Accessibility links

Azərbaycan və İranın yüksək hərbi rəsmiləri regiondakı durumu müzakirə edib


Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov və İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqeri (foto: Azərbaycan MN)
Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov və İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqeri (foto: Azərbaycan MN)

Sentyabrın 13-də Azərbaycanın müdafiə naziri Zakir Həsənovla İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqeri arasında telefon danışığı olub.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, tərəflər regiondakı vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıb.

“General-leytenant Baqeri bəzi qüvvələrin ölkələrimiz arasında mövcud olan dostluq və mehriban qonşuluq münasibətlərinə xələl gətirmək məqsədilə guya İranın Azərbaycanla sərhədə canlı qüvvə və hərbi texnika toplaması, müxtəlif təlimlər həyata keçirməsi ilə bağlı yaydıqları yalan məlumatların heç bir real əsası olmadığını vurğulayıb”, məlumatda deyilir.

Rəsmi məlumatda həmçinin iki ölkə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.

Siyasi təhlilçi Aqşin Kərimov Amerikanın Səsinə bildirib ki, Azərbaycanla İran arasındakı danışıqların hərbi-strateji və hərbi-təhlükəsizlik ölçüləri iki ölkənin region üzrə mövqelərini ən yaxın şəkildə prioritetləşdirmək siyasətinin elementidir.

“Bakı və Tehranın qeyd olunan səviyyədəki müsbət dinamika nümayiş etdirməsi ölkələr arasındakı gərginliyə son verib, bunu faydalı əməkdaşlıqla əvəz etmək planının tərkib hissəsidir. Azərbaycan və İranın iqtisadi-ticari münasibətləri ən yüksək səviyyədə olmasa da, pis vəziyyətdə də deyil. İkitərəfli əlaqələrdəki iqtisadi şkalalar üzrə yüksəlişə nail olmağın ən vacib düsturu Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin işləkliyi fonunda qiymətlidir. İranın üzərində yük var, o, Rəşt-Astara dəmir yolunu tikməlidir, bu, məsələdə Rusiya da Tehranı tələsdirir. Çünki Şimal-Cənub Dəhlizi Rusiya üçün alternativdir, nəfəslikdir, yəni, Bakı ilə Tehran arasındakı gərginliklər Moskvaya müəyyən həddən sonra sərf etmir”, o qeyd edib.

Kərimov hesab edir ki, Azərbaycanla İran arasındakı “hərbi hərarət” ümumiyyətlə nə Türkiyə, nə də Rusiya üçün faydalıdır.

“Bu mənada Azərbaycan-İran hərbi ritorikasının yumşaldılması cəhdləri Bakı-Ankara-Moskva-Tehran dördbucağındakı anlaşmanın nişanı kimi nəzərə çarpır. Ancaq İranın köklü siyasətindən və vərdişlərindən əl çəkəcəyi real səslənmir, bu mənada bir zamandan sonra Tehranın razılaşmalardan geri çəkilmək ehtimalları kimi versiya ağlımıza gələ bilər”, siyasi təhlilçi əlavə edib.

Xatırlatma

Sentyabrın 9-da Bakıda Azərbaycan Müdafiə Nazirliyi və İran Silahlı Qüvvələrinin Baş Qərargahı arasında hərbi sahədə əməkdaşlığa dair “Birgə komissiya”nın 3-cü iclası keçirilib. İclasda Azərbaycan ilə İran arasında hərbi sahədə əməkdaşlığın genişləndirilməsi, hər iki ölkənin hərbi nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili və digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Azərbaycan-İran birgə hərbi komissiyası bundan öncə 2020-cil fevralın 26-da Tehranda keçirilib.

Forum

XS
SM
MD
LG