Accessibility links

Azərbaycan və İran hərbi dəniz qüvvələri birgə təlim keçirəcək


Sübhan Bəkirovun və Məhəmməd Reza Xəzain (Mənbə: Müdafiə Nazirliyi)
Sübhan Bəkirovun və Məhəmməd Reza Xəzain (Mənbə: Müdafiə Nazirliyi)

Azərbaycan və İran hərbi dəniz qüvvələri Xəzər dənizində birgə hərbi təlimlər keçirmək barədə razılığa gəlib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin gəmi və hərbi qulluqçularının iştirakı ilə keçirilən "Xəzri-2023" birgə taktiki təlimlərində müşahidəçi qismində iştirak etmək üçün İran Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Bakıda səfərdədir.

“Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirovun İran Hərbi Dəniz Qüvvələrinin əməliyyat Komandanı 1-ci dərəcəli kapitan Məhəmməd Reza Xəzainin rəhbərlik etdiyi nümayəndə heyətilə görüşündə “Xəzri-2023” təliminin əhəmiyyəti, gələcəkdə Xəzər Azərbaycan və İran Hərbi Dəniz Qüvvələrinin birgə təlimlərinin keçirilməsinin vacibliyi vurğulanıb və bununla bağlı ilkin razılıq əldə edilib. Bununla bağlı ilkin razılıq əldə edilib”, xəbərdə qeyd edilir.

Həmçinin hər iki ölkənin Hərbi Dəniz Qüvvələri arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

İkinci Qarabağ müharibəsindən sonra (sentyabr-noyabr, 2020-ci il) İran-Azərbaycan münasibətlərində gərginlik yaranıb və hazırda da davam edir. Müharibədən sonra İran Azərbaycanla sərhəddə azı iki hərbi təlim keçirib. İran rəsmiləri Azərbaycanı hədələyici bəyanatlarla çıxış edib. Buna cavab olaraq Azərbaycan da İranla sərhəddə iki dəfə hərbi təlimlər keçirib.

2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum olub. Hücum nəticəsində diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb. Tehran polisi şübhəli şəxsi həbs etdiyini bildirib.

İran rəsmiləri yanvarın 27-də baş verən hadisəni pisləyib və silahlı şəxsin siyasi deyil, şəxsi motivi olduğunu bildirib.

Azərbaycan prezidenti İlham Əliyev silahlı hücumu terror aktı kimi qiymətləndirib.

Hücumdan sonra İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Azərbaycan Tehrandakı səfirliyinin diplomatik fəaliyyətini tamamilə dayandırıb, ölkədəki bütün diplomatlarını çıxarıb.

Bundan sonra aprelin 6-da Azərbaycan İran səfirliyinin 4 diplomantını ölkədən çıxarıb. İran isə mayın 5-də Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun 4 əməkdaşını ölkədən çıxardığını bildirib.

Beynəlxalq ictimaiyyət Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu qınayıb və İrana Cenevrə Konvensiyasına uyğun olaraq ölkədəki xarici diplomatların qorunmasına dair öhdəliyini xatırladıb.

Bununla yanaşı son aylarda iki ölkənin xarici işlər naziri problemlərin həlli istiqamətində bir neçə telefon dasnışığı aparıb. İran xarici işlər naziri Azərbaycan Prezidenti tərəfindən qəbul edilib.

Sentyabrın 9-da Bakıda Azərbaycan Müdafiə Nazirliyi və İran Silahlı Qüvvələrinin Baş Qərargahı arasında hərbi sahədə əməkdaşlığa dair “Birgə komissiya”nın 3-cü iclası keçirilib. İclasda Azərbaycan ilə İran arasında hərbi sahədə əməkdaşlığın genişləndirilməsi, hər iki ölkənin hərbi nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili və digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Sentyabrın 13-də Azərbaycanın müdafiə naziri Zakir Həsənovla İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqeri arasında telefon danışığı olub. Tərəflər regiondakı vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıb

Bundan sonra Azərbaycan-İran birgə hərbi komissiyasının Bakıda iclası olub.

Oktyabrın 3-də isə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov İrana səfər edib.

Forum

XS
SM
MD
LG