Accessibility links

ABŞ regiondakı durumla bağlı Azərbaycan və Ermənistanla müzakirələr aparıb


US-POLITICS-GOVERNMENT-STATE
US-POLITICS-GOVERNMENT-STATE

Sentyabrın 9-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim, Ermənistan Baş naziri Nikol Paşinyan ilə ABŞ Dövlət katibi Antoni Blinken regiondakı gərgin durumu telefon danışığı zamanı müzakirə edib.

Azərbaycan Xarici İşlər Nazirliynin məlumatında deyilir ki, nazir Ceyhun Bayramov Ermənistanın və onun tərəfindən Azərbaycan ərazilərində yaradılmış “qondarma rejimin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı artan təxribatlarının, öhdəliklərə zidd olaraq Azərbaycan ərazilərindən hələ də çıxarılmamış erməni silahlı qüvvələrinin bölgədə sülh və təhlükəsizliyə əsas təhdid olduğunu diqqətə çatdırıb”.

“Azərbaycanın Qarabağ bölgəsində qondarma rejimin 9 sentyabr tarixində “prezident seçkiləri” adı altında apardığı qanunsuz fəaliyyətin Azərbaycan Konstitusiyası, qanunları və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozuntusu olduğu, bu addımın bölgədə normallaşma və erməni sakinlərin Azərbaycanın konstitusion çərçivəsinə reinteqrasiya edilməsi səylərinə ciddi zərbə vurduğu bildirilib. Erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasının zəruri olduğu nazir tərəfindən vurğulanıb”, Xarici Işlər Nazirliyi bildirir.

Nazir beynəlxalq hüquqdan irəli gələn öhdəliklərə uyğun olaraq, ABŞ-ı Azərbaycan ərazisində “seçki adı altında aparılan bu qanunsuz fəaliyyəti” qətiyyətlə pisləməyə çağırıb.

Ermənistan hökumətinin Baş nazir Nikol Paşinyanla ABŞ Dövlət katibi Antoni Blinken arasında telefon danışığı barədə məlumatında deyilir ki, tərəflər “Laçın dəhlizinin qanunsuz bağlanması nəticəsində Dağlıq Qarabağda dərinləşən humanitar böhrana, Azərbaycan qoşunlarının Dağlıq Qarabağ ətrafında cəmləşməsinə, o cümlədən Ermənistan-Azərbaycan dövlət sərhədində gərginliyin artması tendensiyalarına” toxunublar.

Baş nazir Paşinyan 6 oktyabr 2022-ci ildə Praqada və 2023-cü il mayın 14-də Brüsseldə əldə olunmuş razılaşmalar əsasında bütün məsələlərin müstəsna olaraq diplomatik vasitələrlə və konstruktiv atmosferdə həllinə sadiqliyini bir daha təsdiqləyib.

Antoni Blinken bütün məsələlərin dialoq və dinc diplomatik vasitələrlə həllinin vacibliyini vurğulayaraq, ABŞ-ın bu istiqamətdə fəal səylərini davam etdirəcəyini qeyd edib.

“Ermənistanın baş naziri və ABŞ dövlət katibi vəziyyətin gərginləşməsini qəbuledilməz hesab edərək, regionda sülh və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıblar.

Nikol Paşinyan bu məqsədlə Azərbaycan prezidenti ilə təcili müzakirələr aparmağa hazır olduğunu vurğulayıb”, məlumatda qeyd edilir.

Xatırladaq ki, bundan öncə, sentyabrın 7-də ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla telefonda danışıb. Söhbətin başlıca mövzusu Qarabağdakı mövcud durum və Ermənistan-Azərbaycan münasibətlərindəki gərginlik olub.

Sentyabrın 1-də isə ABŞ Dövlət Katibi Antoni Blinken və Azərbaycan Prezidenti İlham Əliyevin telefon danışığı zamanı da sülh prosesi və humanitar durum müzakirə edilib.

Azərbaycan iyun ayının 15-də Laçın sərhəd məntəqəsində baş verən silahlı insidentdən sonra Beynəlxalq Qızıl Xaç Komitəsinə Laçın yolu ilə tibbi təxliyələrin davam etdirilə biləcəyini bildirib, humanitar yardımların isə Ağdam-Xankəndi yolu vasitəsilə çatdırılmasını təklif edib.

Buna cavab olaraq Qarabağ ermənilərinin təmsilçiləri isə Ağdamdan Xankəndinə gedən yolu bağlayaraq, Azərbaycandan gələcək humanitar yükləri qəbul etməyəcəklərini bildirib.

Bundan sonra Azərbaycan Ermənistanın 26 iyulda göndərdiyi humanitar yük avtomobillərinin icazə alınmadan göndərildiyini deyərək, Laçın sərhəd buraxılış məntəqəsindən keçidinə icazə verməyib.

BQXK avqustun 18-i məlumat yayaraq Qarabağdakı erməni əhaliyə tibbi ləvazimatların ən son tədarükünün iyulun 7-də, ən son qida tədarükünün isə iyunun 14-də baş tutduğunu bildirib və humanitar yardımların çatdırılmasını bərpa etmək üçün tərəfləri razılığa gəlməyə çağırıb.

Avqustun 29-u Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağdakı erməni sakinlərə Ağdam-Xankəndi marşrutu ilə apardığı 40 ton un məmulatlarından ibarət humanitar yardım Qarabağın erməni təmsilçiləri tərəfindən qəbul edilməyib.

Forum

XS
SM
MD
LG