Accessibility links

Vedant Patel: Laçın dəhlizinin dərhal açılması ilə bağlı çağırışımızı təkrar edirik


Vedant Patel (Mənbə: Dövlət Departamenti)
Vedant Patel (Mənbə: Dövlət Departamenti)

"Biz ərzaq, dərman və digər zəruri malların əngəlləməsinin davam etməsi nəticəsində Dağlıq Qarabağda humanitar vəziyyətin pisləşməsindən çox narahatıq".

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel sentyabrın 5-də ənənəvi birifinqdə Turan Agentliyinin sualının cavabında bildirib.

"Son bir neçə həftə ərzində Vaşinqton tərəflərlə "fasiləsiz" iş aparıb ki, humanitar yardım Dağlıq Qarabağ əhalisinə çatsın. Laçın dəhlizinin humanitar, ticarət və sərnişin daşımaları üçün dərhal yenidən açılması ilə bağlı çağırışımızı təkrar edirik", o deyib.

Bu deyilənlərlə bağlı Azərbaycan tərəfi hələlik rəsmi şərh verməyib.

Bu yaxınlarda ABŞ Dövlət Departmanetin sözçüsü Metyu Miller Qarabağda humanitar vəziyyətlə bağlı "dərin narahatlıq" ifadə edib.

"Biz ləyaqətli yaşayış üçün zəruri olan ərzaq, dərman və digər malların davamlı blokadası nəticəsində Dağlıq Qarabağda humanitar şəraitin pisləşməsindən dərin narahatıq. Birləşmiş Ştatlar humanitar yardımın Dağlıq Qarabağ əhalisinə çatması üçün son bir neçə həftə ərzində tərəflərlə davamlı işləyib. Biz Laçın dəhlizini təcili olaraq humanitar, ticarət və sərnişin daşınması üçün yenidən açmaq çağırışımızı təkrar edirik", Dövlət Departamenti sözçüsünün bəyanatında qeyd edilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Metyu Millerin bəyanatına cavab olaraq bildirib ki, bölgədə blokada olması iddiaları qəbuledilməzdir və yaranmış vəziyyət humanitar deyil, siyasi xarakter daşıyır.

"Azərbaycanın erməni sakinlərin reinteqrasiyası, Qarabağ bölgəsinə humanitar yüklərin müxtəlif marşrutlarla çatdırılması, həmçinin Azərbaycanın xüsusi nümayəndəsi ilə yerli erməni sakinlərin nümayəndələri arasında görüşün təşkili ilə bağlı Azərbaycanın erməni sakinləri dəfələrlə görüşə dəvət etməsi, bu istiqamətdə görüşlərin təşkili ilə bağlı əldə olunmuş razılıqlardan Ermənistan tərəfinin öz qondarma rejimi vasitəsilə qeyri-qanuni şərtlər və müxtəlif bəhanələr irəli sürməklə boyun qaçırması ABŞ tərəfinə yaxşı məlumdur", Hacızadə qeyd edib.

Azərbaycan hökumətinin əvvəllər Ermənistanın Qarabağa təmas xətti olan Laçın yolunda sərhəd buraxılış məntəqəsi qurmasından sonra rəsmi Yerevan və Qarabağ erməniləri regionun blokadaya düşdüyünü və ərazidə humanitar böhran yarandığını bildiriblər. Onların sözlərinə görə, Ermənistandan gələn yüklərin əraziyə buraxılmaması Qarabağda ərzaq və dərman çatışmazlığına yol açıb.

Azərbaycan hökuməti Laçın yolunda sərhəd buraxılış məntəqəsinin qurulmasını özünün suveren hüququ kimi dəyərləndirib və erməni tərəfini əvvəllər yoldan sui-istifadə edərək əraziyə minalar, hərbi heyət və silah daşımaqda günahlandırıb.

Azərbaycan Qarabağ ermənilərinin ehtiyaclarının ödənməsinə hazır olduğnu və bu məqsədlə Ağdam-Xankəndi yolundan istifadə olunmasını təklif edir.

Bu təklif və Azərbaycanın humanitar yardımı Qarabağ erməniləri tərəfindən qəbul edilmir.

Forum

XS
SM
MD
LG