Sosioloq Ural Hatəmi Amerikanın Səsinə müsahibəsində Urmiyə gölündə baş verən ekoloji fəlakətin İran Azərbaycanına ictimai və iqtisadi təsirləri, İran dövlətinin Urmiyə gölü siyasəti və bölgədə yaşayan fərqli kəsimlərin yaşanan faciə ilə əlaqədar təpkiləri haqqında danışıb.
O, deyir ki, Urmiyə gölününün quruması problem olaraq lokal xarakter daşımır.
"Məsələnin sadəcə Azərbaycanın, sadəcə türklərin məsələsi olmadığını bütün bölgənin məsələsi, bütün dünyanın məsələsi olduğunu deməliyik. Ətraf mühit məsələləri təbii qaynaqlar olaraq insanların həyatını davam etdirməsində birinci şərtdir. Onun üçün bütün insanlığın və xüsusən də bölgədə yaşayan bütün xalqların məsələsidir. Bunun tozu sadəcə türklərə deyil, türklərin xaricində o biri xalqların gözünə də gedəcək," Hatəmi söyləyir.
İran Azərbaycanının bir çox bölgəsində əhali illərdir ki, Urmiyə gölündən gələn toz dumanlarından əziyyət çəkir. Ekspertlər gölün sahəsi kiçildikcə duz fırtınası təhlükəsinin artacağını bildirirlər. Prezident Ruhani dönəmində fəaliyyət göstərən Urmiyə Gölünü Canlandırma Mərkəzi-nin katibi İsa Kəlantəri bir neçə il öncə Aral gölünün quruması ilə meydana gələn dəri və tənəffüs xəstəlikləri, habelə bəzi digər ölümcül xəstəliklərin Urmiyə gölü ətrafında da göründüyünü bildirmişdi.
Ural Hatəminin sözlərinə görə, "Urmiyə gölü məsələsi 15-20 ildir ki, türklər tərəfindən gündəmə gətirilir. Çünki, türklərin o bölgədə birə-bir yaşadığı bir problemdir. Onların yaşamlarını, iqtisadiyyatını və gələcəklərini təsiri altına alan bir məsələdir. Yəni, məsələni türklər sahibləndi və türklər bu məsələ ilə bağlı etirazlar başlatdı.
Hüquq müdafiəçilərinin yaydığı hesabatlara əsasən, 2010 ilindən bəri dövlətin Urmiyə gölü siyasətinə etiraz olaraq təşkil olunan kampaniyalar, etiraz aksiyaları və hətta məsələni müzakirə etmək məqsədilə keçirilən iclaslar üzündən yüzlərlə vətəndaş həbs və mühakiməyə məruz qalıb və ya İranın kəşfiyyat qurumunun təzyiqləri ilə qarşılaşıblar.
Bəzi fəallar İran dövlətinin Urmiyə gölünü planlı şəkildə qurudub və bölgə əhalisini mühacirət etməyə məcbur etməyə çalışdığını irəli sürülər.
Ural Hatəmi deyir ki, "dövlətlər bu növ məsələlər üzərində bəzi siyasətlər yürüdə bilirlər; bölgənin əhalisini azaltmaq, çoxaltmaq və ya mühacirətə məcbur etmək kimi siyasətlər. Bu məsələnin sənədlərini tapmaq lazimdir. Sənədlə danışmaq lazimdir. Mənə görə, məsələ Azərbaycan olduğunda dövlət biraz yavaş [işləyir]. Məsələ Azərbaycan olanda, görə biləcəyi bəzi işləri görmür."
O, əlavə edir, "dövlətin siyasətini nə göstərər? Büdcə göstərər. İllik büdcədə Urmiyə gölünə nə qədər pul verilir? Dövlət Urmiyə gölü ətrafındakı əkin yerləri ilə bağlı hansı siyasətləri yürüdür? Oradakı quyular ilə bağlı hansı siyasətləri var? Gölə gələn çaylara vurulan bəndlər ilə bağlı doğru-düzgün siyasət yürdüldümü? Dövlətin konkret bir işi yoxdur ortada. Bu işlər görülmədiyi zaman, təbii ki, insanlar deyər ki, dövlət bunu bilrək edir."
Forum