Accessibility links

Azərbaycan Qarabağın ermənilər yaşayan hissəsində keçirilən seçkiləri qanun pozuntusu kimi qiymətləndirir


Azərbaycan Xarici İşlər Nazirliyi
Azərbaycan Xarici İşlər Nazirliyi

Azərbaycanın Qarabağ bölgəsinin ermənilər yaşayan hissəsində “prezident seçkiləri” keçirilməsi Azərbaycan tərəfindən qəbul edilmir və ölkə qanunvericiliyinin pozulması kimi qiymətləndirilir.

Ermənistan mediasının məlumatına görə, sentyabrın 9-da Samvel Şahramanyan “Artsax (Qarabağ) Respublikasının prezidenti” seçilib.

“Sentyabrın 9-da “Artsax Respublikası Milli Assambleyası”nın növbədənkənar sessiyasında 23 deputat iştirak edib. Gizli səsvermədə 23 deputatdan 22-si Samvel Şaxramanyanın lehinə səs verib”, məlumatda qeyd edilir.

Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın işğalı nəticəsində yaradılmış "qondarma rejimin prezident seçkiləri” adı altında apardığı qanunsuz fəaliyyət Azərbaycan Konstitusiyası, qanunları və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır.

“Azərbaycan Respublikası ərazisində siyasi iradənin seçki vasitəsilə ifadəsinin legitim əsasını yalnız Azərbaycan Konstitusiyası və qanunları təşkil edir. Azərbaycan ərazilərində yaradılmış qondarma separatçı rejim 30 ilə yaxın müddətdə davam etmiş təcavüz və etnik təmizləmə siyasətinin nəticəsidir. Azərbaycanın suveren ərazilərində yaradılmış və Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi sayəsində mövcudluğunu davam etdirməyə çalışan bu rejim tərəfindən atılan addımların heç bir qanuni qüvvəsi yoxdur. Qeyd edilən addım Ermənistanın son dövrdə xüsusilə kəskinləşən təxribatçı və təhrikedici fəaliyyətinin daha bir elementi olmaqla, bölgədə normallaşma və etnik erməni sakinlərin Azərbaycanın konstitusion çərçivəsinə reinteqrasiya edilməsi səylərinə ciddi zərbədir”, sənəddə qeyd edilir.

Xarici İşlər Nazirliyi bölgədəki son duruma işarə edərək bildirir ki, Ermənistanın Azərbaycanın öz suveren ərazisində yaşayan etnik ermənilər ilə dialoquna maneə olması “Azərbaycanın daxili işlərinə kobud müdaxilə, ölkənin suverenliyi və ərazi bütövlüyünə qarşı qəsddir”.

“Azərbaycan Respublikası beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə qarşı törədilən təhdidlərin qarşısını qətiyyətlə alacaqdır.

Bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır”, bəyanatda qeyd edilir.

Öz növbəsində, Ermənistan Xarici İşlər Nazirliyi danışıqları davam etdirməyə hazır olması ilə bağlı bəyanat yayıb.

"Ermənistan Azərbaycanla bağlı bütün məsələlərin yalnız siyasi və diplomatik yollarla həllinə sadiq qalmaqda davam edir. Müvafiq olaraq, Ermənistanın təxribatlar hazırlaması ilə bağlı bəyanatlar tamamilə əsassızdır. Ermənistanın vəziyyəti gərginləşdirmək niyyəti yoxdur, əksinə, biz əvvəllər təklif etdiyimiz deeskalasiya mexanizmlərini müzakirə etmək üçün açıq qalırıq. Bölgədə sabitlikdə maraqlı olan bütün tərəfdaşların diqqətini Ermənistanın Azərbaycanla müzakirələrə ən qısa zamanda davam etməyə hazır olmasına dəvət edirik", sənəddə qeyd edilir.

Forum

XS
SM
MD
LG