Accessibility links

Rusiya Qızıl Xaç Komitəsinin Qarabağ ermənilərinə göndərdiyi yük avtomobili "gözləmə vəziyyətindədir"


Rusiya Qızıl Xaç Komitəsinin göndərdiyi ərzaq dolu yük avtomobili müvafiq ünvana çatıb və keçid üçün xəbər gözləyir. Bu barədə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev sentyabrın 10-da məlumat verib.

"Dünən Rusiya Qızıl Xaç Komitəsinin ərzaq dolu yük avtomobili Bərdədə təyin olunan ünvana çatıb. Bu gün saat 10-da keçid üçün razılaşma olunmuşdu. Lakin müvafiq texniki səbəblərə görə hələ də keçid baş tutmayıb. Bununla bağlı biz də gözləmə mövqeyindəyik", Mirzəyev qeyd edib.

Bir gün öncə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Qarabağın erməni sakinlərinə Rusiyadan ərzaq yardımı aldıqdan sonra Laçın yolunun açılacağı ilə bağlı razılıq əldə edilməsi barədə açıqlamalara münasibət bildirərkən deyib ki, Rusiya yüklərinin Qarabağa göndərilməsi Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının eyni vaxtda açılmasına dair təklif olunan sazişlərlə bağlı deyil.

“Sabah (10 sentyabr) Rusiyanın təşəbbüsü ilə Rusiya Qızıl Xaç Komitəsinin ərzaq yükləri Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə razılaşdırılaraq Ağdam-Əsgəran yolu ilə Xankəndi istiqamətində hərəkət edəcək. Bu, ayrıca sövdələşmədir və BQXK-nın (Beynəlxalq Qızıl Xaç Komitəsi) mallarının çatdırılması üçün Ağdam-Xankəndi və Laçın-Xankəndi yolunun eyni vaxtda açılması təklifi ilə qarışdırılmamalıdır. Belə ki, Azərbaycan sentyabrın 1-də xoş niyyət jesti olaraq Ağdam-Xankəndi və Laçın-Xankəndi yolunun eyni vaxtda açılmasını təmin etməyə razılıq verdi. Lakin qanunsuz rejim bundan imtina etdi”, Hacıyev X (keçmiş twitter) sosial platformasında yazıb.

Eyni zamanda o, Laçın sərhəd-keçid məntəqəsində “Azərbaycanın gömrük və sərhəd nəzarəti rejimi”nin fəaliyyət göstərəcəyini vurğulayıb.

ABŞ Dövlət katibi Antoni Blinken sentyabrın 10-da “Dağlıq Qarabağda humanitar yardıma kəskin ehtiyac” adlı bəyanatınatla çıxış edib.

“ABŞ Dağlıq Qarabağda humanitar vəziyyətin sürətlə pisləşməsindən dərin narahatdır. Humanitar yüklərin həm Laçın, həm də Ağdam marşrutlarının yaxınlığında yerləşdirildiyini qeyd edirik və biz Dağlıq Qarabağdakı kişilərə, qadınlara və uşaqlara çox ehtiyac duyulan humanitar ləvazimatların keçməsinə imkan yaratmaq üçün hər iki dəhlizin dərhal və eyni vaxtda açılmasına çağırışımızı təkrar edirik”.

Dövlət katibi bildirir ki, ABŞ həmçinin liderləri gərginliyi artıran və ya bu məqsəddən yayındıran hər hansı addım atmamağa çağırır.

Azərbaycan iyun ayının 15-də Laçın sərhəd məntəqəsində baş verən silahlı insidentdən sonra Beynəlxalq Qızıl Xaç Komitəsinə Laçın yolu ilə tibbi təxliyələrin davam etdirilə biləcəyini bildirib, humanitar yardımların isə Ağdam-Xankəndi yolu vasitəsilə çatdırılmasını təklif edib.

Buna cavab olaraq Qarabağ ermənilərinin təmsilçiləri Ağdamdan Xankəndinə gedən yolu bağlayaraq, Azərbaycandan gələn humanitar yükləri qəbul etməyəcəklərini bildirib.

Bununla yanaşı, sentyabrın 9-da Rusiya Qızıl Xaç Komitəsinin Qarabağın erməni icmasına göndərdiyi humanitar yük də hələ erməni sakinlər tərəfindən qəbul edilməyib.

Beynəlxalq Qızıl Xaç Komitəsi avqustun 18-də məlumat yayaraq Qarabağdakı erməni əhaliyə tibbi ləvazimatların ən son tədarükünün iyulun 7-də, ən son qida tədarükünün isə iyunun 14-də baş tutduğunu bildirib və humanitar yardımların çatdırılmasını bərpa etmək üçün tərəfləri razılığa gəlməyə çağırıb.

Forum

XS
SM
MD
LG