Accessibility links

Dövlət Departamenti: ABŞ Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımır


Metyu Miller (Matthew Miller)
Metyu Miller (Matthew Miller)

ABŞ Dövlət katibi Antoni Blinken həftə sonu, sentyabrın 10-da səfərdə olarkən həm Ermənistan, həm də Azərbaycan liderləri ilə telefonla danışıb - onun bir zəngi Yeni Dehlidən, bir zəngi Hanoydan olub.

Sentyabrın 11-də ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller ənənəvi brifinqdə Turan agentliynin sualının cavabında bildirib ki, ABŞ Dağlıq Qarabağda humanitar vəziyyətin sürətlə pisləşməsindən dərin narahatdır.

“Biz, Dövlət katibinin həftəsonu verdiyi bəyanatda dediyi kimi, Dağlıq Qarabağdakı kişilərə, qadınlara və uşaqlara çox ehtiyac duyulan humanitar ləvazimatların keçirilməsinə imkan yaratmaq üçün Laçın və Ağdam marşrutlarının dərhal və eyni vaxtda açılması çağırışımızı təkrar edirik. Biz liderləri, Dövlət katibinin öz çağırışlarında etdiyi kimi, gərginliyi artıran və ya bu məqsəddən yayındıran hər hansı hərəkətlərə yol verməməyə çağırırıq. Onu da deyim ki, bundan əlavə, biz Dağlıq Qarabağda marşrutların açılmasının və tərəflər arasında dialoqun aparılmasının zəruriliyini ardıcıl olaraq vurğulamışıq. Dağlıq Qarabağın bu proses üçün etibarlı nümayəndələrinin olması vacib olsa da, əvvəllər dediyimiz kimi, biz Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımırıq və buna görə də son bir neçə gündə elan edilən qondarma prezident seçkilərinin nəticələrini tanımırıq,” o, qeyd edib.

Miller bildirib ki, Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanın həll edilməmiş məsələləri birbaşa dialoq yolu ilə həll etmək səylərini qətiyyətlə dəstəkləməkdə davam edəcək.

“Dövlət katibi Blinken və Qafqaz danışıqları üzrə baş məsləhətçi Lou Bono bununla ardıcıl olaraq məşğul olub və biz bundan sonra da məsələ ilə bağlı davamlı şəkildə məşğul olacağıq,” mətbuat katibi qeyd edib.

Ermənistanda ilk dəfə ABŞ-Ermənistan hərbi təlimi keçirilməsinin Azərbaycanın potensial hücumunun qarşısını almaq üçün nəzərdə tutulması ilə bağlı sualın cavabında Miller deyib: “Xeyr, heç də yox. Biz mütəmadi olaraq hazırlığımızı saxlamaq üçün partnyorlarımızla birgə təlim keçirir, fəaliyyət göstəririk və silahlı qüvvələrimiz arasında qarşılıqlı əlaqəni davamlı olaraq təkmilləşdiririk. Ermənistan ABŞ-ın uzunmüddətli tərəfdaşıdır və Müdafiə Nazirliyinin Dövlət Tərəfdaşlığı Proqramının bir hissəsi kimi 2003-cü ildən Kanzas Milli Qvardiyası ilə davamlı əlaqələrə malikdir. Xeyr, bu heç bir şəkildə başqa hadisələrlə əlaqəli olmayan adi bir təlimdir.”

Miller Rusiyanın Ermənistan-ABŞ təlimi ilə bağlı münasibəti barədə sualı cavablandırıb. “Düşünürəm ki, Rusiyanın son illərdə iki qonşusunu işğal etdiyini nəzərə alsaq, o, region ölkələrinə təhlükəsizlik tədbirləri ilə bağlı mühazirələrdən çəkinməlidir,” mətbuat katibi qeyd edib.

Forum

XS
SM
MD
LG