Accessibility links

İran informasiya və kəşfiyyat naziri: Azəbaycanla problemimiz ciddi deyil


İran və Azərbaycan bayraqları
İran və Azərbaycan bayraqları

"Azəbaycanla problemimiz ciddi deyil".

İranın dövlət İRNA xəbər agentliyinin məlumatına görə, bunu İran informasiya və kəşfiyyat naziri (ETTELAAT-MOİS) İsmail Xətib, ( Esmail Khatib) deyib.

"Siyasi və media aspektlərinin çoxu buna təkan verib və bizim səyimiz bir neçə məsələni tamamilə həll etməkdir", nazir qeyd edib.

Bununla bağlı rəsmi Bakı açıqlama yaymayıb.

Azərbaycanən regional ekspertləri isə hesab edir ki, son zamanlar Azərbaycan və İran arasında diplomatik münasibətlərdə müəyyən irəliləyişlər var.

Siyasi təhlilçi Aqşin Kərimov Amerikanın Səsinə bildirib ki, Azərbaycanla İran arasındakı danışıqların hərbi-strateji və hərbi-təhlükəsizlik ölçüləri iki ölkənin region üzrə mövqelərini ən yaxın şəkildə prioritetləşdirmək siyasətinin elementidir.

“Bakı və Tehranın qeyd olunan səviyyədəki müsbət dinamika nümayiş etdirməsi ölkələr arasındakı gərginliyə son verib, bunu faydalı əməkdaşlıqla əvəz etmək planının tərkib hissəsidir. Azərbaycan və İranın iqtisadi-ticari münasibətləri ən yüksək səviyyədə olmasa da, pis vəziyyətdə də deyil. İkitərəfli əlaqələrdəki iqtisadi şkalalar üzrə yüksəlişə nail olmağın ən vacib düsturu Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin işləkliyi fonunda qiymətlidir. İranın üzərində yük var, o, Rəşt-Astara dəmir yolunu tikməlidir, bu, məsələdə Rusiya da Tehranı tələsdirir. Çünki Şimal-Cənub Dəhlizi Rusiya üçün alternativdir, nəfəslikdir, yəni, Bakı ilə Tehran arasındakı gərginliklər Moskvaya müəyyən həddən sonra sərf etmir”, o qeyd edib.

Kərimov hesab edir ki, Azərbaycanla İran arasındakı “hərbi hərarət” ümumiyyətlə nə Türkiyə, nə də Rusiya üçün faydalıdır.

“Bu mənada Azərbaycan-İran hərbi ritorikasının yumşaldılması cəhdləri Bakı-Ankara-Moskva-Tehran dördbucağındakı anlaşmanın nişanı kimi nəzərə çarpır. Ancaq İranın köklü siyasətindən və vərdişlərindən əl çəkəcəyi real səslənmir, bu mənada bir zamandan sonra Tehranın razılaşmalardan geri çəkilmək ehtimalları kimi versiya ağlımıza gələ bilər”, siyasi təhlilçi əlavə edib.

Sentyabrın 13-də Azərbaycanın müdafiə naziri Zakir Həsənovla İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqeri arasında telefon danışığı olub.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, tərəflər regiondakı vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıb.

Forum

XS
SM
MD
LG