ABŞ Ermənistanla Azərbaycan arasındakı vəziyyətin nizamlanması istiqamətində səylərini davam etdirəcək. Bu barədə sentyabrın 12-də ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller ənənəvi brifinqdə Turan agentliynin sualının cavabında bildirib.
“Dünən də qeyd etdiyim kimi, dövlət katibi son bir həftə ərzində çoxsaylı təmaslarla şəxsən bu prosesdə iştirak edib. Son 24 saat ərzində Ağdam marşrutu ilə Qarabağa humanitar yüklərin bir partiyası keçib. Ona görə də biz bu məsələnin vacibliyi ilə bağlı konkret məqamı bir daha təkrar edəcəyik: qısamüddətli məsələ kimi hər iki dəhlizin açılması və daha uzunmüddətli məsələ kimi isə iki ölkənin yekun razılığa gəlməsi”, o bildirib.
Metyu Miller Rusiya Prezidenti Vladimir Putinin Ermənistan və Azərbaycanla bağlı səsləndirdiyi fikrə şərh verməyəcəyini qeyd edib. Xatırladak ki, Putin sentyabrın 12-də Ermənistan-Azərbaycan münaqişəsi haqqında danışarkən Ermənistan rəhbərliyinin Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıdığını bildirmişdi.
Dövlət Departamentinin sözçüsü ilə yanaşı ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim Rusiya yardımının Ağdam yolu ilə Xankəndinə çatdırılmasına münasibət bildirib.
“Sentyabrın 12-də Rusiya Qızıl Xaç Cəmiyyətinin yük maşını iyun ayından bəri ilk humanitar yardımı çatdırmaq üçün Azərbaycanın Qarabağ bölgəsinə daxil olub. Bu əhəmiyyətli ilk addımdır", Yuri Kim "X" hesabında bildirib.
Yuri Kim həmçinin Laçın, həm də Ağdam marşrutlarının eyni vaxtda açmağa çağırıb.
"İndi Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Qarabağdakı iztirablı vəziyyətə son qoyması və davamlı siyasi dialoqa yol açması üçün dərhal və eyni zamanda həm Laçın, həm də Ağdam marşrutlarını açmaq vaxtıdır”, o bildirib.
Azərbaycan iyun ayının 15-də Laçın sərhəd məntəqəsində baş verən silahlı insidentdən sonra Beynəlxalq Qızıl Xaç Komitəsinə Laçın yolu ilə tibbi təxliyələrin davam etdirilə biləcəyini bildirib, humanitar yardımların isə Ağdam-Xankəndi yolu vasitəsilə çatdırılmasını təklif edib.
Buna cavab olaraq Qarabağ ermənilərinin təmsilçiləri Ağdamdan Xankəndinə gedən yolu bağlayaraq, Azərbaycandan gələn humanitar yükləri qəbul etməyəcəklərini bildirib.
Beynəlxalq Qızıl Xaç Komitəsi avqustun 18-də məlumat yayaraq Qarabağdakı erməni əhaliyə tibbi ləvazimatların ən son tədarükünün iyulun 7-də, ən son qida tədarükünün isə iyunun 14-də baş tutduğunu bildirib və humanitar yardımların çatdırılmasını bərpa etmək üçün tərəfləri razılığa gəlməyə çağırıb.
Sentyabrın 9-da Rusiya Qızıl Xaç Komitəsinin Qarabağın erməni icmasına göndərdiyi humanitar yük də ilkin olaraq erməni sakinlər tərəfindən qəbul edilməyib. Yalnız sentyabrın 12-də Rusiya Qızıl Xaç Cəmiyyətnin humanitar yük avtomobili ermənilər yaşayan Xankəndi şəhərinə buraxılıb.
Forum