlar, rəqəmlər və çözüm yolları istiqamətinə yönləndirmək lazimdir.

Musa Aşüftə Amerikanın Səsinə söhbətində Urmiyə gölünün canlanmasına mane olan amilləri açıqlayıb. O həmçinin gölün qurumasını önləmək yönündə əhali və fəallar tərəfindən ortaya qoyulacaq tələblərə dair fikirlərini ifadə edib.

Musa Aşüftə: Xalq Urmiyə gölü məsələsinə son dərəcə həssasdır, bu həssaslıq praktik istiqamətə yönləndirilməlidir
please wait

No media source currently available

0:00 0:13:18 0:00
Direct link

"Rəqəmlərin dili ilə danışsaq, ümumiyyətlə, Urmiyə gölü hövzəsində bir ildə 7 milyard kubmetr qədər yağıntı var. Urmiyə gölünü diriltmək üçün bunun 3 milyard kubmetri gölə getməlidir. Yəni, bu, min illərlə var olmuş bir gölün həyatını davam etdirmək üçün gərəklidir. Bunlar müxtəlif nədənlər, eləcə də pis idarəetmə tərzi ilə keçən iki ildə göl üçün sadəcə bir milyard kubmetr su təmin ediblər. Bu durumda gölün quruması normaldır," Aşüftə bildirib.

O, gölün getdikcə daha da qurumasına rəğmən gölün ətrafındakı bəzi ərazilərdə yaşıl sahələrin artdığını önə çəkib.

"Peyk görüntüləri ilə baxılsa gölün çevrəsində olan əkin yerlərinin sahəsi son dərəcə artıb. Elə ki, biz şəhərlərin ətrafında şəhər bağları və villa bağları deyilən bir fenomen görürük. Yəni, gölün çevrəsində yaşıllıqda bir canlanma varkən, gölün özündə yüzdə 5 qədər su qalıb".

Aşüftə dövlət məsullarında Urmiyə gölünü canlandırmağa dair bir iradə görmədiyini vurğulayıb.

"Gölü qurtarmaq iradəsinin olmadığı görünür. Yəni hər şeydən əvvəl ədədlər, məlumatlar, data və data şəffaflığından yola çıxsaq ki, [bunu təmin etmək] özəlliklə Urmiyə gölünü canlandırma mərkəzinin vəzifəsidir, mən bunlara dəqiq olaraq çata bilmədim. Misal üçün, göldəki suyun dəqiq miqdarı, bəndlərin arxasındakı suyun miqdarı, çayların su sərfi və suyun dəqiq olaraq harada məsrəf olunması; əkinçiliyə nə qədər, içməli su olaraq və başqa layihələr üçün nə qədər", o bildirib

Araşdırmaçı Urmiyə gölü ilə bağlı dəqiq rəqəmlər və məlumatların açıqlanmamasından əlavə bir "data mühəndisliyinin" də həyata keçirildiyini önə çəkib.

"Bir misal verim, bunlar Zab kanalı vasitəsi ilə Urmiyə gölünə 300 milyon kubmetr su getdiyini deyirlər. Mən Zab kanalı layihəsinin nə olduğunu bilirəm. Bu layihədən Urmiyə gölünə 600 milyon kubmetr su gedəcək idi. İki mərhələli layihənin hər mərhələsində 300 milyon kubmetr olacaq idi. Bunlar indi bir mərhələni yola salıb və bir həftə sonra deyiblər ki, 300 milyon kubmetr su getdi. Halbuki, bu kanal bir il boyu su daşıdığında bu 300 milyon olacaq idi. Burada bir data mühəndisliyi var."

O, bölgədə su əsaslı əkinçiliyə diqqət çəkərək bölgənin iqtisadi baxımdan tamamən əkinçiliyə bağlı olduğunu deyib.

"Belə olunca, digər sərmayələrin olmaması, sənaye bölgələrinin və böyük sənayelərin olmaması səbəbilə heç kəs əhalinin əkinçiliyə yönəlməsini tənqid edə bilməz... 1979 İnqilabından bəri bölgədəki əkin sahəsi 3 qat çoxalıb. Məhsullara baxdığımızda alma, çuğundur və yonca əkilir. Buğda və meyvə çeşitləri, pomidor, qarpız. Bunların hamısı çox su aparandır. Biz Azərbaycanda püstə və zəfəran kimi az su istəyən məhsulların əkildiyinə çox az rastlayırıq. Kim bu vəziyyəti yönləndirir? Bunu yönləndirən dövlətdir. Bu vəziyyətdə, hansı məhsul əkilməli, hansı əkilməməli, buna heç kəs yetişmir. Buna görə, bu mövzuda xalqı günahlandırmaq çox yersiz olar. Dağ bölgələrində hər yerdə bir bənd açıldığında baxırıq görürük ki, yeni əkin sahələri genişlənir. Ənənəvi dem (dəmyə) yerləri, sulu əkin yerinə çevirilir. Burada xalqmı suçludur?"

Əhalinin Urmiyə gölü məsələsinə son dərəcə həssas olduğunu önə çəkən türk fəal bu həssaslığı praktik istiqamətə yönləndirmənin zəruri olduğunu deyib.

"Xalqın iradəsini və həssaslığını bu yönə gətirmək lazimdir. Azərbaycanda türk milləti Urmiyə gölü məsələsinə so dərəcə həssasdır. Amma etirazlar və həssaslıqlar bu rəqəmlər, gerçəklər və çözüm yolları doğrultusunda olmalıdır... bu mövcud iradə və həssaslığı hədər etməmək və yeri gələndə milli güc ortaya qoymaq lazimdir," Musa Aşüftə əlavə edib.

Forum

XS
SM
MD
LG