Accessibility links

Almaniya Qarabağdakı vəziyyətin həlli üçün Azərbaycan və Rusiyaya çağırış edib


Annalena Berbok
Annalena Berbok

Almaniyanın xarici işlər naziri Annalena Berbok Qarabağda humanitar vəziyyətlə bağlı narahatlıq ifadə edib.

Avropa İttifaqı Xarici İşlər Şurasının toplantısına qatılmaq üçün İspaniyanın Toledo şəhərində olan almaniyalı nazir ötən gün mətbuata açıqlamasında məsələnin həlli üçün Azərbaycan və Rusiyaya çağırış edib.

“Oradakı insanların vəziyyəti fəlakətlidir. Supermarketlərdə ərzaq yoxdu, hamilə qadınlar ehtiyacları olan dərmanları tapa bilmirlər. Elektrik enerjisi yalnız arabir verilir. Ona görə də biz həm Azərbaycana, həm də Rusiyaya müraciət edirik: insanlar nəhayət ehtiyac duyduqları təchizatı əldə etməlidirlər”, Berbok vurğulayıb.

Almaniyalı nazir eyni zamanda məsələnin həlli üçün amerikalı tərəfdaşları ilə müzakirələr apardıqlarını əlavə edib.

“Biz günlərdir amerikalı dostlarımız və tərəfdaşlarımızla təmasdayıq və humanitar yardımın nəhayət Dağlıq Qarabağ əhalisinə çatmasını təmin etmək üçün çoxsaylı müzakirələr aparırıq”, Berbok qeyd edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə almaniyalı nazirin fikirlərinə münasibət bildirərək qeyd edib ki, humanitar vəziyyətlə bağlı qeyd edilənlər “Ermənistanın yanlış təbliğatının məhsuldur”.

“Azərbaycan artıq Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərə yaşamaq üçün lazım zəruri ehtiyacları təklif edib. Azərbaycanın xoşməramlılığının dəfələrlə rədd edilməsi onu göstərir ki, səslənən bütün iddiaların heç bir əsası yoxdur”, Hacızadə vurğulayıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller cümə axşamı yaydığı bəyanatda Qarabağda humanitar vəziyyətin pisləşməsində narahatlıq ifadə edib və rəsmi Bakı ilə Qarabağ ermənilərinin nümayəndələrini razılığa gəlməyə çağırıb.

“Bakıdan olan rəsmilər və Stepanakertdən (Xankəndi) olan nümayəndələr təxirə salınmadan bir araya gələrək Dağlıq Qarabağa zəruri ərzaqların daşınması yolları, o cümlədən əlavə təchizat marşrutları barədə razılığa gəlməli və bütün həlledici məsələlər üzrə müzakirələri davam etdirməlidirlər. Zəruri humanitar yardım heç vaxt siyasi fikir ayrılıqlarının girovuna çevrilməməlidir”, Dövlət Departmentinin bəyanatında qeyd edilib.

Azərbaycan iyun ayının 15-də Laçın sərhəd məntəqəsində baş verən silahlı insidentdən sonra Beynəlxalq Qızıl Xaç Komitəsinə Laçın yolu ilə tibbi təxliyələrin davam etdirilə biləcəyini bildirib, humanitar yardımların isə Ağdam-Xankəndi yolu vasitəsilə çatdırılmasını təklif edib.

Buna cavab olaraq Qarabağ ermənilərinin təmsilçiləri isə Ağdamdan Xankəndinə gedən yolu bağlayaraq Azərbaycandan gələcək humanitar yükləri qəbul etməyəcəklərini bildirib.

Bundan sonra Azərbaycan Ermənistanın 26 iyulda göndərdiyi humanitar yük avtomobillərinin icazə alınmadan göndərildiyini deyərək, Laçın sərhəd buraxılış məntəqəsindən keçidinə icazə verməyib.

Avqustun 29-u Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağdakı erməni sakinlərə Ağdam-Xankəndi marşrutu ilə apardığı 40 ton un məmulatlarından ibarət humanitar yardım Qarabağın erməni təmsilçiləri tərəfindən qəbul edilməyib. Azərbaycan Prezidentinin müşaviri Hikmət Hacıyev yolun açılmamasına səbəb olaraq Ermənistan və Qarabağ ermənilərinin rəhbərliynin "siyasi manipulyasiyalarını" göstərib.

Digər tərəfdən Azərbaycan avqustun 30-u Paris şəhərinin merinin başçılıq etdiyi humanitar yardım konvoyunu Laçın sərhəd məntəqəsindən buraxmayıb.

Ermənistan baş naziri Nikol Paşinyan Fransadan humanitar konvoyun buraxılmaması ilə bağlı şərhində qeyd edib ki, “yüklərin daşınmasının qarşısının alınması Azərbaycanın Qarabağda humanitar böhranı bir daha dərinləşdirməyə yönəlmiş siyasətinə dəlalət edir”.

Rəsmi Bakı isə məsələ ilə bağlı Fransaya etiraz notası təqdim edərək bu addımın "Azərbaycanın daxili işlərinə birbaşa müdaxilə olmaqla yanaşı, ölkəmizin beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı qəsd olduğunu" vurğulayıb.

BQXK-in 18 avqust tarixində yaydığı məlumata görə, Qarabağdakı erməni əhaliyə tibbi ləvazimatların ən son tədarükünün iyulun 7-də, ən son qida tədarükünün isə iyunun 14-də baş tutduğunu bildirib və humanitar yardımların çatdırılmasını bərpa etmək üçün tərəfləri razılığa gəlməyə çağırıb.

Forum

XS
SM
MD
LG